15 sentyabr - "Bilik Günü" ənənəvi olaraq, Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanmışdır.
Dünən Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə keçirilən tədbirdə builki birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan məktəbin direktoru Xanlar İmaməliyev məktəb kollektivinin qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, məktəb 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, bu gün 2050 nəfər təhsil alır. Bu il 273 uşaq 1-ci sinifə gəlib. Keçən tədris ilində 171 nəfər məzun məktəbi bitirmiş, onlardan 92 nəfəri müxtəlif ali məktəblərə qəbul olub. Məzunlardan 23 nəfəri 500-dən, 5 nəfəri 600-dən, 2 nəfəri isə 650-dən çox bal toplamışlar. 9 məzun xaricdə təhsil alacaqdır.
Səbail RİHBA şöbə müdirinin müavini İsrafil Kərimov məktəb kollektivini, şagirdlər və onların valideynlərini "Bilik Günü" münasibəti ilə təbrik edib. Qeyd edibdir ki, ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət və qayğısının nəticəsidir ki, ölkədə yüzlərlə yeni məktəblər tikilmiş, köhnələri əsaslı təmir olunaraq bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz olunubdur.
Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də yeni dərs ilinin başlanğıcı münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən 239 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova bildirib ki, keçən tədris ilində məktəbi bitirmiş 85 məzunun 53 nəfəri yüksək bal toplayaraq, ali məktəblərə qəbul olunub. Onlardan 14-ü 500-dən, 5-i 600-dən, 1-i isə 650-dən çox bal toplamışdır. 3 məzun xaricdə təhsil alacaqdır.
Tədbirdə Səbail rayon icra hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdib, onlara təhsildə uğurlar arzulayıb.
Görüşdə çıxış edən validenylər və qonaqlar məktəbin yeni dərs ilinə hazırlığını yuksək qiymətləndiriblər.
Ü.ƏSGƏPROVR