PDF Oxu

Siyasət

  • 47

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

XAÇMAZ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Xudat qəsəbəsində 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar seçicilərlə görüş keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: "Ölkənin bütün qanunvericilik bazası konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarix zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir".

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib: "Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifi vaxta və dövlət büdcəsinə qənaət etməklə yanaşı, prezidentin öz üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacaq".

Yığıncaqda millət vəkilləri Ziyad Səmədzadə, Eldəniz Səlimov, İlham Əliyev, Tahir Süleymanov və Mahir Aslanov çıxış edərək Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək, vətəndaşlarımızın suveren hüququ olduğunu bildiriblər. Millət vəkilləri vurğulayıblar ki, Konstitusiya İslahatları Azərbaycanın inkişafına xidmət edir, buna görə də, xalq tərəfindən dəstəklənir. Əminliklə söyləmək olar ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu islahatlar inkişafın davamlı olmasını təmin edəcək.

Görüşdə qəsəbə seçicilərindən Ofelya Sərkərova, milli qəhrəman atası Əlibala Şahbazov və başqa seçicilər Konstitusiya İslahatlarını dəstəklədiklərini vurğulayıblar.

Günün ikinci yarısı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Xaçmaz rayon şöbəsi qadın seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, ölkə vətəndaşlarının, o cümlədən, qadınların sentyabrın 26-da Referendum Aktına səs verəcəklərinə əmin olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən S.Sədullayeva Konstitusiya İslahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını qeyd edib.

Tədbirdə çıxış edən qadın seçicilərdən Ülkər Hacıyeva, Könül Əsgərova, Mətanət Şıxəliyeva, Raisa Cavadova, Dilda Mövlanova və başqaları Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən olduğunu bildiriblər. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan çıxışçılar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı öz fəallığı ilə fərqlənəcək və referenduma "HƏ" deyəcək.

SƏBAİL

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsi rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev açaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Referendum Aktı ilə bağlı məlumat verib.

Səlahiyyətli nümayəndə, onu da qeyd edib ki, konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Çıxışının sonunda Ş.Hacıyev hər kəsi, o cümlədən, gəncləri referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günün dəyişikliklərə "HƏ" deməyə çağırıb.

Görüşdə millət vəkili Fuad Muradov çıxış edərək konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli konstitusiyanın qəbulu ön plana çəkilib, hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib: "Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin aşağı salınması Azərbaycanda gənclərə verilən önəmin bariz nümunəsidir. Bu baxımdan, gənclər bu dəyişiklikləri qiymətləndirərək, öz gələcək inkişafına səs verməlidir. Hər kəsi Referendum Aktına səs verməyə dəvət edirəm".

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. Bildirib ki, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir: "Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə - referenduma çıxarılır. Bu da, son nəticədə, ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. İnanırıq ki, müdrik Azərbaycan xalqı, eyni zamanda, gələcəyimiz olan siz gənclər sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə" Referendum Aktı layihəsinə müsbət rəyinizi bildirəcəksiniz".

Görüşdə çıxış edən gənclər də təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

QAX

Dünən Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar gənclərlə və ilk dəfə səs verənlərlə görüş keçiribdir. Görüşü giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd edib ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Son illər ərzində Azərbaycanın həyatında gedən dəyişikliklər, inkişaf, iqtisadi islahatlar, dünya miqyasında Azərbaycanın tutduğu mövqe, həmçinin, dünyada gedən siyasi-iqtisadi proseslər konstitusiyamızda müəyyən dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.

Görüşdə rayon Ağsaqqalar Şurasının sədri Nadir Aşurov, YAP Qax rayon təşkilatının sədr müavini Eldəniz Şabanov, Qax RMX-nın baş həkimi Tərlan Əhmədzadə, YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev çıxış edərək bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı və gələcək fəaliyyət istiqamətləri ümumxalq səsverməsinə çıxarılan 29 maddədə 39 düzəliş və təklifləri labüd etmişdir. Qeyd ediblər ki, keçiriləcək ümumxalq səsverməsində gənclərimiz bir daha fəal olmalı və Azərbaycanımızın uğurlu inkişafına səs verməlidir. Görüşdə çıxış edən gənclər də bildiriblər ki, gənclər ordusu hər zaman ölkə Prezidentinin yanında olmaqla, Onun apardığı uğurlu siyasəti dəstəkləyir və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində bu dəyişikliklərə səs verəcəklərini söyləyiblər.

ZƏRDAB

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsi rayonun Mədəniyyət Evində seçicilərlə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudova açaraq, sentyabrın 26-da keçiriləcək referendumla bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.

"Yeni Azərbaycan" Təşviqat Qrupunun "Həmrəy olaq, HƏ deyək!" şüarı ilə təbliğat kampaniyasına start verdiyini deyən P.Mahmudova konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib.

Görüşdə referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri, millət vəkilləri Jalə Əliyeva, Elman Nəsirov, Vüsal Hüseynov çıxış edərək, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına geniş və əhatəli məlumat verdilər. Natiqlər qeyd etdilər ki, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması baxımından, eyni zamanda, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq.

Tədbirdə "Yeni Azərbaycan" Təşviqat Qrupu Zərdab rayon şöbəsinin üzvləri Vüsalə Kərimova, İsaməddin Əhmədov çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə zərdablıların mütəşəkkil şəkildə dəstək verəcəklərini və sentyabrın 26-da seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

AĞDAŞ

Dünən 26 sentyabr 2016-cı il tarixə təyin olunmuş ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağdaş rayon şöbəsi rayonun Türyançay qəsəbəsinin Mədəniyyət Evində ilk dəfə səs verən gənclərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı gənclər birliyinin sədri Anar Şahmuradov sentyabrın 26-da keçiriləcək Referendum və onu zəruri edən səbəblər haqqında gənc seçicilərə geniş məlumat verib.

Görüşdə millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək, ilk əvvəl 26 sentyabrda ilk dəfə səsvermədə iştirak etmələri münasibəti ilə gəncləri təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verərək maddələrə aydınlıq gətirib.

Görüşdə çıxış edən millət vəkili Sabir Hacıyev konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar öz fikirlərini gənc seçicilərlə bölüşərək, onları 26 sentyabrda yekdilliklə ümumxalq səsverməsində yaxından iştirak etməyə dəvət edib.

Görüşdə gənclər adından çıxış edən Şəbuhə Hüseynova, Ayşən Xəlilova, Sübhan Hüseynov və Sevil Əhmədova qeyd ediblər ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə yaxından tanış olublar və ölkə Prezidenti İlham Əliyev tərəfindən olan bu təşəbbüsü yekdilliklə dəstəkləyirlər.

Günün ikinci yarısı Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupunun üzvləri ağdaşlı seçicilərlə görüş keçiriblər. Görüşü Ağdaş Bələdiyyəsinin sədri Qalib Qarayev açaraq seçicilərə 26 sentyabrda keçiriləcək referendum haqqında məlumat verib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsinin mahiyyəti və təklif olunan əlavə və dəyişikliklər haqqında seçicilərə geniş məlumat verib. Təklif olunan əlavə və dəyişikliklərin, əsasən, insan hüquq və azdlıqlarının təminatının möhkəmləndirilməsi, eyni zamnada, idarəçilik sisteminin daha da təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd edən Cavid Osmanov ağdaşlı seçicilərin 26 sentyabrda ümumxalq səsverməsində yaxından iştirak edəcəyini əminliklə qeyd edib.

Millət vəkili Sabir Hacıyev də konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini qeyd edərək, bir sıra maddələri izah edib və seçiciləri ümumxalq səsverməsi günü uğurlu inkişafa səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilərdən Cəbrail Həşimov, Almas Salehova, Süleyman Cəfərov və Faiq Mahmudov bildiriblər ki, ağdaşlılar hər zaman ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti bəyənir və ölkə başçısının hər bir təşəbbüsünü yekdilliklə dəstəkləyirlər. Onlar 26 sentyabrda da bir daha bunu sübut edəcəklərini vurğulayıblar.

QƏBƏLƏ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Qəbələnin Vəndam qəsəbəsində Bunud, Həzrə, Məmmədağalı və Seyidqışlaq kəndlərindən olan seçicilərlə görüş keçirdi.

Görüşü giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər barədə seçiclərə geniş məlumat verib. Görüşdə Vəndam qəsəbə 2 saylı tam orta məktəbin direktoru İradə Cəlilova çıxış edərək, Konstitusiya Aktında olunacaq dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verdi. O, Azərbaycanın inkişafının həyatın bütün sahələrində hiss olunduğunu, ölkənin müstəqilliyi Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini bildirib. Çıxışının sonunda seçiciləri referendum günü daha fəal olmağa və dəyişikliklərə "HƏ" deməyə dəvət etdi.

Görüşdə Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında geniş məlumat verdi: "1995-ci ildən keçən dövrdə Azərbaycanın bütün sahələrində siyasi-iqtisadi, mədəni-hüquqi və digər sahələrdə böyük inkişaf yolu keçib. Referendumda olunacaq dəyişikliklər dövlətçiliyimizə böyük töhfələr verəcəkdir. Bununla da Azərbaycanda geniş imkanlar yaranacaq, xalqı firəvan gələcəyə yönəldəcəkdir. F. Heydərov çıxışının sonunda bütün seçicilərin referenduma gəlmələrini tövsiyyə etdi.

Görüşdə çıxış edən seçicilərdən Qətibə Abbasova, Ruslan İsmayılov, Rəşid Hüseynov, Elnur Ağayev və Vəli Vəliyev daima ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, onun siyasətini dəstəklədiklərini və 26 sentyabrda Referendum Aktı layihəsinə "HƏ" deyəcəklərini bildirdilər.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər