Bu gün Azərbaycanda keçiriləcək referendumla bağlı "Yeni Azərbaycan" və "Bələdiyyə" referendum üzrə təşviqat qrupları birlikdə Cəlilabad rayonunun Alar kəndində təbliğat-təşviqat tədbiləri çərçivəsində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Müşaviri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı iştirak ediblər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açıb, referendumla bağlı seçicilərə ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin yüksək sürətlə və hərtərəfli inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin dünya birliyində gedən yeniləşmə dövlət idarə etməsində və cəmiyyətin həyatında mütəmadi olaraq yeni islahatları meydana çıxarır. Azərbaycan respublikası da müstəqillik dövründə məqsədyönlü şəkildə həyata keçirilən ardıcıl və geniş miqyaslı islahatlar sayəsində yüksək inkişaf mərhələsinə gəlib çatıb.
Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün yeni islahatların həyata keçirilməsi zərurəti yaranıb. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin "Azərbaycan Respulikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respulikasının Referendum aktının layihəsini geniş şəkildə cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı dövrdə daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlir. Ölkəmizin rəhbəri tərəfindən irəli sürülmüş bu dəyişikliklər əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsinə və bütün sahələr üzrə çox böyük nailiyyətlərin əldə edilməsinə hədəflənib.
Konstitusiyamıza ediləcək dəyişikliklər insan hüquqları və azadlıqlarının təmin edilməsi, ölkəmizin demoktarik dəyərlərin və vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır.
Mirsüleyman Mirxaslı daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verib və onları referendumda fəal iştirak etməyə, Referenduma "HƏ" deməyə çağırıb.
Sonra Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Müşaviri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov "Azərbaycan Respublikasının Konstitisuyasında dəyişikliklər edimləsi haqqında" Referendum Aktı Layihəsi barədə seçiciləri məlumatlandırıb. O, qeyd edib ki, Referendum Aktının Layihəsinə əsasən Konstitusiyanın 23 maddəsində dəyişiklik, həmçinin 6 yeni maddələrin əlavə edilməsi təklif olunub. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsi, məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, siyasi-hüquqi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi konstitusiya islahatlarının hansı zərurətdən irəli gəldiyini bir daha əyani şəkildə göstərir.
O, həmçinin konstitusiyaya təklif olunan 23 dəyişikliyin 16-nın sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olmasını və onların məzmununu seçicilərə ətraflı izah edib, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı və ölkə prezidenti seçilmək üçün nəzərdə tutulan yaş həddinin 18-ə endirilməsi, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlik institutunun yaradılması, əsassız olaraq hansısa ədalətli qərarın, qanunun və təyinatın reallaşdırılmasına mane olmaq cəhdlərinin qarşısını almaq məqsədi ilə Milli Məclisin buraxılması üçün Azərbyacan Respublikasının Prezidentinə səlahiyyət verilməsi və digər vacib müddəalar haqqında seçiciləri məlumatlandırıb. O, əminliklə bildirib ki, cəlilabadlı seçicilər bütün əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, referenduma "HƏ" deyəcək, bununla da ölkəmizin prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.
Tədbirdə çıxış edən Günəşli kənd 2 saylı orta məktəbin direktoru Kəramət Həsənov, Alar kəndindən ağsaqqal Nurəddin Kərimov, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Həsənağa Əliyev, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev, rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədri Baxış Mustafayev, Təzəkənd kəndindən ağsaqqal Sabir Həsənov, Alar kənd xəstəxanasının baş həkimi Əfrahim Hüseynov, Gülməmmədli kənd orta məktəbinin müəllimi Şahbaz Şahbazov, Alar kənd 1 saylı tam orta məktəbin direktoru Saməddin Kərimov və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bəyan etdilər bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə çağırıblar.
sia.az