PDF Oxu

Siyasət

  • 20

Mehriban Abasquliyeva: "Xalq belə müxalifəti dəstəkləmir"

Mehriban Abasquliyeva: "Xalq belə müxalifəti dəstəkləmir"

"Dağıdıcı müxalifət liderlərinin əsas hədəfləri dövlətçilik maraqlarına qarşı çıxmaq və bunun müqabilində ermənipərəst dairələrlə əlaqələrini möhkəmləndirərək maddi təminatlarını, o cümlədən, nüfuzdan düşmüş siyasi dividendlərini artırmaqdır". Bu fikirləri "SƏS"ə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ənənəvi düşərgədə fəaliyyət göstərən dağıdıcı təmayüllü müxalif siyasi qurumların Referendum Aktı layihəsinə qarşı sifarişli aksiyalar keçirmək cəhdlərinə münasibətini bildirərkən deyib.

M.Abasquliyevanın sözlərinə görə, bu xəyanətkar dairələr xalqın və dövlətin maraqlarını təmin edən istənilən qərara qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyirlər: "Əlbəttə ki, onları maraqlandıran tamamilə başqa amillərdir. Bu gün "Milli Şura" və AXCP cütlüyü, Müsavat partiyası və onlara dəstək göstərən bəzi siyasiləşmiş ictimai təşkilatların düşündükləri şey, hansı yolla olursa-olsun - qan tökmək, ölkədə çaxnaşma yaratmaq, düşmənə işləmək kimi vasitələrlə hakimiyyətə yiyələnmək arzusudur. Onlar 25 ildir ki, bu arzuları ilə xəyallara dalırlar və ondan ötəsinə nail olmurlar. Çünki xalq belə müxalifəti dəstəkləmir, əksinə, rədd edir".

Rayon təşkilatının sədri daha bir fakta da toxunaraq qeyd edib ki, uzun illər bir-birləri ilə hərc-mərclik edən, maraqları toqquşarkən, qarşı tərəfi küçə söyüşləri ilə təhqir edən, müxtəlif əxlaqsızlıqları ilə ad çıxaran küçə təfəkkürlü müxalifət liderləri yaxşı olardı ki, düşərgədaxili düşmənçilik münasibətlərinə göz gəzdirsinlər. Hətta eyni mövzudan çıxış etmələrinə rəğmən, aksiyalarında bir araya gəlməyi bacarmayan dağıdıcı ünsürlər düşdükləri gülünc vəziyyətdən nəticə çıxarmayaraq, "ana müxalifətçilik" uğrunda didişməkdə davam edirlər: "Əbəs yerə deyil ki, istər AXCP, istərsə də Müsavat olsun, onların qondarma liderləri uzun illərdən bəri müxalifətin əsas başbiləni olmaq üçün bir-biri ilə barışmaz savaş aparırlar. Sonra da utanıb-qızarmadan xalqın, dövlətin, ölkənin tərəqqi və inkişafını sürətləndirəcək layihələrə qarşı siyasi həyazıslıq nümayiş etdirirlər. Onları qıcıqlandıran isə, artıq möhkəm təməllərə söykənmiş xalq-dövlət vəhdətidir. Bu vəhdətin sarsılmazlığı, təməllilik prinsipi Ə.Kərimli, C.Həsənli, İ.Qəmbər, A.Hacılı və s. kimi ünsürləri, Vətən düşmənlərini yatmağa qoymur, rahat buraxmır".

"Azərbaycanda elə güclü siyasi mühit və dövlətçilik faktoru formalaşıb ki, onu hətta milyon dollarlarla belə sarsıtmaq olmaz"

"Təbii ki, Azərbaycanın daxili düşmənlərinin bu cür davranışlarını izləyən xarici düşmənlər də həmin vəziyyəti nəzərlərindən qaçırmırlar"-deyə qeyd edən M.Abasquliyeva bildirib ki, məhz ona görə də, dərhal pul kisələrinin ağzını açıb, dağıdıcı müxalifəti bunları şirnikləşdirirlər: "Mətbuatdan da öyrəndiyimiz kimi, bəzi Qərb səfirlikləri və dağıdıcı müxalifətə 100 min dollar pul ayırıblar ki, onlar ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəldilmiş hərəkətə keçsinlər. Ancaq fakt budur ki, onlar bunu bacarmırlar və bacarmayacaqlar da. Çünki Azərbaycanda elə güclü siyasi mühit və dövlətçilik faktoru formalaşıb ki, onu hətta milyon dollarlarla belə sarsıtmaq mümkün deyil. Əbəs yerə zəhmət çəkməsinlər. Çünki sonda xalqın qəzəbi və hiddəti ilə qarşı-qarşıya qalmalı olacaqlar. Bu halda müxalifət başbilənlərini heç Qərbdəki ağaları da xilas edə bilməyəcək".

M.Abasquliyeva sonda qeyd edib ki, hər bir Vətənini, dövlətini sevən, onun uğrunda canından belə keçməyə hazır olan Azərbaycan vətəndaşı sentyabrın 26-da Referendum Aktı layihəsi çərçivəsində seçkilərə qatılacaq və ölkəmizin, dövlətimizin daha güclü, daha qüdrətli, daha dayanıqlı iqtisadiyyata söykənməsi üçün "HƏ" deyəcək.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər