PDF Oxu

Siyasət

  • 34

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

SƏBAİL

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq, Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi haqqında geniş məlumat verərək, qeyd etdi ki, sentyabrın 26-da ölkəmizdə referendum keçiriləcək. O, qadınların cəmiiyyətdə rolundan danışaraq, bildirdi ki, bu gün Səbail rayonu üzrə 44 min nəfər seçicinin 20739 nəfəri qadınlardır: "Rayon təşkilatının şura üzvlərinin 205 nəfəri, idarə heyətinin isə 35 nəfəri qadınlardır. Bu faktlar bir daha onu göstərir ki, qadınlarımız biz kişilərdən heç də geri qalmır". Ş.Hacıyev onu da vurğulayıb ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: "Ölkəmizin sürətli inkişafı, eləcə də beynəlxalq aləmə inteqrasiyası indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır. Azərbaycanın hazırkı mövcud reallıqları konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib. Məhz bu baxımdan da, bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. İnanıram ki, Səbail rayonunun seçiciləri, o cümlədən, qadınlarımız bu işdə aktiv olub, öz gələcəklərinə səs verəcəklər". Rayon təşkilatının sədri onu da vurğuladı ki, Azərbaycanda sonuncu referendum 7 il əvvələ təsadüf edir: "Məhz ötən 7 ildə ölkəmiz uğurla inkişaf edərək, dünya dövlətləri içərisində özünəməxsus yerini qazanıb. Bu gün müstəqil Azərbaycan inkişafının elə bir mərhələsindədir ki, konstitusiyada bir sıra dəyişikliklərin edilməsi zərurətə çevrilib. Ona görə də, hesab edirəm ki, dövlətin apardığı məqsədyönlü siyasəti dəstəkləyən hər bir vətəndaşımız, o cümlədən, qadınlarımız bu dəfə də tərəqqiyə və inkişafa səs verəcək".

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin taleyini müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan, konstitusiyaya təklif edilən dəyişikliklərin əksəriyyəti, məhz insan haqlarının qorunmasına həsr edilib. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verilməsinin əsas göstəricisidir". T.Kərimova onu da vurğulayıb ki, özlərini müxalifət adlandıran bəzi siyasətbazlar bu amildən öz şəxsi məqsədləri üçün istifadə edib səs-küy qaldırır, əsassız bəyanatlar səsləndirirlər: "Bu, anlaşılmazdır. Diqqət yetirin, artıq bir neçə gündür ki, müxalifətin ənənəvi, yaxud da radikal adlandırılan qanadı, xüsusilə, qeyri-milli fəaliyyəti ilə tanınan "Milli Şura" və AXCP rəhbərliyi sosial şəbəkələrdə kimlərinsə sifarişlərini icra edərək, referendum layihəsinə qarşı qərəzli fikirlər səsləndirir, hətta "xalq hərəkatına" başlayacaqlarını iddia edirlər. Ancaq bütün bunlara baxmayaraq, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumda da qadınlarımız öz mövqeyini, gücünü ortaya qoyaraq, "Həmrəy olaq, HƏ deyək!" devizini dəstəkləyəcəklər".

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hər bir kəsi Referendum Aktı layihəsinin həyata keçməsində fəal olmağa çağırdı: "Bu gün Azərbaycan vətəndaşlarının dünyagörüşü 20 il bundan öncəki ilə müqayisədə kəskin şəkildə dəyişib. Bu da, əlbəttə, ideologiyamızın, ölkəmizin inkişafından irəli gələn məsələdir. Sovetlər Birliyindən ayrıldıqdan sonra Azərbaycan xalqı üçün yeni qapılar açılıb. Yeni qanunların qəbulu ilə yanaşı, konstitusiyamıza dəyişikliklər də edilib. Ölkəmiz inkişaf etdikcə, bu dəyişikliklərə daha çox zərurət yaranır". S.Qəhrəmanova onu da vurğulayıb ki, Azərbaycan xalqı referendumda iştirak etməklə, özünün və gələcək nəsillərin gələcəyini müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişikliklər zamanın və bu günün tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan, konstitusiyaya təklif edilən dəyişikliklərin əksəriyyəti məhz insan haqlarının qorunmasına həsr edilib. Biz buna çox sevindirik. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verildiyinin əsas göstəricisidir. İnanırıq ki, bu seçkilərdə də qadınlarımız birlik nümayiş etdirəcək".

Daha sonra çıxış edən seçicilər təklif olunan əlavə dəyişiklikləri dəstəklədiklərini dilə gətirərək, seçkidə fəal iştirak edəcəklərini vurğuladılar.

XIZI

Dünən 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Xızı rayonunda seçicilərlə görüş keçirilib.

Görüşü Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev açaraq, bildirib ki, konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bu sənədin qəbulu, həmçinin, vətəndaş-məmur münasibətlərində olan problemləri aradan qaldırmaqla yanaşı, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək. Referendum aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulur. Xızılıları səsvermədə aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qazetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, təklif edilən əlavə və dəyişikliklər milli dövlət təhlükəsizliyimizin təminatında, eləcə də sabitliyin qorunmasında böyük əhəmiyyət kəsb edəcək: "Referendum Aktı layihəsində milli təhlükəsizlik məsələlərinin yer alması milli dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bütün seçiciləri sentyabrın 26-da məntəqələrə gəlib, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə səs verməyə dəvət edirəm".

Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov bildirib ki, sentyabrın 26-da ölkəmizdə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendumun keçirilməsi zamanın tələbindən irəli gələrək, eyni zamanda, bir sıra mühüm hüquqi normalara uyğunlaşdırmaq məqsədi daşıyır: "Təklif olunan əlavə və dəyişikliklərlə tanış olduqda, məlum olur ki, sənəddə nəzərdə tutulan müddəaların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Bu baxımdan, xalqımız öz gələcəyi naminə səsvermədə fəal iştirak edib, sənədi dəstəkləməlidir".

Bakı Dövlət Unversitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, hüquq elimlər doktoru Əfsər Sadıqov təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını,ümumxalq səsverməsi-referenduma çıxarılan müddəaların hər biri xalqımızın gələcəkdə daha da yaxşı yaşamasına xidmət edəcəyini qeyd ediblər.

Görüşdə çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini bildiriblər.

ZAQATALA

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Zaqatala rayonunda qadın seçicilərlə görüş keçirib. 200 nəfərin iştirak etdiyi tədbiri açan Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov iştirakçılara konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verərək, bildirib ki, ölkəmizdə referendumun keçirilməsi zərurətdən irəli gələn məsələdir: "Bu maddələr insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə xidmət edir. Bu baxımdan, Zaqatala seçicilərini səsverməyə çağırıram. Hər birimiz aktiv olub referenduma "HƏ" deyək".

Görüşdə daha sonra çıxış edən YAP rayon təşkilatının qadınlar şurasının sədri Vəfa Süleymanova bildirib ki, təklif olunan əlavə və dəyişikliklər gələcək inkişafımız üçün çox önəmlidir.

Görüşdə çıxış edən millət vəkili Kamilə Əliyeva bildirib ki, Azərbaycan gündən-günə inkişaf edir: "Biz bu inkişafın davamlı olması üçün sentyabrın 26-da məntəqələrə gələrək, Referendum Aktına "HƏ" deməliyik. Sentyabrın 26-da gələcək müqəddəratımız həll olunacaq. Biz bundan kənarda qala bilmərik".

Daha sonra görüş iştirakçıları çıxış ediblər. Onlar 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, bu dəyişikliklərin hər bir maddəsinə "HƏ" deyəcəklərini bildiriblər.

Günün ikinci hissəsində Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zaqatala rayon şöbəsi rayonun Muxax kəndində seçicilərlə görüş keçirib. Kənd stadionunda baş tutan görüşə 500 seçici qatılıb.

Tədbiri açan Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri H.Qurbanov açaraq, sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-referendumla əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı geniş məlumat verib. O bildirib ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zərurətdən yaranıb: "Orada nəzərdə tutulan bütün müddəalar insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə xidmət edir. Hesab edirəm ki, dəyərli seçicilərimiz bu məqamları nəzərə alaraq, səsvermə günü aktiv olub, öz gələcək inkişafına "HƏ" deyəcək".

Çıxış edən millət vəkili Kamilə Əliyeva Referendum Aktının əhəmiyyətindən danışıb: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ölkəmizin inkişafı ilə yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcək. Xalqımız dövlətimizin inkişafı ilə yanaşı, öz işıqlı gələcəyinə səs verəcək. Hər kəsi sentyabrın 26-da səsverməyə dəvət edirəm".

Daha sonra YAP Zaqatala rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Ramin Həsənov, Zaqatala RMX-nın həkimi Rövşən Əhmədov çıxış edərək, təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafına təsirindən söz açıblar.

Görüşdə çıxış edən Muxax kəndinin ziyalıları və ağsaqqalları qeyd ediblər ki, onlar 26 sentyabr tarixində kütləvi şəkildə seçki məntəqələrinə gedərək, təklif olunan bu dəyişikliklərin hər bir maddəsinə "HƏ" deyəcəklər.

QAX

Dünən Qax şəhərində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd etdi ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasına 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulur: "Azərbaycanda son 5 ildə qazanılan uğurlar, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici və daxili siyasət, demokratiya sahəsindəki uğurlarımız təklif olunan əlavə və dəyişiklikləri labüd etmişdir".

Görüşdə Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək, konstitusiyamızda nəzərdə tutulan dəyişikliklər barədə geniş məlumat verib. A.Kərimli qeyd edib ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər xalqımızın hüquq və azadlıqlarının qorunmasına, dövlət strukturlarının daha səmərəli idarə olunmasına, ümumilikdə, Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edəcəkdir: "Əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı səsvermə günü seçki məntəqələrinə gedərək, öz dövlətinin inkişafı və gələcəyi naminə səs verəcək".

Görüşdə çıxış edən seçicilər bildiriblər ki, Qax seçiciləri hər seçkidə olduğu kimi, bu referendumda da dövlətimizin gələcəyinə, vətən və vətəndaşının işıqlı sabahına səs veəcəklər.

Sonda təbliğat-təşviqat qrupunun üzvləri seçiciləri maraqlandıran suallara cavab veriblər.

ŞƏKİ

Dünən Referendum üzrə əlaqədar "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki rayonunda seçicilərlə növbəti görüşü keçirilib. Kiçik Dəhnə 2 saylı orta məktəbin akt zalında baş tutan görüşdə 195 seçici iştirak edib.

Yığıncağı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov açaraq, Azərbaycan seçicilərə konstitusiyada nəzərdə tutulan müvafiq əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. O deyib ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir: "Referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı, bilavastə, bizim hüquq və azadlığımızın mükəmməlləşməsinə xidmət edir. Bu baxımdan bütün seçiciləri Referendum Aktına səsverməyə səsləyirəm".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki rayon şöbəsinin nümayəndəsi Sədrəddin Babayev söyləyib ki, konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir: "Bundan başqa, sənəddə yer alan müddəalar daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şöbəsinin nümayəndəsi Nuralı Çələbiyev çıxış edərək, konstitusiyaya əlavə və dəyişiklərin əhəmiyyətindən söz açıb.

Sonda Şəki seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gəlib, ölkənin inkişafı naminə səs verəcəklərini qeyd ediblər.

Görüşdə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı seçiciləri maraqlandıran suallar cavablandırılıb.

MASALLI

Dünən Masallı rayon Mədəniyyət Evində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsinin sədri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Masallı rayonunda 26 sentyabr referendumu ilə bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "Həmrəy olaq, HƏ deyək!" şüarı altında təşviqat apardığını qeyd edən natiq təklif olunan əlavə və dəyişikliklərin böyük qisminin hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət göstərəcəyini diqqətə çatdırıb. S.Əliyev 29 maddəyə əlavə və dəyişikliklərin nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Bu gün nəzərdə tutulan əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik və effektli şəkildə həyata keçməsinə imkan verəcək. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev bildirib ki, konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsinin nümayəndəsi Qardaş Fətullayev çıxış edərək, bildirib ki, bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək: "Ümumiyyətlə, konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının rifahına xidmət edir. Bunu nəzərə alaraq, hər kəs, eləcə də Masallı seçiciləri ümumxalq səsverməsində də aktiv olmalıdır".

Tədbirdə iştirak edən gənc YAP üzvü Ülvü Rufullayev, Xıl məktəbinin müəllimi Aybəniz Qafarova və digər seçicilər çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini, təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

QOBUSTAN

Dünən Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu Qobustan rayonunda seçicilərəl görüş keçirib. Görüşü Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri MQF-in prezidenti Rauf Zeyni açaraq, 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşəbbüs Qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı məruzə ilə çıxış edən "Qarabağ Araşdırmalar Mərkəzi" İB-nin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov sentyabrın 26-da reallaşacaq Referendum Aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat verib. O bildirib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. Yəni bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək Referendum Aktının 29 maddədən, yəni 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışıb.

Sonda tədbir zamanı iştirakçıların sualları cavablandırılıb.

YEVLAX

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının qərargahında keçirilən görüşü giriş sözü ilə YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev gənclərə konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, xüsusən də, gənclərin maraqlarına uyğundur. Aparat rəhbəri ilk dəfə səs verəcək gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov qeyd edib ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O, diqqətə çatdırıb ki, 26 sentyabrda keçiriləcək referendumda konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. İ.Məmmədov vurğulayıb ki, referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı, bilavasitə, bizim hüquq və azadlığımızın mükəmməlləşməsinə xidmət edir. Buna görə də hər kəs bu referendumda öz münasibətini bildirməlidir.

YAP Yevlax şəhər təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər biz gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz bunu çox yaxşı dərk edərək, gənclər olaraq, həmrəy olub, təklif olunan dəyişikliklərə "HƏ" deyəcəyik". Ümumilikdə, seçkilərdə fəal iştirak edəcəyik".

Görüşdə ilk dəfə səs verəcək gənclərdən Aslan Mirzəyev, Çəmən Bayramova, Maksud Süleymanlı və başqaları çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsi - referendumda yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə HƏ deyəcəklərini bildiriblər.

KÜRDƏMİR

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Kürdəmir rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Şıxımlı kənd klubunun qarşısında seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir: "Məhz bu baxımdan, konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu dəyişikliklər Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək mühüm bir sənəddir". A.Kərimli Kürdəmir rayon seçicilərinin hər zaman fəal olduğunu və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda da məntəqələrə gələrək, Azərbaycanın inkişafı naminə konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə HƏ deməyə səsləyib.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Vüsal Hüseynov çıxış edərək, konstitusiyada əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsinin günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr verəcəyini, ümumxalq səsverməsi-referendumda hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacibliyini vurğulayıb.

Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodika Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov bildirib ki, Azərbaycanın 1995-ci ildə qəbul etdiyi konstitusiyadan indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolundan və bu gün konstitusiyaya əlavə və dəyişiklik etmək zərurətinin labüdlüyündən danışıb: "Bütün seçkilərdə olduğu kimi, budəfəki referendumda da vətəndaşlarımızı onlara yaradılan demokratik mühitdən istifadə edərək, dövlətimizin inkişafı naminə səs verməyə çağırıram".

Çıxış edən kənd sakinləri vurğulayıblar ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri xalq tərəfindən hər zaman dəstəklənir: "Əminəm ki, xalqımız bu dəfə də ölkə başçısının ətrafında sıx birləşib, bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək, seçki məntəqələrinə gəlib konstitusiyada edilən dəyişikliklərə HƏ deyəcək".

ABŞERON

Dünən 26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Abşeron rayonunda təbliğat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev keçiriləcək referendumla bağlı Abşeron rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən B.Vəliyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını deyib.

Sonra Abşeron rayon gənclər və idman idarəsinin rəisi Əsgər Əmirəliyev və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov konstitusiyaya əlavə və dəyişiklər barədə gənclərə ətraflı məlumat verərək, bildiriblər ki, konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılması ilə bağlı məqamlar yer alır.

Tədbirdə çıxış edən Abşeron gəncləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.

NİZAMİ

Dünən Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu 26 sentyabr tarixində Azərbaycan Respublikasında keçiriləcək referendumla əlaqədar Nizami rayonunun Keşlə qəsəbəsində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov referenduma çıxarılan konstitusiyaya əlavələr və dəyişikliklərin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək, qeyd edib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək, Azərbaycan daha bir referenduma gedir. Bu baxımdan da, konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir.

Keşləlilər adından çıxış edən qəsəbədəki məscidin axundu Hacı Sirac Səfərov, YAP Nizami rayon təşkilatının şura üzvü Əkbər Miskinov və başqaları deyiblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışlayır, dəstəyini ifadə edir. Çıxış edənlər əminliklə bildiriblər ki, onlar konstitusiyaya təklif olunan dəyişikliklərə səs verəcəklər.

GƏNCƏ

Dünən Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupunun Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən seçiçilərlə silsilə görüşlər davam edir. Millət vəkilləri, partiya fəallarının, bələdiyyənin səlahiyyətli nümayəndələri, şəhər ictimaiyyətinin, gənclərin iştirak etdiyi növbəti tədbir 3-cü mikrorayonda 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilib. Görüşə 200 nəfərdən çox seçiçi gəlib.

"Bələdiyyə" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Qoşqar Məmmədov giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Ali Qanununa edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti haqqında məlumat verib. O bildirib ki, Referendum Aktında nəzərdə tutulan müddəalar vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Sonra Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev çıxış edərək bildirib ki, ölkəmizin genişvüsətli inkişaf və tərəqqisini 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncənin simasında aydın görmək mümkündür: "Doğma şəhərimiz Gəncə həm iqtisadi uğurları, hər sahədə inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, ümumi görkəminin müasirləşməsi, həm də mədəni səviyyəsinin yüksəlişi ilə qürur doğurur. Dünyaya inteqrasiyasiyası, dost ölkələrlə işgüzar əməkdaşlıq və həmrəylik münasibətləri istiqamətində uğurlu addımlar atır. Bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik kursu, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, Gəncəyə xüsusi qayğısı dayanır. Əminik ki, referendum günü gəncəlilərin bir daha ölkə başçısı İlham Əliyevə inam və rəğbətinin nümayişi olacaq".

Görüşdə millət vəkilləri Naqif Həmzəyev, Musa Quliyev və Pərvin Kərimzadə çıxış edərək, bildiriblər ki, dövlət başçısının konstitutusiyada müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar 26 sentyabrda referendum keçirilməsi təşəbbüsü yüksək hədəflərə yönəlmiş və düşünülmüş müdrik addımdır.

Görüşdə konstitusiyanın 29 maddəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı ətraflı izahatlar aparılıb və seçiciləri maraqlandıran suallar cavablandırılıb.

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər