Dünən AMEA-nın əsas binasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilən "Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri" mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açdı. O, diqqətə çatdırdı ki, konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İrandan da tədqiqatçılar iştirak edirlər.
Akademik Ümummilli Lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edərək, şairin 90 illiyində Heydər Əliyevin imzaladığı Sərəncamın ona dövlət səviyyəsində ehtiramının göstəricisi olduğunu bildirdi. Böyük Öndərimiz Heydər Əliyevin müsahibələrinin birində "Sevdiyiniz şair?" sualına – "Şəhriyar", - deyə cavab verdiyini xatırladan İ.Həbibbəyli Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin, ilk növbədə, onun şeirinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söylədi.
Tədbirdə çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açdı. Bildirdi ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimli Şəhriyar yaradıcılığının zənginliyindən danışdı. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ərdəbil Universitetinin professoru Əhməd Farşfab və başqaları ustad şair Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşdülər.
Konfrans çərçivəsində ustad şairin şeirləri öz ifasında səsləndirildi.
ZÜMRÜD