PDF Oxu

Siyasət

  • 28

Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır

Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır

Prezident İlham Əliyev: "Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir"

Bu gün Azərbaycan sürətli inkişafı ilə regionun ən güclü dövləti kimi bütün siyasi-iqtisadi proseslərdə söz sahibinə çevrilib. Azərbaycan transmilli layihələr reallaşdırır, qlobal təhlükəsizlik proseslərində iştirak edir, enerji təhlükəsizliyi probleminin həllində vacib rol oynayır. Lakin Azərbaycanın bu uğurlarından narahat olan qüvvələr də mövcuddur və onlar daim ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Bütün səviyyələrdə çalışırlar ki, Azərbaycanda siyasi sabitliyi pozsunlar və bununla da cəmiyyətdə çaşqınlıq yaratsınlar.

O da aydındır ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə, faktiki olaraq, eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bununla bağlı fikirlərini cəmiyyətə çatdıran Prezident İlham Əliyev deyir ki, bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə də, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli-mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə, nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər: "Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana - bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq, irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə də, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq, fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə, görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir".

Azərbaycan istər regionun, istərsə də digər bölgələrdə yerləşən ölkələrdən fərqli olaraq, müstəqil siyasət yürüdür. Dövlətin və xalqın taleyi dünyadakı hansısa digər qüvvələrdən asılı deyil. Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil: "Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki, xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki, xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr və bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə, mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda, həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki, bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq".

Əlbəttə ki, xarici anti-milli qüvvələr heç bir halda istəklərinə çatmayacaqlar. Azərbaycanda siyasi sabitliyi poza, xalqın iradəsini qıra bilməyəcəklər. Çünki Azərbaycanı canından və qanından keçərək, qoruyan gəncliyi var. Bütün dünya bunu bu ilin aprel ayının 2-5-də canlı şəkildə gördü. Azərbaycan gəncləri düşmənə elə bir zərbə vurdu ki, bir daha hansısa düşmən qüvvə bizimlə üz-üzə gəlməyə cəhd edə bilməyəcək. Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının bir hissəsində qaldıran gənclik heç bir zaman ölkənin anti-Azərbaycan qüvvələrinin əlində alət olmasına imkan verməyəcək.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər