Müstəqilliyimizin 25-ci ildönümü ərəfəsində Qusar rayonun ictimai-siyasi, mədəni-iqtisadi həyatında fəallığı ilə seçilən bir qrup ziyalı, rayon veteranlar və ağsaqqallar şuralarının üzvləri Bakıya səfər edərək, burada Ulu Öndər Heydər Əliyevin adı ilə, müstəqillik tariximizlə bağlı məkanlara baş çəkiblər. Əmək, müharibə, silahlı qüvvələr veteranlarından, iqtisadiyyat qabaqcıllardan, alim və ziyalılardan ibarət böyük bir qrup paytaxt səfərinə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayıb. Səfər iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarı önünə təzə-tər gül dəstələri qoymaqla Onun xatirəsini ehtiramla anıblar.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları ziyarət olunaraq, üzərlərinə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanına gələn Qusar ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarlarının üzərinə çiçəklər düzüblər.
Bakıda yaşayan ziyalılar şəhərin ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara burada görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar veriblər. Heydər Əliyev Mərkəzinə ekskursiya da təşkil olunub. Öz əsrarəngiz, möhtəşəm dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyi Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir.
Veteran və ağsaqqallar Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərini virtual formada izləmək imkanından yararlanıblar. Sonra Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkına gələn qusarlılar Bayraq Meydanına üz tutublar.
Ekskursiya iştirakçılarının bir neçəsi təəssüratlarını da bölüşüb: "Tərəqqi" medallı, əmək veteranı Mehrəli Məmmədəliyev: "Gördüklərini kiminləsə bölüşmək, paylaşmaq ehtiyacı duyulur. Təbii, Bakıda ilk ziyarət yerimiz Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı oldu. Çünki Onun adı, yorulmaz fəaliyyəti Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi ilə əbədi bağlıdır. Azərbaycanın elə bir guşəsi tapılmaz ki, Dahi Öndər Heydər Əliyevin adı ilə bağlı xoş xatirələri olmasın. Ulu Öndər Qusar və qusarlılar haqqında da səmimi, böyük məhəbbət və heyranlıqla danışıb. 1998-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin rayonumuza gəlişini, möhtəşəm qarşılanmasını, nitqində söylədiyi "... qusarlılar xüsusi etimada layiqdir. Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Sizin tarixiniz qurub-yaratmaq tarixidir."-sözlərini yaxşı xatırlayıram. Qusarda Ulu Öndərə bəslənən sevgi, Ona olan məhəbbət heç vaxt azalmayacaq, heç vaxt tükənməyəcək, bitməyəcək!"
Əməkdar elm xadimi, "Şöhrət" ordenli professor Kamal Abdullayev: "Bu gün böyük nailiyyətlər qazanırıq. Bunun üçün Ulu Heydər Əliyevə borcluyuq. Çünki Azərbaycanı uğura aparan yol Heydər Əliyevin ideyalarıdır, bu ideyalara Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin sadiqliyidir".
Qusar rayon ağsaqqallar şurasının sədri Vahid Mehdixanov müstəqillik illərində böyük inkişaf yolu keçən paytaxt şəhərdən, onun inanılmaz şəkildə dəyişməsindən və gözəlləşməsindən danışıb. Qeyd edib ki, qarşıda bizi mühüm siyasi kampaniya - bu ayın 26-da keçirilicək ümumxalq səsəverməsi - referendumu gözləyir. Referendum mühüm konstitusion dəyişikliyi nəzərdə tutmaqla, böyük islahat proqramına gedən yoldur: "Bu, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsidir. Dövlət başçısı Azərbaycanı daha güclü və qüdrətli, inkişaf etmiş görmək istəyir. Rayon sakinləri olan hər bir vətəndaşımız bu istəyin aliliyini anlayır və dəyərləndirir".
Əməkdar mədəniyyət işçisi İmran Rzayev, texnika elmləri doktoru, professor Əşrəf Balamətov öz təəssüratlarını bölüşərkən, Azərbaycanın inkişaf yolundan, multikultural və tolerantlıq dəyərlərindən söz açıblar. Qeyd olunub ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birini təşkil edir. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin məntiqi nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI