PDF Oxu

Siyasət

  • 38

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

ŞİRVAN

Sentyabrın 26-sı ümumxalq səsverməsi (referendum) ilə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Şirvan şəhərində ilk dəfə səsvermə hüququ qazanan gənclərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şirvan şəhər şöbəsinin sədri Əbülhəsən İbrahimov keçiriləcək referendumla bağlı Şirvan şəhərində fəal təbliğat işlərinin aparıldığını bildirib.

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev gənclər qarşısında çıxış edərək bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referenduma təqdim olunan əlavə və dəyişikliklər, məhz gənclərimizin səs vermək hüququnu təmin etmək məqsədi daşıyır: "Gənclərimiz özlərini idarəetmədə kifayət qədər təsdiq ediliblər. Bələdiyyələrdə və parlamentdə gənclərə aktiv fəaliyyət göstərmələri üçün xüsusi şərait yaradılıb. Siz gənclər, seçici olmaqla yanaşı, həm də təşviqatçısınız. Gənclərimiz Ali Baş Komandanımız Prezident İlham Əliyevin hər zaman çağırışına hazır olduqlarını daima vurğulayırlar. Bu ilin əvvəlində aprel döyüşlərində gənclərimiz, eləcə də xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək, torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında sıx birlik var. Bəzi xarici qüvvələr ölkəmizdəki əlaltıları ilə bu sarsılmaz birliyə, dövlətçiik ənənəmizə xələl gətirmək, sabitliyimizə mane olmağa çalışırlar. Amma Azərbaycan gəncliyi hər zaman müstəqil dövlətinə sadiq olublar. Ona görə də 26 sentyabrda keçiriləcək referendumda konstitusiyamızın 29 maddəsinə əlavə və dəyişiklik olunması ümumxalq səsverməsinə çıxarılıb. Bunlardan 23 maddədə dəyişiklik, 6 maddədə isə əlavə olunacaq. Bu əlavə və dəyişiklik günün, zamanın və beynəlxalq idarəetmə sisteminə inteqrasiyadan irəli gəlir. Bu səbəbdən, hər birimiz ölkəmizin inkişafına "HƏ" deməliyik. 26 sentyabrda seçki məntəqələrinə gedib, səsvermədə iştirak etməklə gələcəyimizə, inkişafımıza və gənclərimizin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına imkan yaradan dəyişikliyə səs vermiş olacaqsınız".

Sonda YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov çıxış edərək, hər kəsi seçki məntəqələrinə gələrək, Referendum Aktına əlavə və dəyişikliyə səs verməyə çağırıb.

AĞSU

Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri Ağsu rayonunda qadınlarla görüş keçirib. Görüşü Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov açaraq Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verərək bildirib ki, konstitusiyaya təklif edilən bütün dəyişikliklər gələcəyə istiqamətlənib: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Ağsu rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verərək, Azərbaycanın gələcəyi və inkişafı naminə bu layihəyə "HƏ" deyəcək".

YAP Ağsu rayon təşkilatı qadınlar şurasının sədri Şərəbanı Məlikova görüşdə çıxış edərək, qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişiklər zamanın tələbi olduğunu bildirib. YAP Ağsu rayon təşkilatında 2 min nəfərdən çox qadın təmsil olunur ki, onlar da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Biz ağsulu qadınlar da konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyirik və hamılıqla "HƏ" deyirik".

Görüşdə çıxış edən YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər". Z.Quliyeva, həmçinin, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ərtaflı məlumat verib. "Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir. Eyni zamanda, referendum idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq, yeni idarəçilik sistemi yaranacaq".

Görüşdə qadın seçicilərdən, YAP Ağsu rayon təşkilatı qadınlar şurasının üzvü, Muradlı Bələdiyyəsinin sədri Sehrayə Hümbətova, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, YAP Ağsu rayon təşkilatı gənclər birliyinin sədri Leyla Heydərova və digərləri çıxış edərək, müstəqil Azərbaycanın konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.

ŞİRVAN

Şirvan şəhər Mədəniyyət Evində Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri Şirvan seçiciləri ilə növbəti görüş keçiriblər.

700 nəfər seçicinin iştirak etdiyi yığıncaqda Azərbaycan Milli GHT Formunun prezidenti Rauf Zeyni Konstitusiyaya ediləcək əlavə və dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib. R.Zeyni bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq, Konstitusiya İslahatları aparılır: "Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya İslahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq".

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Rufiz Qonaqov çıxış edərək əminliklə qeyd edib ki, referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktib iştirak edəcək.

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev çıxışında qeyd edib ki, konstitusiyaya ediləcək dəyişikliklərin böyük əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının gücləndirilməsilə bağlıdır: "Həmçinin, dövlətin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması, iqtisadi inkişafın sabitliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək referendum ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Odur ki, hər bir vətəndaş səsvermədə aktiv iştirak etməli, mövqeyini nümayiş etdirməlidir".

YARDIMLI

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu bu ilin 26 sentyabrında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar rayonun seçicilərilə görüş keçirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev ölkə konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir.

M.Mirzəyev çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə,əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən millət vəkili Rəşad Mahmudov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

Millət vəkili çıxışında seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və digər maddələr ətrafında fikirlərini də bölüşüb. O, çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatının idarə heyətinin üzvü Məzlum Mənsimov, rayon təhsil şöbəsinin baş məsləhətçisi Pənah Tağıyev və başqaları Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildiriblər. Çıxış edənlər onu da vurğulayıblar ki, vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin inkişafı, parlaq gələcəyi naminə və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək, konstitusiyada edilən dəyişikliklərə "HƏ" deyəcəklər.

NEFTÇALA

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində seçicilərlə görüş keçirib.

Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan dövləti sürətlə inkişaf edir. Belə ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərait meydana çıxıb".

Milli Məclisin deputatı Arif Rəhimzadə görüşdə çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti və biliklərə əsaslanan iqtisadiyyat formalaşır: "Hazırda ümumxalq müzakirəsinə təqdim olunan Referendum Aktının 29 maddəsinə edilən 39 düzəliş cəmiyyətdə ciddi müzakirələrə səbəb olacaq. Çünki burada nəzərdə tutulan hər bir məqam, məhz dövlətçiliyimizin və dövlətimizin daha da inkişafına istiqamətlənib".

Çıxışının sonunda A.Rəhimzadə hər kəsi referendumda fəal iştirak etməyə çağıraraq, bu işdə hamıya uğurlar arzu edib.

Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının Təşviqat Qrupunun üzvü Telman Zahidov və başqa seçicilər referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.

NEFTÇALA- QADIN SEÇİCİLƏRLƏ

Həmçinin, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Neftçala rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Heydər Əliyev Mərkəzində qadın seçicilərlə də görüş keçirib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri A.Cəfərov çıxış edərək, Referendum Aktı barədə məlumat verib. Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" Təşviqat Qqrupunun Neftçala rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Millət vəkili Arif Rəhimzadə çıxışı zamanı bildirib ki, konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Heç kimə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Yığıncaqda YAP Neftçala rayon təşkilatı qadınlar şurasının sədri Gültəkin Sadıqova çıxış edərək bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

YAP Neftçala rayon təşkilatının təşviqat qrupunun üzvü Telman Zahidov qeyd edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya İslahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bu, sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Bütövlükdə isə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

GORANBOY

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Goranboy rayon şöbəsi rayonun ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov gənclərlə konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər haqqında məlumat verib: "Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin aşağı salınması Azərbaycanda gənclərlə verilən önəmin bariz nümunəsidir. Bu baxımdan, gənclər bu dəyişiklikləri qiymətləndirərək, öz gələcək inkişafına səs verməlidir. Hər kəsi Referendum Aktına səs verməyə dəvət edirəm".

YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri Həsən Şirinov söyləyib ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən, ilk dəfə olaraq, 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə konstitusiyasını qəbul edib: "Edilən əlavə və dəyişikliklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb. Beləliklə, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 sentyabr 2016-cı il referendum elan edildi. Təklif olunan budəfəki layihə konstitusiyanın 29 maddəsinə düzəliş və əlavə təklif olunur. Referendum Aktında yer alan müddəalar həm ölkəmizin, həm də xalqımızın gələcək inkişafına istiqamətlənib. bütün gəncləri Referendum Aktına "HƏ" deməyə çağırıram".

Tədbirdə çıxış edən Mehdi Səfərov, Tural Cabbarov, Əzanə Qarayeva, Şadman Dəmirov, Firuz Dosiyev və digər gənclər təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

ASTARA

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara rayonu Kijəbə qəsəbəsində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə referendum-ümumxalq səsverməsi keçiriləcək: "Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Məhz bu baxımdan, konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu, həm zərurət, həm də zamanın tələbidir. Ona görə də, inamla deyə bilərik ki, Astara seçiciləri də, birmənalı olaraq, bu mühüm siyasi kampaniyada aktivlik nümayiş etdirərək, seçki günü dəyişikliklərə səs verəcək".

Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və dövr dəyişdikcə, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətinin meydana gəldiyini diqqətə çatdırıb: "Dünyada siyasi -iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, dövrün tələblərinə uyğun olaraq konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir. Bu dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar".

Tədbirdə çıxış edən Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Sabir Fətullayev və Tüləgüvan kənd tam orta məktəbinin müəllimi Firudin Abbasov sentyabrın 26-da seçki məntəqələrinə gedərək, bunu bir daha nümayiş etdirəcəklərini və konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər