PDF Oxu

Siyasət

  • 26

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

AMEA-da referenduma hazırlıqla bağlı iclas keçirilib

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron zalında 26 sentyabrda keçiriləcək referenduma hazırlıqla bağlı iclası keçirilib. YAP Səbail rayon təşkilatının AMEA ərazi ilk təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən iclas Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı baş tutacaq referendum haqqında elmi müstəvidə fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqil dövlətçiliyin hərtərəfli inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında yeni islahatları həqiqətə çevrilib: "Ölkəmiz müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir".

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktından söz açan səlahiyyətli nümayəndə bu layihənin geniş miqyasda ictimaiyyətin müzakirəsinə təqdim edilməsini cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurəti kimi qiymətləndirib. Çıxışının sonunda İsa Həbibbəyli qarşıdakı referendumda 29 maddə üzrə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edərək, hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət edib.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd edib ki, konstitusiyada nəzərdə tutulan dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir: "Müstəqilliyimizin 25 illiyində, məhz demokratik və hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum seçkiləri mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün daima verilən təkliflər tələblərdən irəli gəlməlidir. Bir gənc olaraq, xüsusilə qeyd etmək istərdim ki, bu dəyişikliklər icra orqanlarında gənclərin təmsil olunmasına, gənclərin bilik və potensialının ölkənin inkişafı naminə daha səmərəli yönləndirilməsinə şərait yaradacaq".

İclasda, həmçinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, Dilçilik İnstitutunun elmi işçisi Rasim Heydərov, Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri Xədicə İskəndərli və digərləri mövzu ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndiriblər.

SİYƏZƏN

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Siyəzən rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Siyəzən rayon şöbəsinin sədri rəhbəri Etibar Heydərov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərldə bağlı ətraflı məlumat verib.

O, qeyd edib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töhfələr verməsi baxımından əhəmiyyətlidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir".

Tədbirdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək, bildirib ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir. B.Quliyev, həmçinin, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlara, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlara, ölkəmizin dünya miqyasında artan nüfuzuna, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlara nəzər salaraq, konstutusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisənin ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək".

B.Quliyev çıxışının sonunda əminliklə bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində siyəzənlilər konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklər.

Tədbirin davamında çıxış edən seçicilər səsvermə günü fəallıq nümayiş etdtrəcəklərini, Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.

GÖYÇAY

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Göyçay rayon şöbəsi Göyçay rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşünü keçirib. Tədbiri Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq, ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verib. O, Azərbaycanda, sözün əsl mənasında, hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən konstitusiya dəyişikliklərinin dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edəcəyini söyləyib.

Görüşdə Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zemfira Əliyeva Azərbaycanda son illərdə müşahidə olunan dinamik inkişafdan danışaraq, Kontitusiyaya müvafiq dəyişikliklərin edilməsinin və milli qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

Rayon veteranlar şurasının sədri Atəş Salahov konstitusiyada qeyd olunan əlavə və dəyişikliklərin ən ümdə məqsədi Azərbaycan vətəndaşlarının rifahının daha da yüksəldilməsi və müstəqil Azərbaycan dövlətçiliyinin qorunmasına istiqavmətləndiyini deyib.

Yığıncaqda Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək, konstitusiyaya edilən əlavə və dəyişikliklərin sosial-iqtisadi əhəmiyyətinə toxunaraq, bildirib ki, bu dəyişikliklər konstitusiyamızı daha da zənginləşdirməklə yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının daha da artırılmasına, idarəetmədə balans sistemininin yaradılmasına, habelə, ictimai mənafelər baxımından torpaq mülkiyyətindən daha da səmərəli istifadə olunmasına şərait yaradacaqdır. Milli Məclisin deputatı Sabir Hacıyev də konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu vurğulayıb: "İnanıram ki, bütün siyasi proseslərdə öncül sıranı tutan Göyçay seçiciləri bu dəfə də Azərbaycan dövlətinin güclənməsinə, daha effektiv idarəçiliyin formalaşdırılmasına, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, bir sözlə, referenduma çıxarılan əlavə və dəyişikliklərin lehinə səs verəcək. Bütün seçiciləri sentyabrın 26-da keçirilən referendumda aktiv iştirak etməyə çağırıram".

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər