PDF Oxu

Siyasət

  • 22

"HƏMRƏY OLAQ, HƏ DEYƏK!"

"HƏMRƏY OLAQ, HƏ DEYƏK!"

QUSAR

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsinin sədri David İbramxəlilov açaraq, qeyd edib ki, ölkəmiz növbəti mühüm əhəmiyyət kəsb edən siyasi proses ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcək Azərbaycan dövləti sürətlə inkişaf edir, müasir dünyaya inteqrasiya olunur, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulur". O, ümumxalq səsverməsində Qusar rayonunun seçicilərinin dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlara, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlara, ölkəmizin dünya miqyasında artan nüfuzuna, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlara nəzər salaraq, konstutusiyaya ediləcək əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu görüş iştirakçıların diqqətinə çatdırıb. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər haqqında geniş məlumat verən B.Quliyev dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması və s. Azərbaycanın Əsas Qanunu olan konstitusiyada dəyişiklik edilməsini zəruri edir: "Azərbaycan Prezidentinin irəli sürdüyü əlavə və dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək, daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm uğurlar və yeniliklərin əldə edilməsinə meydan açır".

B.Quliyev referendumun mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bütün seçiciləri seçkidə fəal olmağa çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, konstitusiyaya əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da möhkəmləndirilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial məsuliyyətin artırılmasına və s. hesablanıb. Millət vəkili təklif olunan dəyişikliklərin Azərbaycanın - doğma Vətənimizin daha da qüdrətli dövlətə çevrilməsinə və dünya dövlətləri sırasında daha da irəliləməsinə, xalqımızın firavan yaşamasına xidmət edəcəyini bildirib.

"Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsinin üzvü Nadirşah Şirinov çıxışında seçicilərin yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələrək, konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini qeyd edib.

Görüşün sonunda konstitusiyaya təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş müzakirələr aparılıb.

QUBA

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsi "Nizami" adına klubda seçicilərlə növbəti görüş keçirdi. Görüşdə Quba şəhəri üzrə 750 nəfər seçici iştirak edib.

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək, ümumxalq səsverməsinə çıxarılacaq konstitusiyamıza əlavə və dəyişikliklərə nəzər saldı. Rayon təşkilatının sədri referendumla bağlı təbliğat işlərinin lazımi səviyyədə qurulduğunu diqqətə çatdıraraq, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə start götürən referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan maddələrin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını bildirdi.

Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycanın bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə böyük inkişaf yolu keçdiyini bildirdi. Azərbaycan dövlətinin hər bir sahədə apardığı siyasətin, ilk növbədə, vətəndaşın xeyrinə hesablandığını qeyd edən B.Quliyev konstitusiyada təklif olunan əlavə və dəyişikliklərin ölkədə aparılan siyasi və iqtisadi islahatların davamlılığını təmin edəcəyini diqqətə çatdırdı:"Yeni dəyişikliklər vitse-prezidentlik institutunun təməlini qoyacaq, bununla da yeni idarəçilik sistemi yaradılacaq. Bu əlavə və dəyişikliklər, eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir. Müstəqilliyimizin 25 illiyində, məhz demokratik - hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün irəli sürülən təkliflər tələblərdən irəli gəlir".

Bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirən səlahiyyətli nümayəndə hər bir vətəndaşı sentyabrın 26-da seçkilərdə daha fəal olmağa, öz gələcəyinin inkişafına dəstək olmağa çağırdı.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov ölkədəki ictimai-siyasi proseslərə toxunaraq, qeyd etdi ki, bu gün Azərbaycanın inkişafı ictimai həyatın bütün sahələrində hiss olunur, ölkənin müstəqilliyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmlənir: "Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir. Belə bir dövrdə konstitusiyaya edilən əlavə və dəyişikliklər zəruridir. Referendum Aktı idarəçilikdə yeni islahatlara təkan verəcək, Azərbaycana daha da uğur gətirəcək". O, seçicilərə referendum günü daha fəal olmağı tövsiyə etdi.

Görüşdə iştirak edən seçicilər, birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəkləyəcəklərini və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda iştirak edərək, konstitusiyada ediləcək dəyişiklik və əlavələrə səs verəcəklərini bildirdilər.

NƏSİMİ

Dünən Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayon seçiciləri ilə körüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, ölkəmizdə dövlətçiliyin sürətlə və hərtərəfli inkişaf etməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında yeni islahatları meydana çıxarır: "Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıb. İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurub və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir".

M.İbrahimqızı çıxışında onu da qeyd edib ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Rayon təşkilatının sədri dünya ölkələrində müharibələr, xaos, günahsız insanların qətlə yetirilməsi kimi hadisələr baş verdiyi halda, ölkə başçısı İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycanda sakitlik, əmin-amanlığın hökm sürdüyünü, ölkəmizin davamlı inkişafa nail olduğunu bildirdi.

M.İbrahimqızı bildirdi ki, hər zaman seçkilərdə fəallıq göstərən Nəsimi rayon seçiciləri bu il 26 sentyabrda keçiriləcək referendumda da fəal iştirak edərək referenduma "HƏ" deyəcək, bununla da Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini bir daha nümayiş etdirəcəklər.

Görüşdə çıxış edən Nəsimi rayon Bələdiyyəsinin sədr müavini Həsən Mövsümzadə konstitusiyaya dəyişikliklərin dünyanın inkişaf etmiş, öncül, sabit ictimai mühiti olan ölkələrdə aparıldığını vurğulayaraq, Azərbaycanda da həyatın bütün sahələrində - həm dövlət və özəl sektorlarda, həm də ictimai-sosial sahələrdə sürətli inkişafin müşahidə olunduğunu bildirdi.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hər birinin dövlətçiliyimizin inkişafındakı yeniliklərə xidmət edəcəyini diqqətə çatdırdı.

Görüşdə çıxış edən Nəsimi rayon seçiciləri 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcəklərini bildirdilər.

Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırıldı.

SURAXANI

Dünən 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Suraxanı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əmircan, Bülbülə və Yeni Suraxanı seçicilərilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov referenduma çıxarılan dəyişikliklərlə bağlı seçicilərə ətraflı məlumat verib. Rayon təşkilatının sədri Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açıb: "Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqlarımızın etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələrini verəcək".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev bildirib ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq, müstəqil şəkildə inkişaf edir: "Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur".

Millət vəkili Suraxanı sakinlərini seçkilərdə fəal iştirak etməyə, xalqımızın xoşbəxt gələcəyi naminə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər "HƏ" deməyə çağırıb.

Görüşdə hüquqşünas Loğman Abdullayev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov çıxış edərək bildiriblər ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönələn mütərəqqi addımdır.

Görüşdə iştirak edən seçicilərdən Məşkur Mirzəyev, Paşa Baxşəliyev və başqaları çıxış edərək, referendumda fəallıq göstərəcəklərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürur hissi doğurur.

AĞCABƏDİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağcabədi rayon şöbəsi Azərbaycan Respublikasının konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon sakinləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov 26 sentyabr 2016-cı il tarixdə konstitusiyaya əlavə dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla əlaqədar geniş məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinin məqsədlərinə xidmət göstərdiyini bildirib.

Görüşdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxış edərək, konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər barədə maddələr üzrə ətraflı, müqayisəli təhlil apararaq, seçiciləri məlumatlandırıb. Konstitusiya İslahatlarının ölkə həyatının ən müxtəlif sahələrinə; insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, təhlükəsizlik və müdafiə, xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimləməsinə şamil edilməsini nəzərdə tutulmasını qeyd edib.

Miləlt vəkili Tahir Rzayev çıxışında konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracağını bildirərək, seçiciləri seçki məntəqələrinə gəlib referendumda fəal iştirak etməyə dəvət edib.

Seçicilər adından Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri Rövşən Bayramov və Radə Qafarova çıxış edərək, referendumda nəzərdə tutulmuş dəyişikliklərlə bağlı öz fikirlərini bildirmiş və Ağcabədi sakinlərinin referendumda fəal iştirak edəcəklərini qeyd etmişlər.

BİNƏQƏDİ

Dünən Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun Binəqədi seçiciləri ilə görüşü keçirilib. Görüşdə YAP fəalları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri və seçicilər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsinin və rayon təşkilatının sədri Ramiz Göyüşov referendumla əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verərək, referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində yaradılan təşviqat qruplarının fəaliyyətindən danışıb. Rayon təşkilatının sədri bildirib ki, referendum vətəndaşlarımıza əlavə hüquq və azadlıqların verilməsi, onların mövcud hüquqlarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Dövlətin və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq, konstitusiyaya əlavə və dyişikliklər edilməsinin vacibliyini vurğulayan R.Göyüşov seçiciləri dövlətimizin ictimai-siyasi həyatında mühüm rolu olan referendumda fəal iştirak etməyə dəvət edib.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli çıxışında 1995-ci ilin 12 noyabrında ölkənin ilk konstitusiyasının yaranmasından ötən müddət ərzində 2002 və 2009-cu illərdə həyata keçirilən Konstitusiya İslahatlarından danışıb. Bütün dövlərdə bunun xalqın istək və arzusundan doğduğunu, budəfəki islahatların da, məhz cəmiyyətdən gələn bir sifariş olduğunu bildirib. Bunların icra strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi və terminoloji əlavə və dəyişiklikləri əhatə etdiyini söyləyib.

Görüşdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və gənclərimizin inkişafına yönəlmiş mühüm dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə gənclərin hüquqlarının artırılmasının prioritet olduğunu qeyd edib. Xüsusilə, konstutusiyada yaş məhdudiyyətinin aradan qaldırılmasının bunun bariz nümunəsi olduğunu və gənclərimizin gələcək inkişafına təkan verəcəyini nəzərə çatdırıb.

Görüşdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyininin sədri Emin Həsənli Ulu Öndər Heydər Əliyevin tarixi çıxışlarına istinad edərək, Azərbaycanın dövlətçilik tarixini 3 dövrdə təhlil edib. Belə ki, 1989-1990-cı illəri böhran, məhvolma, 1993-1995-ci illəri müstəqilliyimizin möhkəmləndirilməsi, 1995-ci ildən hazırkı dövrü isə sabitliyin, inkişafın və tərəqqinin bərqərar dövrü kimi xarakterizə edib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasi strategiyası nəticəsində bütün sahələrdə əldə edilən uğurlardan danışıb. Bu uğurların bütün dünyaya nümunə olduğunu bildirib. Sonra konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ətrafında geniş izahatlar verib.

Görüş diskussiya şəklində davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA,

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər