UFAZ layihəsi Azərbaycan və Fransa arasında əlaqələrin hərtərəfli inkişafında yeni mərhələdir
Dünən Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə Nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib.
UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.
Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof və Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir. 25 aprel 2015-ci il tarixində Fransa Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)" layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb.
NƏZAKƏT