Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri Samux rayonunda qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri Gündüz Bayramov açaraq keçiriləcək referendumla bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.
"Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək!" şüarı ilə təbliğat kampaniyasına start verdiyini deyən G.Bayramov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib.
Onun sözlərinə görə, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, siyasi və idarəçilik sisteminin təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. "Əminəm ki, hər bir Azərbaycan vətəndaşı kimi sizlər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz".
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: "Son illərdə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan hüquqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri edib. Konstitusiyaya təklif olunan hər bir əlavə və dəyişiklik ölkəmizin gücünə əlavə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq". Sonra Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru, YAP Gəncə şəhər təşkilatının İH-nin üzvü Yusif Yusibov və Aqrar Universitetin prorektoru , professor Aida Həsənova çıxış edərək edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə gələrək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.
sia.az