Bildiyimiz kimi, Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakovun əmrinə əsasən, Əfqanıstan döyüşlərində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub. Belə ki, 14 sentyabr 2016-cı il tarixdə Bakıda təltifetmə mərasimi keçirilib. Təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatları Rauf Əliyev və Şəmsəddin Hacıyev, Əfqanıstan və Qarabağ veteranları iştirak ediblər.
Xatırlatmaq yerinə düşərdi ki, Siyavuş Novruzov 1969-cu ildə anadan olub, gənc yaşlarından siyasətlə məşğul olub, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi. O, 2005, 2010 və 2015-ci illərdə mojaritar qaydada Milli Məclisə seçilib. Hazırda Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədridir. Əfqanıstan müharibəsində iştirak edib. Həmçinin, Qarabağ müharibəsinin veteranıdır. O, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək, 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. Ən böyük əməliyyatlardan biri olan "Maqistral" əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində, SSRİ tərkibində olan keçmiş Sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçi Əfqanıstandakı hərbi əməliyatlarda iştirak edib.
Xüsusilə, böyük döyüş təçrübəsinə malik olan azərbaycanlı Əfqanıstan veteranlarının Azərbaycanın Milli Ordusunun yaranmasında xususi rolu olub və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda yenidən əllərinə silah alaraq, fədakarcasına döyüşüblər. 2 noyabr 1993-cü il tarixində Ümummilli Liderimiz Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciətində Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt Əfqanstan döyüşçülərinin 4500 nəfəri bu çağırışa qoşulub. Onlar Qarabağda erməni işğalçılarından torpaqlarımızın azad olunması üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, qəhrəmancasına döyüşə atılıblar.
Siyavuş Novruzov daim öz vətənpərvərliyi ilə seçilən bir örnək vətəndaş kimi hazırda gənəclərə də bir nümunədir. Onun keçdiyi yol, xüsusilə, Əfqanıstandakı hərbi xidmət dövrü sonradan həyat səhifəsinə silinməz izlər buraxdı. Bu gün azərbaycanlı "əfqanlar" sırasında adı öndə gedən Siyavuş Novruzovun sonradan öz mübarizliyini ölkəmizin müstəqilliyi uğrunda da sərf etməsi, onun siyasi yolunun başlanğıcı oldu. Xüsusilə, Yeni Azərbaycan Partiyasının quruculuğu istiqamətində onun tərəfindən atılan mübarizlik addımları bu gün partiyadakı gənclər tərəfindən öyrənilir və yüksək qiymətləndirilir.
Siyavuş Novruzovun azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik timsalında keçdiyi həyat yolu bu gün də davam edir. O, hakim partiyanın yetkilisi, millət vəkili kimi ölkəmizin inkişafı və tərəqqisi yolunda uğurlara imza atır.
Biz də "SƏS" Media Qrupunun kollektivi olaraq, Siyavuş müəllimi "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə mükafatlandırılması münasibətilə ürəkdən təbrik edir, gələcəkdə daha böyük və davamlı nailiyyətlərə imza atmasını arzulayırıq.
RƏFİQƏ KAMALQIZI