GÖYÇAY
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Göyçay rayon şöbəsi rayon təşkilatının qadınlar şurası partiyanın qərargahında qadın seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə YAP Göyçay rayon təşkilatının qadınlar şurasının sədri Zivər Zeynalova açaraq, Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu bildirib. Z.Zeynalova vurğulayıb ki, qadınlar dövlət idarəçiliyində təmsil olunmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən Z.Zeynalova sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Göyçayın qadın seçicilərinin seçki məntəqələrinə yollanaraq daha güclü, daha inkişaflı sabaha səs verəcəklini bildirib.
Tədbirdə Göyçay rayon Ulaşlı- Şıxlı kənd orta məktəbinin müəlliməsi Aynur Mahmudova çıxış edərək bildirib ki, Göyçay qadınlarının 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.
Görüşdə Milli Məclisin deputatı Elman Nəsirov son illərdə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətləri, o cümlədən iqtisadi, sosial, siyasi, mədəni və idman həyatında qazanılan uğurları diqqətə çatdıraraq, bu uğurlar fonunda Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətə çevrildiyini söyləyib: "Təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin daha da inkişafına, dövlət müstəqilliyinin daha etibarlı qorunmasına, idarəetmənin daha da təkmilləşdirilməsinə və digər mühüm məqsədlərə xidmət edir". Sonda millət vəkili bütün seçiciləri, o cümlədən, göyçaylıları referenduma "HƏ" deməyə çağırıb.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU,
İSMAYIL QULİYEV