QOBUSTAN
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsi seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının və Referendum üzrə " Yeni Azərbaycan " Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. O, əminliklə bildirdi ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmlər doktoru - professor İsaxan Vəliyev çıxış edərək konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.
Milli Məclisin deputatı Vüsal Hüseynov isə çıxışı zamanı Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək, vətəndaşlarımızın suveren hüququ olduğunu bildirib. Millət vəkili bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq, bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyib.
Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin üzvləri İmran Sabirov, Əlifağa Osmanov bildiriblər ki, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Qobustan rayon seçiciləri tərəfindən bəyənilir və dəstəklənir. Çıxış edənlər əminliklə söyləyiblər ki, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin gördüyü işlər, düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək, Konstitusiya İslahatlarına yekdilliklə səs verəcəklər.
BALAKƏN
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Balakən rayonunda təbliğat kampaniyası ilə əlaqədar olaraq, rayonun 111 saylı Zaqatala-Balakən seçki dairəsinin ərazisində 4800 seçicini birləşdirən rayonun ən böyük yaşayış məntəqələrindən olan Katex kəndində seçicilərlə görüş keçirilib. Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi millət vəkili Nəsib Məhəməliyev Katex kəndindən olan seçicilərlə görüşdə çıxış çıxış edərək bildirib ki, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf prespektivlərini müəyyənləşdirir. O, vurğulayıb ki, respublikamızın bütün regionlarında sürətli sosial-iqtisadi inkişaf nəzərə çarpır. Ölkəmizdə qazanılan nailiyyətlər, demokratik-hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni və təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Referendum Aktı layihəsi vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyinin bünövrəsini daha da möhkəmləndirəcəkdir. Millət vəkili əminliklə bildirib ki, Balakənlilər, o cümlədən, Katex kəndinin sakinləri 26 sentyabrda seçki məntəqələrinə gələrək, referendumdakı dəyişikliklərə "HƏ" deyəcəklər.
Görüşdə kənd ağsaqqalı Şərəf Məmmədov, Rəfiqə Xətətiyeva, Cavanşir Piriyev çıxış edərək, bildiriblər ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmlənməsinə xidmət edəcəyi şübhəsizdir və bu dəyişikliklərin müsbət nəticəsi olaraq, 26 sentyabrda seçki məntəqələrinə gələrək, referenduma "HƏ" deməliyik.
Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupu Balakən rayon qərargahının sədri Azad Balayev çıxış edərək bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai- siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan dövləti sürətlə inkişaf edir. Belə ki, son 13 ildə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərait meydana çıxıb. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur. Bu, sadalanan istiqamətlərdə yeni uğurlara doğru "Həmrəy olaq, HƏ deyək!" devizi altınıda bu islahatlara səs verək!"
ZƏRDAB
Referenedum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsi rayonun Mədəniyyət Evində qadın seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudova konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Zərdab seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri, o cümlədən, qadın seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".
Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu bildirib. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var".
Görüşdə YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri Xəyalə Veyisova, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva və digərləri çıxış edərək qeyd ediblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Əminliklə vurğulanıb ki, onlar bütün seçkilərdə olduğu kimi, 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək, konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU,
İSMAYIL QULİYEV