PDF Oxu

Siyasət

  • 25

Lənkəran sakinləri dəyişikliyə “HƏ” deyəcəklər

Lənkəran sakinləri dəyişikliyə “HƏ” deyəcəklər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Lənkəran rayon şöbəsi 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Girdəni kəndində Lənkəran kənd dairəsinə aid olan seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, seçiciləri salamlayıb.

İlqar Dadaşov Referendumda əlaqədar fikirlərini bölüşüb. O bildirib ki, ölkəmiz hazırda mühüm hadisə ərəfəsindədir: "Konstitusiyaya təklif olunan əlavə və dəyişiklər ölkəmizin gələcək inkişafında böyük əhəmyyətə malik olacaq. Çünki Referendum Aktında yer alan müddəların hər biri dövlətimizin və dövlətçiliyimizn inkişafına istiqamətlənib. Bu baxımdan bütün seçiciləri Referendum Aktını dəstəkləməyə dəvət edirəm".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs"qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qoşulduğu konvensiyalar, həyata keçirdiyi regional layihələr dövlətin Konstitusiyasında müəyyən dəyişikliklərin edilməsini vacib edir: "Həyat yerində durmur. İnsanlar, cəmiyyətlər dəyişir ki, bu da yeni meyarlar ortaya çıxarır. Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin hamısı yeni islahatlara gətirib çıxaracaq, dövlət başçısının həyata keçirdiyi inkişaf proqramları daha çevik, daha effektli şəkildə həyata keçiriləcək. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaq. Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Bundan başqa ölkədə birinci vitse-prezident və vitse-prezidentlik vəzifələrinin təsis edilməsi də olduqca vacibdir".

Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını diqqətə çatdıran B.Quliyev qeyd edib ki, dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranır: "Dünyada siyasi, iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, bu da ölkəmizə təsirsiz ötüşmür. Bu gün Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən inkişafdadır. Ölkənin bütün sahələrində əsaslı şəkildə aparılan islahatlar bunu deməyə əsas verir. Bu mənada, zərurətdən irəli gələrək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi labüd hesab olunur. İnanıram ki, ümumxalq səsverməsində Lənkəran rayonun sakinləri dəyişikliyə, yeniliyə "hə" deyəcəklər".

2002-2009-cu illərdə Azərbaycan Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edildiyini xatırladan səlahiyyətli nümayəndə bildirib ki, bu edilən dəyişikliklərin nəticəsi göz önündədir: "Görün ölkədə nə qədər sosial, iqtisadi layihələr həyata keçirilib. Hər sahədə inkişaf nəzərə çarpır. Bu baxımdan da hesab edirəm ki, inkişaf yenilik tələb edir və bu da özünü dövlətin əsas qanunlarında öz əksini tapmalıdır. Əgər hər hansı bir dövlətin konstitusiyasında dəyişiklik edilirsə, demək inkişafdan irəli gəlir".

Natiq aqrar sahəyə təsir edə biləcək dəyişikliklərlə əlaqədar çıxışına davam edərək deyib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də islahatlar aparılıb və Konstitusiyamızın 13-cü maddəsinə uyğun olaraq mülkiyyətin bir növü olan torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları bərqərar olub: "Son illər aparılan araşdırmalar nəticəsində məlum olub ki, xüsusi mülkiyyətə verilmiş torpaqların bir hissəsi - təxminən 200 min hektar əkin sahəsi uzun müddətdir ki, istifadəsiz saxlanılır. Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük zərbədir. Lakin Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığının təsbit olunması, Torpaq Məcəlləsində təyinatına uyğun istifadə olunmayan torpaqların geri alınmasının xüsusi mülkiyyətə aid edilməməsi bəzi mülkiyyətçilərdə bu məsələyə dair arxayınçılıq və biganəlik yaradıb. Bununla əlaqədar Konstitusiyanın 29-cu maddəsinə "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur" və "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər" məzmununda iki hissə əlavə edilməsi təklif olunur. Bu dəyişikliyin mahiyyəti odur ki, əgər kimsə mülkiyyətindən, o cümlədən torpaqdan cəmiyyətin məqsədləri üçün istifadə etmirsə və ya ondan qanunvericiliyə uyğun başqalarının istifadəsinə şərait yaratmırsa, dövlət həmin mülkiyyəti əvəzini ödəmək şərtilə özgəninkiləşdirə bilər. Bu da insan hüquqlarına ziddiyyət təşkil etmir və dövlətin ali məqsədinə çatmasına imkan yaradır. Mən hər bir seçicini bu seçkilərdə fəal iştirak etməyə, məntəqələrə gedərək öz səslərini verməyə çağırıram".

Daha sonra görüşdə çıxış edən seçicilər səsvermə günü fəal olub, Referendum Aktını dəstəkləyəcəklərini söyləyiblər.

Digər xəbərlər