Dünən Naftalan şəhər Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qruplarının seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verib. Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıb. Rayon təşkilatının sədri Naftalan şəhər seçicilərinin bu dəyişikliklərə yekdilliklə səs verəcəklərini bildirib.
Görüşdə Milli Məclisin deputatı Mahir Aslanov çıxış edərək, bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Bunların davamlı olması üçün seçicilər 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə "HƏ" deməlidir. İnkişafın yolu dəyişməkdən, dəyişməyin hüquqi bazası isə ümumxalq səsverməsindən keçir. İnanıram ki, Naftalan seçiciləri Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinə göndərilərək, müsbət rəy alan Referendum Aktı layihəsinə "HƏ" deyəcəklər".
YAP Naftalan şəhər qadınlar şurasının sədri Afət Cabbarova, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov çıxış edərək, seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə dəvət ediblər.
Çıxışlarda qeyd olunub ki, naftalanlı seçicilər bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, referenduma "HƏ" deyəcək, bununla da ölkəmizin Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.
ZÜMRÜD