PDF Oxu

Siyasət

  • 15

Ermənistanda hakimiyyət dəyişikliyi heç nəyi dəyişmir

Ermənistanda hakimiyyət dəyişikliyi heç nəyi dəyişmir

Artur Sakunts: "Fahişələri dəyişməklə fahişəxana dəyişməz, onun gəlirləri olduğu kimi qalacaq"

Bu gün Ermənistanın mövcud siyasi-iqtisadi durumu çox kritikdir. İşğalçı ölkədə iqtisadiyyat çökür. Qlobal böhrandan öncə də Ermənistan iqtisadiyyatı defolt həddinə çatıb. Amma defolt siyasi qərar olduğundandır ki, Ermənistan hakimiyyəti bu qərarı vermir- Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan da bir müddət öncə bildirmişdi ki, Ermənistan iflasa doğru gedir. "Biz heç bir əsas olmadan dövlətin özülünü dağıtmağa başlayırıq. Kimdən və nə qədər borc alırıq, nə üçün alırıq, bu borcları necə yoxlamaq olar? Bizim yaratdığımız o dövləti siz dağıdırsınız".

Bütün bu kritik durumla yanaşı, Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyət dəyişikliyi etməsi, yaranmış vəziyyəti pik nöqtəsinə gətirib çıxarır. Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyanın apardığı siyasət ölkəni bataqlığa sürükləyib. Belə ki, Ermənistanın hərbisində, siyasətində, iqtisadiyyatında da çox böyük gərginliklər yaşanır.

Əgər işğalçı ölkədə baş verənlərə diqqət yetirsək, görərik ki, SSRİ dağıldıqdan sonra 15 respublika özünü müstəqil elan etdi və onlardan biri də Ermənistan idi və adı müstəqil dövlət olsa da, onun iqtisadiyyatı Rusiya tərəfindən idarə olunur, hava məkanı, dövlət sərhədi Rusiya tərəfindən qorunur. 2049-cu ilə qədər ərazisində Rusiyanın 102-ci Gümrü hərbi bazası olacaq.

Qeyd edək ki, sentyabrın 2-3-ü tarixinə Ermənistanda müstəqilliyin 25 illiyini qeyd edə bilməməsi və həmin gün Dağlıq Qarabağa icazəsiz səfər etməsi Sarkisyanın xislətini ortaya qoyur.

Serj Sarkisyanın xisləti

Erməni mətbuatının sözügedən məslə ilə bağlı məlumatında bildirilir ki, Rusiyaya kölə olan Sarkisyan, görünür, dövlət başçısı səviyyəsinə yüksələ bilməyib. Ən maraqlı və maraqlı olduğu qədər də gülünc olan məqam isə, Ermənistan prezidentinin məğlubiyyətini ört-basdır etmək üçün hərbi geyimdə uduzmuş əsgərlərini mükafatlandırması olub. Özü də bunu hərbi paltar geyərək edib. Separatçı və terrorçu olan Sarkisyan hakimiyyəti dövründə olan 8 il ərzində xislətindəki cinayətkarlığı bu gün də qətiyyən dəyişməyib. Elə buna görə də, beynəlxalq qanunları pozan S.Sarkisyan özünün haqlı olduğunu vurğulayır və Azərbaycana qarşı böhtan dolu çıxışlar edir. Ancaq erməni ekspertlər hesab edirlər ki, S.Sarkisyan nə qədər Azərbaycana qarşı böhtanlı çıxış edir-etsin, artıq erməni xalqı bilir ki, bugünkü ağır durumumun günahkarı Sarkisyandır və "Öldü var, döndü yox!" şüarına da əməl edəcək: "Bu kimi səbəblərdən heç bir gücü və şərəfi olmayan separatçı S.Sarkisyan kimiləri prezident olur, hərbi paltar geyir və işğal etdiyi əraziyə əl-qolunu sallayaraq gəlir. Əks-halda, onu Dağlıq Qarabağda həbs etmək Azərbaycan üçün çox asan bir əməliyyat olardı. Erməni prezidenti kölgəsinə sığındığı ədalətsiz böyük dövlətlərin qayğısı və birbaşa mənəvi dəstəyi ilə belə təxribatçı addımlar atır, beynəlxalq hüququn normalarını kobudcasına pozur. Onun söylədikləri hər şey boş və əhəmiyyətsiz məsələlərdir. Əsas olanı Ermənistana ağalıq edənlərin bağlı qapılar arxasında rəsmi Yerevana hansı göstərişləri verməsidir".

Ermənistan prezidentinin növbəti oyunu

Erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, Abramyan özünün vida nitqində erməni cəmiyyətinin hələ də qütbləşmə vəziyyətində qaldığını söyləyib: "Ovik Abramyan bu səbəbdən hökumətin öz fəaliyyətinə davam edə bilməyəcəyini vurğulayaraq, prezidentə yeni hökuməti formalaşdırmağa imkan verilməsi üçün istefaya getdiyini bəyan edib."

Ermənistan mətbuatı yazır ki, Ovik Abramyan Ermənistanda tüğyan edən iqtisadi monopoliya və məmur özbaşınalığının qarşısının alınması üçün deyil, korrupsiya tortundan daha çox pay əldə etmək üçün həyata keçirdiyini bildirir.

Ermənistanın hüquq müdafiəçisi Artur Sakunts onu da bildirir ki, Ovik Abramyanın istefası ilə dəyişən bir şey olmayacaq: "Fahişələri dəyişməklə fahişəxana dəyişməz. Onun gəlirləri olduğu kimi qalacaq", Politoloq Akop Badalyanın fikrincə isə, Ovik Abramyan heç bir işlə yadda qalmayan, texniki baş nazir olub: "Əhalinin ümumi narazılığı fonunda bu cür kadr dəyişikliklərinin həyata keçirilməsi Ermənistan kimi ölkələrdə normal sayılmalıdır."

Bu dəyişiklik Qarabağ münaqişəsinə nə vəd edir?

Erməni politoloqlarının sözlərinə görə, cəmiyyətə maraqlı deyil. Ermənistanın hakim Respublika Partiyası Yerevanın keçmiş meri Karen Karapetyanın baş nazir postuna namizədliyini təsdiqləyib. Ekspertlərin sözlərinə görə, Ovik Abramyanın istefasından sonra hökumətin bütün üzvləri istefa vermiş sayılır və hazırda onlar vəzifələrini müvəqqəti icra edirlər. İddialara görə, xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyan, Gömrük Xidmətinin rəisi Ovik Hovsepyan da vəzifələrindən kənaraşdırılacaq.

"Aykakan jamanak" qəzeti yazır ki, Serj Sarkisyan iqtisadiyyatda baş verən problemlərlə bağlı məsuliyyəti baş nazirin üzərinə atır. Erməni ekspert Susanna Petrosyan "Vestnik Kavkaza" saytında çap olunan məqaləsində yazır ki, Ermənistan hakimiyyəti, həqiqətən, yeni iqtisadi siyasət yürütmək niyyətindədirsə, hər şeydən öncə, yanlış siyasət yürütdüyünü etiraf etməlidir. Hökumət bu dəyişikliklərlə, daha çox, prezidentin milli etimad hökuməti yaradacağı ilə bağlı verdiyi sözə əməl etdiyini sərgiləməyə çalışır. Erməni ekspertlərinə hələ də aydın deyil ki, belə bir hökuməti yaratmaq Sarkisyanın nəyinə lazımdır. Ekspertlərin sözlərinə görə, milli etimad hökuməti müharibə və ya müharibə təhdidi ərəfəsində yaradıla bilər.

Bir məqama da toxunmaq lazımdır ki, bu gün Ermənistanın bir problemi var, o da demokratik və ədalətli seçkinin keçirilməsidir. Yeni hökumət bunu özünün əsas məqsədi etsə, o zaman hər şey ciddi olacaq. Maraqlı məqam odur ki, Yerevan bunu etməyəcək. Normal seçkilər respublikaçıların məqsədi ola bilməz.

Əslində, Ermənistanda son aylar baş verən hadisələr göstərir ki, işğalçı ölkənin siyasi elitasında artıq müəyyən anlaşılmazlıqlar baş verib. Bu proseslərə Qarabağdakı aprel döyüşləri və ermənilərin məğlubiyyəti, eləcə də ölkədəki iqtisadi böhran və iyulda Yerevandakı silahlı qiyam səbəb olub. Nəticədə, ölkədə narazıqların dairəsi genişlənib. Sarkisyan isə diqqəti bu problemlərdən yayındırmaq üçün kadr oyunlarına start verməklə diqqəti Qarabağ münaqişəsindən yayındırır. Çünki Ermənistana Qarabağ təzyiqləri artıb və düşmən müəyyən güzəştlərə getmək məcburiyyətində olduğunu yaxşı bilir və buna görə də Sarkisyan kadr oyunları ilə ictimaiyyəti yüzlərlə problemlərdən yayaındırmağa çalışır.

Zarui Postancyan: "Sarkisyan və onun ətrafındakıların hamısı müttəhimlər skamyasında oturmalı və xalqdan oğurladıqlarını geri qaytarmalıdırlar"

Erməni müxalifətçi deputatı Zarui Postancyan bilditrib ki, hazırkı parlament təcili şəkildə buraxılmalıdır: "Xalqın bütün tələbləri yerinə yetirilərək təkcə parlament yox, hökumət və prezident də istefaya getməlidir. Onların hamısı müttəhimlər skamyasında oturmalı və xalqdan oğurladıqlarını geri qaytarmalıdırlar."

Erməni politoloqdan təlaş: "Sarkisyan əraziləri qaytarmağa məcbur edilir..."

Politoloq Ara Papyan da müxalif deputatın sözlərini təsdiqnləyərək bildirib ki, Sarkisyan hansı oyunlardan çıxsa da, Azərbaycanın işğal elədiyi ərazilərin bir qisminin ilkin mərhələdə azad etməlidir: "Çünki bütün problemlər işğal olununan torpaqlar üsütündə yaranıb. Bu, yenilik deyil, bu, reallıqdır. Biz 1994-cü ildə nəyi əkmişdiksə, Madrid prinsipləri ilə nəyi inkişaf etdirmişdiksə, onu da indi biçirik... Sülh naminə güzəştlər sülhə deyil, dəhşətli müharibəyə gətirəcək. Bizim seçimimiz pislə ən pis arasındadır. Pis - hazırkı vəziyyətdir. Serj Sarkisyanı əraziləri verməyə məcbur edirlər. Ancaq 2008-ci ildə hakimiyyətə gələrkən, o, gözəl bilirdi ki, onu nə gözləyir".

Politoloq Arzu Nağıyev bildirib ki, Sarkisyan rejiminin Qarabağ məsələsində vaxtı çatan güzəştlərdən yayınmaq və vaxt udmaq üçün bu gün müxtəlif yollar və bəhanələr axtarır: "Ermənistan yenə böyük danışıqlardan öncə və Rusiyanın təşəbbüsü ələ aldığı bir ərəfədə müxtəlif hesablanmış gedişlər edir. Bunlardan biri hazırda Ermənistanda milli barışıq hökumətinin qurulması siyasi şou oyundur. Bu oyun da Sarkisyan və onun komandasının hakimiyyətdə qalmasına hesablanıb. Son zamanlar Sarkisyan Dağlıq Qarabağa səfər etməklə sanki öz günahlarını yumaq üçün və verdiyi müstəqillik sözünü yerinə yetirə bilmədiyindən müxtəlif addımlar atır. Əgər bu gün Qarabağ klanı hər hansı bir istiqamətdə addım atarsa da, Dağlıq Qarabağda vaxtilə səhra komandirləri olmuş şəxslər kimi qanun qarşısında cavab verməli olacaqlar. Buna görə də Sarkisyan növbəti seçkilərə qədər, nəyin bahasına olursa-olsun, postunun müddətini uzatmağa can atır. Bəlkə də Sarkisyan problemin həllini istəyir, ancaq sonluğun nə ilə nəticələnəcəyini bildiyindən, bu addımı atmır".

Beləliklə, işğalçı ölkədə baş verən hadisələr onu deməyə əsaas verir ki, Sarkisyan düşdüyü ağır siyasi-iqtisadi böhrandan qurtula bilməyəcək, çünki yolu çoxdan bəlli...

A.SƏMƏDOVA

Digər xəbərlər