"Ümumxalq səsverməsi ərəfəsi təbliğat-təşviqat kampaniyasını yaxından izlədik. Gəldiyim qənaət bu oldu ki, insanlar konstitusiya dəyişikliyi ilə bağlı müddəalardan kifayət qədər məlumata malikdirlər. Bunun nəticəsidir ki, bu gün yüksək seçici fəallığı müşahidə olunur". Bunu SİA-ya açıqlamasında Nəsimi 22 saylı dairə seçki komissiyasının 27 saylı məntəqəsində ümumxalq səsverməsini - referendumu yaxından müşahidə etmiş İtaliya təmsilçiləri Nissa Poskali və Farone Qladiyo bəyan ediblər.
N.Poskali ümumxalq səsverməsi günü saat 8-dən məntəqələrdə olduğunu bildirib: "Səsvermədə iştirak edib öz iradələrini ifadə edən insanların simasında gülərüzlük, sevinc hiss olunur. Bu, yaxşı haldır. Deməli, insanlar nəyə səs verdiklərinin fərqindədirlər".
Həmin məntəqədə Belarusdan olan müşahidəçilər Lidiya İrmoslina və Mariya Romanova da olublar. Onlar seçicilərin azad və demokratik şəraitdə öz iradələrini ifadə etmələri üçün məntəqələrdə yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
sia.az