Yaxud növbəti dəfə biabır olan radikallar təxribatçı, "İŞİD"-çi, gülənçi olduqlarını, terrora dəstək verdiklərini açıq şəkildə ortaya qoydular
Məlum olduğu kimi, sentyabrın 17-də 10 minlik mitinqdən dəm vuran "Milli Şura" rəsmi məlumatlara əsasən, 800 nəfərlə miniaksiya keçirdi. Öncə, onu qeyd edək ki, Azərbaycanda normal toy məclislərində bundan artıq adam yığışır. Hətta, elə olur ki, yas məclislərində 1000-2000 insan iştirak edir. Lakin "Milli Şura" mitinqinə heç bir toy məclisi qədər adam yığa bilmədi. Bu, bir daha sübut edir ki, Azərbaycanda "Milli Şura"nın sosial dəstəyi yoxdur və onların keçirməyə cəhd etdikləri mitinq tipli yığıncaqları konkret missiyanın reallaşmasına hesablanıb. Bütün bunlardan əlavə "Milli Şura"nın keçirdiyi mitinq bir sıra məqamlarla yadda qaldı:
Birincisi, mitinqdə Azərbaycan bayrağına hörmətsizlik edilib. Azərbaycan bayraqları ayaqlar altına atıldı, meydana gələn olmadığından, onları götürən olmadı.
İkincisi, "Milli Şura" mitinqdə dövlətə itaətsizlik çağırışı etdi. "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Rövşən Əhmədli hazırda məhkəməsi davam edən T.Bağırzadənin müraciətini səsləndirərkən, açıq şəkildə inanclı şəxsləri dövlətə qarşı itaətsizliyə səsləyib. Mitinqdə tez-tez "Allahu-Əkbər" şüarlarının eşidilməsi də müəyyəm məsələlərə işarə edirdi.
Üçüncüsü, "Milli Şura"nın "İŞİD" siması açıldı. Belə ki, siyasi xarakterli mitinqdə dindarlar təşəbbüsü ələ almışdılar. Elə T.Bağırzadənin bəyanatının oxunması, onu deməyə əsas verir ki, Ə.Kərimli radikal dindarlara bəyanat oxumaları üçün şərait yaratmaqla həm də özü radikal dindarlardan sosial baza kimi istifadə etmək niyyətindədir. Nəzərə alsaq ki, həmin dindarlar bu gün də "İŞİD" sıralarında başqa dövlətin suverenliyini pozmaqla məşğuldur, deməli, bu şəxslər həm də beynəlxalq terrorçudurlar. Belə çıxır ki, Ə.Kərimli beynəlxalq terror təşkilatı ilə əməkdaşlıq edir. Necə ki, meydanda səslənən "Ya Əli, Ya Hüseyn!", "Allahu-Əkbər!", "Dində təqvadır, ürəkdə davadır!" şüarları da yəqin Qərb demokratiyasının təməl prinsipləri, ABŞ və Avropa İttifaqının fəaliyyət istimaqətlərini müəyyənləşdirən kəlmələr sayılmaz əsla. Hazırda məhkəmə prosesi gedən T.Bağırzadənin mitinq iştirakçılarına müraciəti oxunanda isə "Məhsul", sanki illərlə əvvəl ki, Nardarandakı İmam Hüseyn meydanına çevrilmişdi, çünki "Azadlıq!", "İstefa!" bağırtılarını "Allahu-Əkbər!", "Təkbir!" qışqırtıları üstələmişdi.
Dördüncüsü, Ə.Kərimli ilə "NİDA"-çılar arasında mitinq qalmaqalı baş verib. Buna səbəb Ə.Kərimlinin "NİDA" hərəkatı ilə bağlı qalmaqal yaradacaq qərar qəbul etməsi olub. Yəni "NİDA" fəalı Ülvi Həsənlinin 11 sentyabr mitinqindəki nitqi Ə.Kərimlinin xoşuna gəlməyib. O, bundan sonrakı nümayişlərdə çıxış üçün "NİDA"-çılara yer verilməməsi haqda göstəriş verib. AXCP sədrinin "MŞ" rəhbərliyi ilə razılaşdırılmadan verdiyi bu qərar isə qurumun koordinasiya mərkəzinin üzvləri arasında ciddi narazılığa səbəb olub. Belə ki, "MŞ"-nın bəzi üzvləri bu qərarın yanlış olduğunu bildiriblər. Bütün bunlara baxmayaraq, Ə.Kərimli artıq qərarın verildiyini və "NİDA" üzvlərinə "Milli Şura"nın təşkil etdiyi heç bir tədbirdə çıxış haqqı verilməyəcəyini bəyan edib. Ə.Kərimli Ülvi Həsənlini işarə edərək, "Ağzından su tökülən, dili söz tutmayanlar mitinqlərdə çıxış edə bilməz", - deyə iclasa yekun vurub. Ə.Kərimlinin bu addımı qarşı tərəfdə - "NİDA" üzvləri arasında xoş qarşılanmayıb. Onlar bu qərarı "NİDA"-çılara qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Beşincisi, "Milli Şura" hər zamankı kimi bu dəfə də mitinqdən sonra təxribat törətməyə çalışdı. Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, hüquqazidd hərəkətlərə yol veriblər. Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb.
Bir sözlə, Müsavat, ALP, AMİP, ADP, KXCP və digər partiyalar tərəfindən boykot edilən mitinq böyük biabırçılıqla fiaskoya uğradı. "Milli Şura"nın bu mitinqi tarixə "çətiraltı və klyonka mitinqi" kimi düşdü. Növbəti dəfə biabır olan radikallar təxribatçı, "İŞİD"-çi, gülənçi olduqlarını, terrora dəstək verdiklərini açıq şəkildə ortaya qoydular.
"SƏS" Analitik Qrupu