Dünən 15 Sentyabr - "Bilik Günü" ilə bağlı Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Nəsimi rayonundakı A.Rəhimov adına 247 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət Himninin şagirdlərin və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanıb. Tədbiri açıq elan edən 247 saylı məktəbin direktoru Raya Allahverdiyeva məktəbin tarixi barədə məlumat verərək, qeyd etmişdir ki, məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə məktəb əsaslı təmir edilib.
Texniki Humanitar Liseydəki tədbirdə çıxış edən liseyin direktoru Səidə Zeynalova bildirib ki, 1963-cü ildə tikilən litseyin binası tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərir: "Ən yaxşı ümumtəhsil müəssisəsi" adını qazanmışdır. Burada 1192 şagirdin təhsili ilə 105 müəllim məşğul olur. Dövlət Proqramına əsasən, əsaslı təmir olunan lisey binası 2015-ci ilin sentyabr ayının 10-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilibdir".
"Bilik Günü"nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd edib ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci Xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
A.Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq, bildirib ki, 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.
A.Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açaraq, bildirib ki, fondun dəstəyi ilə respublikamızda yeni məktəblərin tikintisi və köhnələrinin əsaslı təmiri istiqamətində böyük işlər görülmüşdür.
A.SƏMƏDOVA