PDF Oxu

Siyasət

  • 23

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

ŞƏKİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şəhər şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Orta Zəyzid kəndində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şəhər şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şəhər şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. H.Həsənov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya İslahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "İlk Milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın yeni şərtlər diktə edir. İnkişafın ortaya çıxardığı çağırışlar və tələblərə adekvat cavab vermək, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır. Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün islahatlar həyata keçirir və konstitusiyaya təklif olunan əlavə dəyişikliklər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək". H.Babaoğlu Referendum Aktı layihəsində məhkəmə hakimiyyətinin daha operativ və ədalətli olmasını təmin edəcək müddəaların əksini tapdığını da vurğulayıb: "Bütövlükdə, bu əlavə və dəyişikliklər özündə ən aktual məsələləri cəmləşdirir və bu da ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamı olduğunu bildirib: "Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Tədbirdə çıxış edən seçicilər Konstitusiya İslahatlarını dəstəklədiklərini vurğulayıblar.

NİZAMİ

Dünən sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Nizami rayonunda seçicilərlə görüş keçiriblər. Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, millət vəkili Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən bəhs edib. S.Vəliyeva əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya İslahatlarını dəstəkləyəcəklər.

Çıxış edən "Bələdiyyə" Təşviqat Qrupunun nümayəndəsi, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət mərhələsi yaradacaq. Əlavə edib ki, islahatların nəticəsi olaraq Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.

Görüşdə çıxış edən Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun vəkil edilmiş şəxsi, Müstəqil Jurnalistlər Birliyinin sədri Xalid Niyazov qeyd edib ki, Konstitusiya İslahatları Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edəcək. Bütövlükdə, konstitusiya dəyişiklikləri ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir.

Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Tətbiqi-Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev də bildirib ki, Konstitusiya İslahatları Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir.

Seçicilər də, öz növbələrində, bu dəyişikliklərə müsbət münasibətlərini ifadə ediblər, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyiblər. Bildiriblər ki, 26 sentyabr tarixində seçki məntəqələrinə gedərək, islahatların və inkişafın davamlı olması üçün Referendum Aktına səs verəcəklər.

ŞAMAXI

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şamaxı rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mədrəsə qəsəbəsi BVM abidəsinin qarşısında seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq 26 sentyabra təyin olunan referendum və bu referendumda Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər haqqında seçicilərə geniş məlumat verib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir: "Seçiciləri xalqımız, eləcə də dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırıram".

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu aparat rəhbəri, hüquq elmləri doktoru-professor İsaxan Vəliyev konstitusiyaya dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatını yığıncaq iştirakçılarına geniş izah edib. İ.Vəliyev hər zaman öz sözünü deyən şamaxılıların sentyabr ayının 26-da keçiriləcək referendumda da fəallıq nümayiş etdirəcəyini, referenduma "HƏ" deyəcəklərinə əminliyini bildirib.

Görüşdə Şamaxı şəhər M.Ə.Sabir adına ev-muzeyinin direktoru Rəqsanə Xəlilzadə, Şamaxı rayon BVM və Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov referenduma çıxarılan dəyişiklikləri dəstəklədiklərini bildiriblər. Çıxış edənlər onu da vurğulayıblar ki, sentyabrın 26-da keçiriləcək referendumda həmrəylik nümayiş etdirərək, referenduma "HƏ" deyəcəklər.

BİLƏSUVAR

Dünən Biləsuvar rayonunun Xırmandalı kəndində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar seçicilərlə görüşü keçirilib.

Seçicilərin qaşısında çıxış edən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev görüş iştirakçılarına konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur: "Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, birmənalı olaraq, dəstəkləyirlər". K.Mirzəyev seçiciləri sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsi günü həmrəylik nümayiş etdirərək, Referendum Aktına "HƏ" deməyə səsləyib.

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. M.Kazımov qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir. M.Kazımov hər bir vətəndaşı sentyabrın 26-da seçkilərdə daha fəal olamağa, öz gələcəyinin inkişafına dəstək olmağa çağırıb.

CƏLİLABAD

Dünən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Cəlilabadın qadın seçiciləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd edib ki, konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir: "Ali qanun özündə cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə yanaşı, həm vətəndaş hüquqlarını əks etdirir, həm də ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu baxımdan, son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial, iqtisadi, siyasi inkişafı sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərin aparılmasına zərurət yaradıb".

Görüşdə millət vəkili Malik Həsənov çıxış edərək, ölkəmizdə qadınlara dövlət tərəfindən daima diqqət və qayğı göstərildiyini bildirib: "Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər və şaxələndirilmiş islahatlar Azərbaycanın və xalqımızın, o cümlədən qadınlarımızın uğurlu gələcəyinə istiqamətlənib". Millət vəkili əvvəlki seçki və referendumlarda Cəlilabadlı seçicilərin, xüsusilə də, qadınların həmişə yüksək siyasi fəallıq göstərdiklərini qeyd edərək, tədbir iştirakçılarını referendumda fəal iştirak etməyə və mühüm sənədə "HƏ" deməyə çağırıb.

Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, YAP Cəlilabad rayon təşkilatı qadınlar şurasının sədri Fərqanə Məmmədova, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Gülbəniz Məmmədova, Cəlilabad şəhər 7 saylı tam orta məktəbin müəllimi Yeganə Rzayeva, Cəlilabad şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Əliyeva, Göytəpə şəhər 2 saylı uşaq bağçasının müdiri Xanım Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Aytəkin Əliyeva, Cəlilabad şəhər Rəsm Qalereyasının əməkdaşı Təranə Nəzərova və başqaları çıxış edərək, 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bildiriblər.

TƏRTƏR

Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupu Tərtər rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiçilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər rayon Komitəsinin sədri Fəxrəddin Binnətov açaraq, ölkəmizin əlamətdar hadisələr - 26 sentyabr referendumu, həmçinin, yeni dərs ilinin başlanması ərəfəsində olduğu bir zamanda Azərbaycanın Ali Qanununa dəyişiliklər və əlavələr edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkilliklə aparıldığını bidirib. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə konstitusiyamıza edilən dəyişikliklər və əlavələr də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün tərtərlilər tərəfindən dəstəklənəcək.

Görüşdə millət vəkili Sahib Alıyev son illər Azərbaycanın qazandığı uğurlu nailiyyətlər sırasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin mühüm yer tutduğunu, xarici əlaqələr sahəsində uğurlar əldə edildiyini diqqətə çatdırıb.

Görüşdə Avrasiya Mətbuat Fondunun sədr müavini Ramil Əzizov, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Tərtər rayon filialının sədri Nizami Heydərov, həmkarlar təşkilatının fəalları Səlimə Yusibova, Bəxtiyar Cəfərov,Elxan Ələkbərov və başqaları və başqaları çıxışlarında təklif edilən bütün dəyişikliklərin gələcəyimizə istiqamətləndiyini bildiriblər.

LAÇIN

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-referendumla bağlı Laçın rayonundan ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri Xaliq Musayev ilk dəfə səs verəcək gənclərə Referendum Aktında yer alan müddəaların əhəmiyyətindən danışıb. O bildirib ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər həm ölkəmiz, həm də xalqımızın gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir: "Təklif olunan dəyişikliklər gənclərimizin gələcək həyatında böyük əhəmiyyətə malik olacaq. Bu baxımdan, bütün gəncləri sentyabrın 26-da fəal olub, referenduma səs verməyə dəvət edirəm".

Görüşdə çıxış edən millət vəkili Mahir Abbaszadə təklif olunan dəyişikliklərin zərurətdən yarandığını söyləyib: "Bu gün ölkəmiz gündən-günə inkişaf edir və bu inkişaf yeniliklər üçün zəmin yaradır. Məhz konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər də ölkəmizin daha da inkişafına istiqamətlənib. Hər kəs gələcəyini düşünərək, səsvermədə aktiv olmalıdır".

YAP Laçın rayon təşkilatının gənclər birliyinin sədri Vüsal Həsənov çıxışı zamanı ölkəmizdə gənclərlə göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, Referendum Aktında yer alan müddəalarda gənclərə yer ayrılması sevindirici haldır: "Biz gənclər səsvermə günü məntəqələrə gəlib, gələcəyimiz naminə səs verəcəyik".

Görüşdə ilk dəfə səs verəcək gənclər çıxış edərək, həmyaşıdlarını 26 sentyabr 2016-cı il tarixində keçiriləcək referendumda seçki məntəqələrinə gedərək konstitusiyaya təklif olunan əlavə və dəyişiklərə "HƏ" deməyə çağırıblar.

YARDIMLI

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Yardımlı şöbəsi qadınlarla görüş keçirib. Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında keçirilən görüşdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov qadın seçicilərərə Referendum Aktının əhəmiyyəti haqqında məlumat verib: "Cəmiyyətdə qadınların rolu hər zaman önəmli olub. 26 sentyabr tarixində konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ümumxalq səsverməsinə çıxarılır. Bunlardan 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələr olunacaq. Bu əlavə və dəyişikliklər günün, zamanın, beynəlxalq idarəetmə sisteminə inteqrasiyanın tələbindən irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafı naminə "HƏ" deməliyik".

Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva referendumun mahiyyəti, ümumxalq səsverməsinin reallaşmasını şərtləndirən amillər haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra digər çıxış edən seçicilər Referendum Aktında nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşdıqlarını bildirərək, 26 sentyabrda keçiriləcək səsvermədə fəal olacaqlarını bildiriblər.

QƏBƏLƏ

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri Qəbələ rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçiriblər.

Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qəbələ rayon şöbəsinin sədri Abil Ağasəfov konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə seçiciləri məlumatlandırıb: "İnanırıq ki, referendum seçkiləri günü Azərbaycan xalqı yenilikləri dəstəkləyən Konstitusiya Aktının qəbul olunmasında öz sözünü deyərək, uğurlu gələcəyə səs verəcək".

Daha sonra YAP Siyasi Şurasının üzvü, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac, ilk öncə ölkənin sürətli inkişafından irəli gəlir: "Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hamısı, birmənalı olaraq, vətəndaşlarımızın mənafelərinin qorunmasına xidmət edir. Bu baxımdan da, hesab edirəm ki, seçicilərimiz bir sıra təkliflərin üzərində müqayisəli təhlil aparsalar, daha məqsədəuyğun olar. Təklif edilən müddəaların bir çoxu vətəndaşların hüquq və azadlıqlarının qorunmasına yönəldilmiş olduğundan, növbəti referendumu da dövlətimizin apardığı düşünülmüş siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Düşünürəm ki, uğurlu gələcəyin təminatçıları olan gənclərimiz öz doğru seçimlərini edərək, sentyabrın 26-da keçiriləcək referendumda mütəşəkilliklə iştirak edəcəklər".

Görüşdə Səidə Bədəlova, Ayaz Ağalı və Lalə Ağamirzəli sentyabrın 26-da keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini bəyan ediblər.

Həmçinin, günün ikinci hissəsi Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu rayonun Nohurqışlaq kəndində Yengicə və Tüntül kəndindən olan seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Siyasi Şürasının üzvü, "İki Sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib. O bildirib ki, Referendum Aktı layihəsində olunacaq dəyişikliklər ölkəmizin təhlükəsizliyinin təminatında, idarəetmənin formalaşdırılmasında, eləcə də insan hüquq və azadlıqlarının genişləndirilməsində müstəsna rol oynayacaqdır. Natiq çıxışında qeyd etdi ki, müstəqil respublikamız sürətli inkişaf yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında nüfuzunu artırır. Görüşdə çıxış edən seçicilərdən Telman Abduxalıqov, Vəfa Mehdiyeva, Nizami İbrahimov və Oqtay Babayev 26 sentyabr tarixində referenduma çıxarılacaq əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini vurğulayıblar.

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər