PDF Oxu

Siyasət

  • 32

Xalq Referenduma "HƏ" dedi

Xalq Referenduma "HƏ" dedi

26 sentyabrda ölkədə sarsılmaz xalq-iqtidar birliyi bir daha təsdiqini tapdı

Dünən keçirilən ümumxalq səsverməsinin nəticələri inkişaf edən Azərbaycanın siyasi sisteminə cəmiyyətimizin yeni baxışını ortaya qoydu. Sentyabrın 26-da sözün, həqiqi mənasında, ölkəmizin inkişafına xidmət edən belə bir referendumun keçirilməsini, birmənalı şəkildə dəstəkləməklə, bir daha xalq dövlətimizin yürütdüyü siyasəti priortiet məsələ kimi qiymətləndirdi.

SƏBAİL RAYONUNDA KEÇİRİLƏN SEÇKİLƏR ŞƏFFAFLIĞI İLƏ DİQQƏT ÇƏKDİ

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirdi ki, artıq Azərbaycan xalqı əyrini düzdən ayıra bilir. Ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birliyə heç bir qüvvə xələl gətirə bilməz. Referendumla bağlı yerlərdə görüşlərdə ölkə vətəndaşların konstitusiyada nəzərdə tutulan dəyişiklikləri yüksək ərəcədə dəstəklədiklərini gördük. Birmənalı olaraq, hamı ölkəmizin gələcəyini, ölkə başçısının ətrafında birləşməklə onun siyasi kursunu dəstəklədiklərini nümayiş etdirir".

Ş.Hacıyev onu da bildirdi ki, zamanın və reallığın tələbi olan Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir: "Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından əksər Qərb dövlətlərini üstələyir. Azərbaycan bu gün dünyada insan haqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri kimi qəbul edilir. Prezident İlham Əliyev səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə konsolidasiyalı demokratiyanın oturuşmasını labüdləşdirir".

29 saylı Səbail Seçki Dairəsində seçici fəallığı müşahidə olunur

Səbail rayonunda olan seçki məntəqələrində seçkiləri müşahidə edərkən, bir daha seçici fəallığının, xalq-iqtidar birliyinin şahidi olduq. Belə ki, 29 saylı Səbail Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində səsvermənin ilk saatlarından axın davam etməkdə idi. Məntəqənin sədri Lalə Əliyeva bildirdi ki, səhər tezdən insanların məntəqələrə axını bizi də çox sevindirdi: "Yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm var. Bu, bizi də sevindirir. Xalqımız ölkəmizdə baş verən inkişafı, dövlət rəhbərimizin uğurlu siyasəti nəticəsində yaranmış sabitliyi və əmin-amanlığı görür. Ona görə də, öz rəhbərinin hər bir siyasətini dəstəkləyir".

Referendumun gedişini izləməyə cəlb edilmiş müşahidəçilər də vurğuladılar ki, səsvermə prosesi beynəlxalq normalara uyğun keçirilir. İnsanların öz iradəsini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Eynilə 29 saylı Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Bütün seçki dairələrində olduğu kimi, 29 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Fikrət Əzizov, 10 saylı seçki məntəqəsinin sədri Aida Xəlilova, 15 saylı seçki məntəqəsinin sədri Sevinc Tağıyeva referendumun keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bildirdilər.

Seçicilərdən Cavanşir Hüseynəliyev, Səlimə İsmayılova, İradə Mirşəhinli, Nurlan Ağayeva, Nailə Süleymanova, Çingiz Gülalıyev, Faiq Şahbazov və Turan Həsənov söhbət əsnasında səsvermə zamanı yaradılan şəraitdən razı olduqlarını bildirdilər.

SABUNÇU RAYONUNDA SƏSVERMƏ DEMOKRATİK ŞƏRAİTDƏ KEÇİRİLDİ

Eynilə Sabunçu rayonunda da səsvermənin demokratik şəraitdə keçirildiyinin şahidi olduq. Belə ki, 26 saylı Sabunçu birinci dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə ümumxalq səsverməsi şəffaflıq şəraitində keçirilirdi. Saat 17:00-a olan məlumata görə, dairə üzrə 25 min 767 nəfər səsvermədə iştirak edib. Bu da seçicilərin 52,20 faizini təşkil edir.

YAP Sabunçu rayon təşkilatın sədri Mehriban Abasquliyeva bildirdi ki, 26 sentyabrda ümumxalq səsverməsində iştirak edən seçicilər konstitusiyada aparılan islahatların əsl mahiyyətini dərindən başa düşməklə yanaşı, edilən əlavə və dəyişikliklərin ölkə əhalisinin rahatlığı üçün yaratdığı böyük imkanlardan qanunauyğun şəkildə istifadə etmələrini yaxşı dərk edərək, ümümxalq səsverməsində fəallıq nümayiş etdirirlər: "26 sentyabrda xalq səhər saat 8.00-dan həmrəyliy nümayiş etdirərək, səsvermədə iştirak etməklə, Konstitusiya İslahatlarını yekdilliklə dəstəklədiklərini, həmrəylik nümayiş etdirməklə demokratiya və yeni quruculuq yollarında inamla irəli gedərək islahatlara "HƏ" dedilər. Fakt seçicilərin sözüdür, seçicilər də 26 sentyabrda bunu bir daha nümayiş etdirdilər",

26 saylı Sabunçu birinci seçki dairəsi dairə-seçki komissiyasının (DSK) sədri Hacı Əliyev seçki məntəqələrində yaradılan şəraitdən danışdı və DSK üzrə 37 seçki məntəqəsinin 10-nun da veb-kameralarla təchiz edildiyini diqqətə çatdırdı.

DSK sədri onu da söylədi ki, seçki dairəsinin bütün seçki məntəqələrində səsvermənin demokratik, şəffaf və qanunauyğun şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb: "Bütün seçki məntəqələri zəruri texniki vasitələrlə təchiz edilib. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından müşahidəçilər izləyirlər".

Seçici, Sabunçu rayonunda məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün, əmək veteranı İbrahim Məmmədov səsvermənin ədalətli keçdiyini, heç bir qayda pozuntusunun olmadığını bildirib.

Digər bir seçici, paytaxt sakini Nazir İbrahimov da sərbəst, şəffaf və demokratik qaydada səsvermə üçün seçki məntəqəsində əlverişli mühitin yaradıldığını bildirdi.

Göründüyü kimi, Azərbaycan demokratik inkişaf yolunda uğurla addımlayır və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Bütövlükdə, idarəçilik sisteminin təkmilləşdirilməsi, cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik dəyərlərə nə qədər sadiq olduğunu sübut edir.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər