PDF Oxu

Siyasət

  • 15

YAP funksionerindən dağıdıcı müxalifətə SƏRT SÖZLƏR

YAP funksionerindən dağıdıcı müxalifətə SƏRT SÖZLƏR

Muxtar Nağıyev: "Fikirləşdikləri yalnız hansı xəyanət və satqınçılıq yolu ilə olursa-olsun hakimiyyəti ələ keçirməkdir"

"Dağıdıcılıq və pozuculuq yolu tutan müxalifətə heç cür haqq qazandırmaq olmaz. Çünki dövlət və xalqının mənafeyini satanlara haqq qazandırmaq ən azından cinayətdir". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev son günlər ölkədəki sabitliyi pozmağa cəhd göstərən dağıdıcı müxalifətin xarici siyasi dairələrlə iş birliyi qurmasına, eləcə də öz aralarındakı çəkişmələrə münasibətini bildirərkən deyib.

M.Nağıyevin fikrincə, onlar hər zaman öz şər və böhtan üzərində qurmaqla ictimai rəyi aldatmağa çalışırlar: "Təsəvvürünüzə gətirin, bu adamları düşündürən müsbət heç nə yoxdur. Fikirləşdikləri yalnız, xəyanət və satqınçılıq yolu ilə olursa da hakimiyyəti ələ keçirməkdir. Bunun üçün isə, onlar elə özlərinin də dedikləri kimi, hətta şeytanla belə iş birliyinə gedəcəklərini dəfələrlə etiraf ediblər. İstər Ə.Kərimli, istər İ.Qəmbər, istər C.Həsənli, istər A.Hacılı və sairələri - onların hər birinin təhlükəli düşüncələrində oğul və qızlarımızın şəhidlikləri bahasına əldə edilən müstəqilliyimizi məhv etmək amalı dayanır. Buna isə nə biz, nə də öz ölkəsini qəlbən sevən istənilən vətəndaş yol verməz.

Bu gün Azərbaycan sabitlik adası olaraq dünyanın mərkəzinə çevrilib. Demək olar ki, hər bir sahəyə aid möhtəşəm beynəlxalq tədbirlər ölkəmizdə baş tutur. Əlbəttə ki, bizi gözü götürməyən məkrli qüvvələr var, özü də kifayət qədərdir. Belə qüvvələrə isə satqınlar lazımdır. Bu satqınlar isə AXCP, "Milli Şura", Müsavat, "REAL" və s. təşkilatlar, onların sədrləridir".

"AXCP və Müsavat rəhbərliyi "ana müxalifət mənəm" prinsipi ilə özlərini zorla xalqa sırımağa çalışırlar"

YAP Səbail rayon təşkilatı sədrinin müavini M.Nağıyev onu da bildirib ki, bu gün daha çox müxalifət düşərgəsindən nəzərə çarpanlardan biri Ə.Kərimlidir: "Bu ünsür açıq şəkildə dövlətçiliyə qarşı təhdidlərlə danışır. Çünki bilir ki, böyük günahları və cinayətkar əməlləri var. Hələ AXC hakimiyyəti zamanı və sonrakı illərdə o öz lideri Əbülfəz Elçibəyə qarşı məlum xəyanəti eləmişdi. Bunu hər kəs yaxşı bilir. Görünür, Kərimli hər şeyi mərhələli şəkildə planlaşdırıb. Əvvəlcə Elçibəyi fiziki şəkildə tutduğu vəzifədən kənarlaşdırdıqdan sonra, onun məqsədi AXCP sədri kimi hakimiyyəti növbəti dəfə ələ keçirməkdən ibarət olub. Lakin o, bir daha buna müyəssər olmayacaq.

M.Nağıyev radikal düşərgədə cərəyan edən çarpışmalar və didişmələr barədə də fikirlərini bölüşüb: "Faktlar ortadadır. Bu gün ayrı-ayrılıqda aksiyalar keçirərək, Qərb siyasi qurumları qarşısında siyasi dividend qazanmağa çalışan AXCP və Müsavat rəhbərliyi "ana müxalifət mənəm" prinsipi ilə özlərini zorla xalqa sırımağa çalışırlar. Ancaq nə qədər çalışsalar da, xalq onları qəbul etmir. Necə deyərlər, bu ünsürlər xalqa yapışmırlar. Xalq onların kim olduqlarını yaxşı bildiyi üçün onların planları, mənfur düşüncələri reallaşmır. İndi də Referendum Aktı layihəsi ilə bağlı yeni mövzu ətrafında özlərini və bir-birlərini didən radikallar seçkilərdən sonra növbəti dəfə rüsvayçı şəkildə yerlərinə otuzdurulacaqlar. Lakin bununla yanaşı, Qərb siyasi dairələrinin onlara xərclədikləri pulların hesabatları var. Görəsən, bu dəfə çullarını sudan necə quru çıxaracaqlar? Bütün hallarda hər şeyi zaman göstərəcək və ictimai rəy bunların daha biabırçı vəziyyətdə - düşdükləri bataqlıqdakı çabalamalarını görəcək".

R.HÜSEYNOVA

Digər xəbərlər