PDF Oxu

Siyasət

  • 18

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

XƏTAİ

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun qadınlarla görüşü keçirilib. Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən bəhs edib: "Bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzində olması Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir".

Səlahiyyətli nümayəndə çıxışında onu da əlavə edib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək, Azərbaycan daha bir referenduma gedir.

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Sabunçu rayon şöbəsinin sədri Mehriban Abasquliyeva, YAP Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova, YAP Xətai rayon təşkilatı qadınlar şurasının sədr müavini Könül Əfəndiyeva və başqaları çıxış edərək, Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan vətəndaşları bu dəyişikliklərə yekdilliklə səs verəcəklər, o cümlədən, bütün seçkilərdə fəallıq nümayiş etdirən qadınlar da sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiya İslahatlarına "HƏ" deyəcəklər

SƏBAİL

Bakının Səbail rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti "Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri Səbail rayon seçiciləri ilə növbəti görüş keçiriblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov çıxış edərək Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib: "Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya İslahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrıb 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq".

"İrəli" İctimai Birliyinin sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Mirhəsən Seyidov çıxışında Azərbaycanda Konstitusiya İslahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib. O, çıxışında qeyd edib ki, konstitusiyaya ediləcək dəyişikliklərin böyük əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının gücləndirilməsilə bağlıdır.

Görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.

AĞDAM

Dünnə Ağdam rayonunun Quzanlı qəsəbəsində seçicilərlə görüş keçirilib. YAP Ağdam rayon təşkilatı sədrinin vəzifəsini icra edən Zülfü Qasımov 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verib.

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ölkədəki ictimai-siyasi sabitlikdən danışaraq bildirib ki, referendumun keçirilməsində məqsəd Azərbaycan xalqının rifah halının daha da yüksəldilməsi, ölkəmizin dünyaya daha da sürətli inteqrasiyasını təmin etməkdir: "Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi Azərbaycanın iqtisadi inkişafına yönələn proseslərin çevik istiqamət üzrə daha da sürətlənməsini təmin edəcək. Referendum Aktı idarəçilikdə yeni islahatlara təkan verməklə yanaşı, müasir dövrün çağırışlarının həllini də təmin edəcək. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlılığının təminatı üçün nəzərdə tutulan bu dəyişikliklər gələcək inkişafımızın hədəfləridir".

MM-in deputatı, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Hər birimiz görürük ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf, tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır. Hazırda belə bir zərurət dövrünü yaşayırıq. 2002 və 2009-cu illərdə də konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib. Məhz bu referendumlardan sonra inkişafın yeni mərhələsi başlanıb. Azərbaycan dünyada özünü xeyli dərəcədə tanıda bilib, ölkəmizdə artıq müxtəlif mötəbər beynəlxalq miqyaslı tədbirlər keçirilir. Bunların davamlı olması üçün siz seçicilər 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə "HƏ" deməlisiniz. İnkişafın yolu dəyişməkdən, dəyişməyin hüquqi bazası isə ümumxalq səsverməsindən keçir. Dahi Lider Heydər Əliyev hər zaman xalqına arxalanıb, xalq isə Ulu Öndərə dəstək olub. İnanıram ki, Ağdam seçiciləri Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinə göndərilərək müsbət rəy alan Referendum Aktı layihəsinə "HƏ" deyəcəklər".

Quzanlı bələdiyyəsinin sədri Mehdi Məmmədov isə seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər