PDF Oxu

Siyasət

  • 20

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

OĞUZ

Dünən Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun üzvləri Oğuz şəhər seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli inkişafı həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də böyük dövlətlərin diqqət mərkəzinə gələrək, müsbət və mənfi tendensiyaların əsas hədəfi olması Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir: "Konstitusiyaya təklif edilən dəyişikliklərin günün reallıqlarından irəli gəldiyini bildirən millət vəkili vurğulayıb ki, bu, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir."

Tədbirdə çıxış edən Oğuz rayon Ağsaqqallar Şurasının sədri Cuma Cumayev konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini deyib: "Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyir. C.Cumayev bütün seçiciləri 26 sentyabrda fəal olmağa və Referendum Aktına səs verməyə çağırıb."

Tədbirdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarları İttifaqının Oğuz Rayon Komitəsinin sədri Anar Hüseynov və Oğuz RMX həkimi Hümbət Əliyev Referendum Aktına səs verəcəklərini bildiriblər.

ZƏRDAB

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsi rayonun Mədəniyyət Evində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin rəhbəri Pərvin Mahmudova konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. Təklif olunan dəyişikliklərin bütün ölkə vətəndaşlarının, xüsusən də, gənclərin maraqlarına uyğun olduğunu deyən P.Mahmudova ilk dəfə səs verəcək gəncləri ümumxalq səsverməsində fəal olmağa və səsverməyə çıxarılmış Referendum Aktı layihəsini dəstəkləməyə çağırıb.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Jalə Əliyeva ilk dəfə səs verəcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, konstitusiyada nəzərdə tutulan dəyişikliklərin tarixi zərurətdən irəli gəldiyini söyləyib. Millət vəkili dəyişiklik olunacaq maddələr barədə geniş məlumat verərək, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində seçiciləri milli maraqlarımızı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə, hüquq və azadlıqların daha yaxşı müdafiə olunmasına səs verməyə çağırıb. Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ələkbər Kərimov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin gənclərin gələcəyi üçün yeni imkanlar açdığını söyləyib: "Biz gənclər bunu çox yaxşı dərk edərək, ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik".

Görüşdə ilk dəfə səs verəcək gənclərin nümayəndələri də çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsi - referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildiriblər.

CƏLİLABAD

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumla bağlı "Yeni Azərbaycan" Təşviqat Qrupunun Cəlilabad rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlərini davam etdirir. Növbəti tədbir YAP Cəlilabad rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə keçirilən görüş olub.

Görüşü YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq, Referendum Aktı layihəsi haqqında məlumat verib və bildirib ki, nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafeylərinin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü Malik Həsənov Konstitusiya İslahatlarının Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə və millətimizin tərəqqisinə xidmət etdiyini bildirib. Millət vəkili nəzərdə tutulmuş əlavə və dəyişikliklər barədə gənc seçicilərə ətraflı məlumat verərək, gənclərə ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. M.Həsənov çıxışının sonunda bir daha əminliklə cəlilabadlı gənclərin referendum günü həmrəylik nümayiş etdirərək, referenduma "HƏ" deyəcəklərini söyləyib.

Görüşdə gənc seçicilərdən Vüsal Kazımov, Aysun Babayeva, İlahə Rəhimova, Tahir Teymurov, Mirsənan Şahbazov, Rüfanə Qasımova, Elçin Hüseynov, Ziya Quliyev və başqaları təklif olunan dəyişikliklərin Azərbaycanın mənafeyinə xidmət etdiyini qeyd edərək, güclü Azərbaycanın uğurlu inkişafına səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər