PDF Oxu

Siyasət

  • 33

Suraxanı seçiciləri referenduma "HƏ" dedilər

Suraxanı seçiciləri referenduma "HƏ" dedilər

Dünən keçirilən referendumun (ümumxalq səsverməsi) azad və demokratik şəkildə baş tutması Azərbaycan dövlətinin inkişafından, müasirləşməsindən xəbər verir. Ümumxalq səsverməsində hər bir seçicinin öz iradəsini azad və sərbəst şəkildə ifadə etməsi üçün yaradılan şəraiti, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Suraxanı rayon ərazisində də müşahidə olundu.

Məntəqələrdə olduğumuz müddətdə rayonun dairələr üzrə yerli müşahidəçiləri referendumun gedişatını çox yüksək qiymətləndirdilər. 31 saylı Suraxanı 2-ci Seçki Dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süsən Allahverdiyeva məntəqədə 1111 seçicinin qeydə alındığını və saat 17:50-yə olan məlumata görə, 783 nəfərin səs verdiyini bildirdi. Referendumun azad və demokratik dəyərlərə uyğun keçirildiyini qeyd edərək, seçicilərin sərbəst şəkildə səsvermədə iştirakını bildirdi: "Seçki məntəqəsində proseslər demokratik tələblərə, beynəlxalq standartlara uyğun təşkil olunub və seçicilər üçün lazımi şərait yaradıldığından, heç bir qanun pozuntusu hallarına rast gəlinməyib. Məntəqəmizdə müxtəlif partiya və təşkilatların müşahidəçiləri seçki prosesini müşahidə edirlər".

YAP-ın müşahidəçisi Şükufə Babayeva ümumxalq səsverməsinin demokratik keçdiyini və hər kəsin müstəqil olaraq tam demokratik şəkildə səs verdiyini bildirdi.

Seçici Nübar Musayeva konstitusiyaya edilən əlavə və dəyişiklərlə tanış olduğunu, seçkilərin gedişatından mənnunluq duyduğunu, ifadə etdi: "Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər dövrün tələblərinə uyğun şəkildədir. Ddövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması və s. Azərbaycanın Əsas Qanunu olan konstitusiyada dəyişiklik edilməsini zəruri edir. Mən maddələrlə tanış oldum və bütün bunlar mühüm uğurlar və yeniliklərin əldə edilməsinə meydan açır".

20 saylı seçki məntəqəsinin sədri Minayə Həsənovanın sözlərinə görə, məntəqədə 1133 seçici qeydiyyatdadır: "Səhər saatlarından başlayaraq, seçicilər fəallıq nümayiş etdiriblər. Hər bir seçicinin özünün seçim hüququndan istifadə etməsi baxımından lazımi şərait yaradılıb. Seçki prosesi müxtəlif siyasi partiyaların, eləcə də, müstəqil müşahidəçilərin nəzarəti ilə aparılır".

Müstəqil müşahidəçi Züleyxa Cəfərova seçkinin təşkilindən və gedişindən öz razılığını ifadə etdi. Seçici Şahin Şahsuvarov isə böyük sevinclə səsverməyə gəldiyini və demokratiyanın verdiyi imkanlardan maksimum yararlandığını vurğuladı.

1105 seçicinin qeydiyyatda olduğu 8 saylı seçki məntəqəsinin sədri Kamal Mirzəyev seçicilərin səslərini azad şəkildə ifadə etdiklərini bildirdi: "Deyərdim ki, səsvermə demokratik şəraitdə aparılır. Məntəqəyə gələn seçicilər yüksək səviyyədə təlimatlandırılıblar. Hətta yaşlı insanlar belə məntəqələrə gəlib öz səslərini verərkən, çətinlik çəkmirlər. Onlar Azərbaycanın Ana Qanununa edilən əlavə və dəyişikliklərin hər biri ilə tanışdırlar. Konstitusiyaya əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da möhkəmləndirilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial məsuliyyətin artırılmasına və s. hesablanıb".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər