PDF Oxu

Siyasət

  • 43

Anti-azərbaycançı qüvvələr ölkəmizdə vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçib

Anti-azərbaycançı qüvvələr ölkəmizdə vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçib

Bu gün yaxın regionlarda baş verən hadisələr, bir daha onu təsdiqləyir ki, imperialist qüvvələr müstəqil siyasət yürüdən milli dövlətləri dağıtmaq, kölə halına salmaqda cəhdlər göstərirlər. Bunun üçün isə bütün imkanlardan istifadə edirlər. Bununla bağlı Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir".

Azərbaycanda çirkin planlarını reallaşdırmaq istəyən anti-milli qüvvələr mühüm siyasi-ictimai kampaniyalar ərəfəsində dağıdıcı müxalifəti qızışdırmaqla öz niyyətlərinə çatmağa çalışırlar. Elə 26 sentyabr tarixində keçiriləcək referendum da bu baxımdan istisna təşkil etmədi. Xüsusilə də, seçkiöncəsi qanunvericilik çərçivəsində seçki prosesinə qatıla bilməyən "Milli Şura" və Müsavat partiyası bir sıra Qərb ölkələrinin səfirliklərinə təşrif buyurandan sonra mitinq keçirmək haqda qərar vermələri də bunu bir daha təsdiq etdi.

Xaricdəki dairələrin siyasi direktivləri əsasında yaradılan "Milli Şura"nın sədri Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də anti-azərbaycançı qüvvələrin vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçdiyinin əyani sübutudur. Lakin 11 və 17-18 sentyabr mini aksiyaları erməni lobbisinin və anti-Azərbaycan dairələrin sifarişlərini aldıqları qrantlar hesabına canla-başla yerinə yetirməyə çalışan dağıdıcı müxalifətin rüsvayçı məğlubiyyətini bir daha ortaya qoydu.

Əslində, dağıdıcı müxalifət bundan əvvəl də ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin, idman yarışlarının və seçkilərin keçirildiyi vaxtlarda erməni lobbisinin tapşırıqlarına uyğun olaraq qaragüruhçuluqla məşğul olublar. Onların konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək 26 sentyabr referendumu ilə bağlı yaydıqları cəfəngiyyat dolu "bəyanat"ları, mitinq-şouları da, məhz o cür xəyanətkar əməllərin təkrarı və davamı kimi qiymətləndirilməlidir.

Lakin etiraf etmək lazımdır ki, bu dəfə radikallar xəyanətkar və antimilli "proqramlarında" bir az dəyişiklik etdilər. Belə ki, onlar "Məhsul" stadionundakı anti-milli tədbirlərinə dəstək olmaq üçün AXCP sədri Ə.Kərimlinin çirkli pullar hesabına Avropanın ən bahalı təhsil ocaqlarında oxutdurduğu oğlu T.Kərimlini ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzdindəki Tomas Lantos adına İnsan Haqları Komissiyasının təşkil etdiyi, erməni lobbisinin 20 nəfərdən ibarət dəstəsinin iştirakı ilə keçirilən dinləmələrə göndərdilər. Atası Ə.Kərimlinin izi ilə addım-addım gedən T.Kərimli Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri, terrorist Bako Saakyanın oğlu, Amerika Erməni Milli Konqresinin ən fəal üzvlərindən olan Armen Saakyanla çiyin-çiyinə verərək, ölkəmizin əleyhinə şər-böhtan dolu informasiyalar səsləndirməklə öz çirkin simasını ortaya qoydu.

Ermənipərəst qüvvələrin boyunduruğunu boğazlarına keçirərək, onların cızdığı xəttin ətrafında dövrə vuran belə marginallar Bakıda böyük təmtəraqla "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsi, I Avropa Oyunları keçiriləndə də ermənilərlə səs-səsə verərək, həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar. Ə.Kərimli və C.Həsənli kimilər şəxsi ambisiyaları, maddi qazancları, korporotiv maraqları naminə təkcə erməni terrorçusu Bako Saakyanla, Serj Sarkisyanla deyil, eləcə də, ən dəhşətli terrorçu dəstələrlə-"İŞİD", "Əl-Qaidə" ilə ittifaqa girməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Bir müddət bundan əvvəl "Milli Şura"nın "Məhsul" stadionundakı "İŞİD" bayrağı ilə bəzədilən mitinqi də dediklərimizi təkzibolunmaz faktlarla təsdiq edir.

Eyni zamanda, qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal "Müsəlman Birliyi"nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulmaları, Müsavatın mitinqində İ.Qəmbərin həmin şəxslərin və "ETTELAAT"-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. Eləcə də, AXCP ilə "Gülən camaatı" arasında illərlə əvvəl yaranmış sıx əlaqələr bu gün də davam edir, "FETÖ" Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik və qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər.

Bir daha qeyd etmək lazımdır ki, dağıdıcı müxalifətin 17 sentyabr "şou"su antimilli xarakterli olduğundan fiaskoya uğradı. Ən əsası odur ki, öz çirkin əməlləri ilə xəyanətkar və üzüdönük İuda İskariotu belə geridə qoyan Ə.Kərimlinin və C.Həsənlinin, A.Hacılının, İ.Qəmbərin əsl simaları bir daha ortaya çıxdı. Dağıdıcılar tərəfindən təkcə sentyabr ayında keçirilmiş üç mitinqin fiaskoya uğraması, aksiyalara 300-500 iştirakçının qatılması antimilli qrupların və onların xaricdəki havadarlarının planlarını alt-üst etdi. Bu mitinq-şoular, bir daha göstərdi ki, koordinasiya şəklində təşkil edilib, bir və ya bir neçə mərkəzdən idarə olunan anti-milli plan iflasa məhkumdur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər