Bu gün ölkəmizdə Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi keçirilir. Səhər saat 08.00 dan etibarən seçkilərə start verildi və bütün məntəqələrdə daşınan və daşınmayan qutular möhürləndi. Həmin andan etibarən insanlar yüksək fəallıq nümayiş etdirərək seçki məntəqələrinə gedərək öz səsvermə hüquqlarından istifadə edirlər.
Respublikanın bütün rayonlarında olduğu kimi Xəzər rayonunda da seçicilərin səsverməsi üçün məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başladı. Rayonun ərazisində yerləşən 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələrini əhatə edən bütün məntəqələrdə seçici aktivliyi müşahidə edilir.
14 saylı Xəzər dairə seçki komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, dairə üzrə 36 seçki məntəqəsində 45050 nəfər seçici siyahıya alınıb: "Səsvermə prosesi beynəlxalq standartlara uyğun şəkildə tam şəffaf, demokratik həyata keçirilir. Məntəqələrin hamısı zəruri avadanlıqlar və texniki vasitələrlə təchiz olunub ki, bu da bizim işimizin səmərələyini artırmaqda yardımçı olur. Həmçinin məntəqə seçki komissiyalarında yerli və xarici müşahidəçilər səsvermə prosesini izləyirlər. Bir sözlə, seçicilərimizin rahat şəraitdə səs verməsi üçün onlara hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından məntəqələrə üz tutaraq ümumxalq səsverməsində iştirak edirlər.
sia.az