TEZİS ƏSASINDA
Ümumxalq referendumu: xarici müşahidəçilərin gözü ilə
Konstitusiyada ediləcək əlavə və dəyişiklərlə bağlı referendum - ümumxalq səsverməsi artıq başa çatıb. Özündə 23 maddə dəyişikliyi və 6 əlavəni ehtiva edən və ümumxalq səsverməsinə çıxarılan müddəalar seçki qanunvericiliyi əsasında ümumxalq səsverməsinə çıxarıldı. Hər bir seçici hüququna malik olan şəxs bu hüququndan yararlanaraq seçki məntəqələrinə glrk öz rəyini səsvermə yolu ilə bildirdi.
Qeyd edək ki, referendum sentyabrın 26-da səhər saat 08.00-da başladı və artıq səhər saatlarından etibarən məntəqələrdə yüksək seçici fəallığı müşahidə edildi. Referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirildi. Nəticədə, ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfəri təşkiil etdi. Referendumdan öncə seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılmış, dairə-seçki komissiyalarının hamısı kompyuterləşdirilmiş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. O cümlədən, məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam şəkildə təchiz edilmişdir.
Səsvermə prosesi barədə əldə edilən ən yeni məlumatlar media təmsilçilərinə, eləcə də referendumu izləyən yerli və xarici müşahidəçilərə verilib. Gün ərzində beş dəfə - saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da səsvermədə fəallıqla bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi Şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək, internet səhifəsində yerləşdirilməklə, ictimaiyyətə təqdim olunub. Həmçinin, ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kamera quraşdırılmışdı.
Referenduma olan maraq və diqqət yalnız ölkəmizdə deyil, xarici ölkələri və beynəlxalq qurumları təmsil edən dairələrdə də öz əksini tapdı. Belə ki, referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla, 18 beynəlxalq qurumdan 118 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır.
Eyni zamanda, müşahidə prosesinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılmışdı. Səsvermə saat 19.00-da başa çatıb.
Səsvermənin nəticəsi olaraq, müşahidə missiyaları tərəfindən vurğulanıb ki, referendum demokratik, şəffaf keçirilib, yüksək seçici fəallığı müşahidə olunub. Xüsusilə, beynəlxalq müşahidəçilər səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğu, bütün məsələlərin qanun çərçivəsində tənzimləndiyini bildiriblər.
Brtitaniyalı parlamentarilər: "Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq"
Britaniyalı parlamentarilər seçici fəallığının müşahidə olunduğunu qeyd ediblər. Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib ki, "olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmadıq".
"Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq". Bu fikirləri isə Britaniyanın Lordlar Palatasının üzvü David Evans bildirib. O, qeyd edib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir".
Lord Evans referendumun təqdirəlayiq olduğnunu da vurğulayıb: "Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir".
ATƏT və AŞPA müşahidəçiləri: "Səsvermə prosesi çox yaxşı təşkil edilib"
ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos isə bildirib ki, səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak isə, öz növbəsində, vurğulayıb ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: "Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq".
Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini də öyrənib.
Maqaz van Nes Xuan Alexandro Eberhard-Hollandiya: "Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir"
Hollandiyalı müşahidəçi Maqaz van Nes Xuan Alexandro Eberhard isə seçki prosesi zamanı müşahidəsində deyib ki, səsvermə prosesi açıq və sakit keçir və ümumiyyətlə, "Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir".
Seçicilərlə də ünsiyyət qurduğunu qeyd edən müşahidəçi səsvermə prosesinin çox açıq və sakit şəkildə keçdiyini bildirib.
AŞPA üzvü, ispaniyalı Karmen Kvintanilla da müşahidəsi zamanı insanların səsvermə prosesində sərbəst iştirak etdiklərini deyib: "Azərbaycanda referendum çox yaxşı təşkil olunub".
O, referendumun nəticəsinin Azərbaycan xalqı üçün yaxşı olacağına ümid etdiyini bildirib: "İnsanlar sərbəst şəkildə səsvermə prosesində iştirak edirlər. İndidən Azərbaycan xalqını təbrik edirəm".
Sercio Divina -İtaliya: "Təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması effektiv addımdır"
İtaliya Senatının üzvü Sercio Divina da, öz növbəsində, müşahidə apardığı dövr ərzində heç bir hüquq pozuntusu halı ilə qarşılaşmadığını deyib: "Müşahidə apardığımız məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub".
22 saylı Nəsimi II seçki dairəsinin 5 saylı seçki məntəqəsində olan S. Divina qeyd edib ki, indiyədək müşahidə apardığı məntəqələrdə bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb: "Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə, düşünürəm ki, effektiv addımdır".
Digər beynəlxalq müşahidəçilər də referendum zamanı yüksək aktivliyin müşahidə olunduğunu vurğulayıblar: "İndiyə qədər apardığım müşahidələr seçicilərin kifayət qədər aktiv olduğunu göstərir". Bu barədə Azərbaycanda referendum seçkilərini müşahidə edən Avropa Akademiyasının serbiyalı nümayəndəsi Marko Blogojeviç deyib. O, səsvermənin təşkilinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Səsverməni müşahidə edən Avropa Akademiyasının digər nümayəndəsi Aleksandr Markoviç də həmkarının fikirlərinə şərik olduğunu deyib.
Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermənin mütəşəkkil və sakit keçdiyini Türkdilli Ölkələrin Parlamentlər Assambleyasının (TürkPA) Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov da vurğulayıb. Onun sözlərinə görə, TÜRK PA missiyası bir neçə seçki məntəqəsində olub: "Hər şey dəqiq təşkil edilib"-deyə qeyd edən müşahidəçi bildirib ki, onlar demokratik şəkildə keçirilən səsverməni müşahidə etdiklərinə görə məmnundurlar.
"Azərbaycan xalqı ölkə konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır". Bu fikirləri isə TürkPA-nın baş katibi Jandos Asanov deyib. Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilib.
MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə Missiyasının rəhbəri İlyas Umaxanov: "Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir"
MDB-dən olan müşahidəçilər missiyası da Referendum Aktını böyük maraqla izləyiblər. Belə ki, Azərbaycanda referendumun yüksək səviyyədə təşkil olunduğunu deyən MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə Missiyasının rəhbəri İlyas Umaxanov qeyd edib ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədə hazırlanıb: "Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları və beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Bu, hamı tərəfindən qəbul edilmiş faktdır. Həmçinin, bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir".
İ.Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.
Seçkilərə nəzərət üzrə Avropa Akademiyasının (ASMA) Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea: "Hiss olunur ki, seçicilər konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlıdırılıblar".
Beynəlxalq müşahidəçi - Seçkilərə Nəzərət üzrə Avropa Akademiyasının (ASMA) Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea sentyabrın 26-da Sumqayıtdakı seçki məntəqələrində ümumxalq səsverməsini izləyib.
Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçi referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: "İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlıdırılıblar. Ona görə səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam".
Qeyd edək ki, Sumqayıtda təşkil olunan seçki məntəqələrinin önündə Rəy Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqları, Müdafiə Liqası və LS Araşdırma Mərkəzi "exit-poll" keçirib.
Rəy Monitorinq Mərkəzinin nümayəndəsi Vüsalə Məcidzadə səsvermə ilə bağlı bildirib ki, heç bir qayda pozuntusu qeydə alınmayıb. O bildirib ki, seçki məntəqəsində seçicilərin fəallığı, yüksək əhval-ruhiyyə hiss olunur. İnsanlar səhər tezdən məntəqəyə gələrək, azad və demokratik şəkildə ümumxalq səsverməsində iştirak edirlər.
"Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə-seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb. Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq". Bu sözləri isə jurnalistlərlə söhbətində referendumla əlaqədar "exit-poll" aparan "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin məntəqədəki nümayəndəsi Rəhim Bayramlı bildirib. Səsvermə zamanı qeyd olunub ki, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir: "Hər bir vətəndaş səsvermədə yüksək əhval-ruhiyyədə iştirak edir. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqəsində yaradılan şəraitdən və səsvermə prosesindən razıdır".
Stefan Şennak-AŞPA: "Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb"
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da seçkiləri izləyib. O, 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. Həmməruzəçi seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.
Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının üzvü jurnalistlərə deyib ki, məntəqələr açıldığı vaxtdan səs vermək üçün növbədə çoxlu seçici dayanıb. Səsvermədə iştirak edənlər arasında qadınlar üstünlük təşkil edib.
Stefan Şennak, həmçinin, Bakının mərkəzində yerləşən məntəqələrdə olduqlarını, səsvermə prosesinin çox yaxşı təşkil edildiyini, gün ərzində paytaxtdan kənardakı məntəqələrdə də müşahidə apardıqlarını bildirib. "Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir", - deyə beynəlxalq müşahidəçi Stefan Şennak vurğulayıb.
Rusiyalı ekspertlər: "Referendum nəticəsində ediləcək dəyişikliklərdən sonra Prezidentin verdiyi qərarlar realizə olunması üçün daha qısa yol keçərək effektiv olacaq"
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanda keçirilmiş referendum xarici ölkələrdə də maraqla izlənilib. Belə ki, Şimal qonşumuz olan Rusiyanın ekspertləri bu faktora böyük önəm verdiklərini vurğulayıblar.
"Dövlət idarəçiliyi strukturunda vitse-prezidentlik institutunun yaradılması bu sistemin effektliyini artıracaq. Bu barədə ria.ru saytına Moskva Dövlət Universitetinin Postsovet Məkanı üzrə Tədqiqi Mərkəzinin direktor müavini, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnsitunun eksperti Aleksandr Karavayev Azərbaycanda keçirilən referendum -ümumxalq səsverməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
"Referendum nəticəsində ediləcək dəyişikliklərdən sonra Prezidentin verdiyi qərarlar realizə olunması üçün daha qısa yol keçərək effektiv olacaq"-deyə qeyd edən Karavayev, həmçinin, bildirib ki, bu, xüsusilə, iqtisadi və sosial amillərin inkişafı üçün əhəmiyyət kəsb edir.
Rusiyanın "Yujnıy Qafqaz" (Cənubi Qafqaz) siyasi klubunun rəhbəri İlqar Vəlizadə isə hesab edir ki, konstitusiyada ediləcək dəyişikliklər həm iqtisadi, həm də siyasi islahatların reallaşdırılması üçün hüquqi təməllər yaradır.
Ekspertlər əlavə ediblər ki, dəyişikliklər əsnasında vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması və vətəndaş azadlıqlarının təminatı daha effektli şəkildə realizə olunacaq.
Sonda həm Karavayev, həm də Vəlizadə belə nəticəyə gəliblər ki, dəyişikliklər islahatlar üçün baza rolunu oynayacaq və Azərbaycanın iqtisadi böhrandan daha az zərərlə çıxmasına şərait yaradacaq.
"Komsomolskaya Pravda": "Səsvermənin nəticələrinə görə, ölkə rəhbərliyində yeni vəzifələrin təsis edilməsi, prezident və parlamentə seçkilərdə yaş senzinin ləğvi qanuniləşdiriləcək"
"Səsverməni 100-dən çox beynəlxalq müşahidəçi izləyir". Bu başlıqla isə Rusiyanın nüfuzlu "Komsomolskaya Pravda" qəzetinin elektron versiyasında qeyd olunub. "Azərbaycan Konstitusiyasnda ediləcək dəyişikliklərlə bağlı referendum seçkiləri normal şəraitdə keçirilməkdədir"-deyə yazan "Komsomolskaya Pravda" qəzetində (seçkilər müddətində) qeyd olunur ki, referendum ölkə ərazisində fəaliyyət göstərən 125 dairə üzrə keçirilməkdədir.
Hakimiyyət nümayəndələrinin fikirlərinə də toxunan adıçəkilən media orqanı qeyd edir ki, referendumun keçirilməsinin məqsədi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə hesablanıb.
"Səsvermənin nəticələrinə görə, ölkə rəhbərliyində yeni vəzifələrin təsis edilməsi, prezident və parlamentə seçkilərdə yaş senzinin ləğvi qanuniləşdiriləcək"-deyə yazan "Komsomolskaya Pravda" həmçinin, qeyd edir ki, səsvermə prosesini 100-dən çox beynəlxalq və 53 min yerli müşahidəçi izləyir.
Habertürk: "Azərbaycanda seçkilər şəffaf və qanun pozuntuları aşkarlanmadan keçirilir"
Qardaş Türkiyə mediası da Azərbaycanda keçirilən referendumla bağlı xəbərlər yayıb. Onlardan biri - nüfuzlu Habertürk.com saytı səsvermə ərəfəsində yazıb ki, "Azərbaycanda Konstitusiyanın 23 maddəsində dəyişilik edilməsi və 6 yeni müddəanın əlavə edilməsi üçün keçirilən referendumda səsvermə davam edir". Saytın qeyd etdiyinə görə, 5 milyon 260 min seçicinin olduğu ölkədə paytaxt Bakı daxil olmaqla, digər bölgələrdə 5 min 627 min urnaya bülletenlər atılır və Azərbaycandan kənar yaşayan vətəndaşlar üçün 38 ölkədə seçki məntəqələri qurulub. "Referendumu 53 min yerli, 117 beynəlxalq müşahidəçilər izləyir. Azərbaycanda seçkilər şəffaf və qanun pozuntuları aşkarlanmadan keçirilir" -deyə qeyd edən Türkiyənin media qurumu bildirir ki, referendum axşam saat 19:00-da başa çatacaq. Xəbərin sonunda adıçəkilən sayt müddəalar barədə ətraflı məlumatları yerləşdirib.
MDB təmsilçiləri Dmitri Azarov: "Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb"
"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Bunu isə öz açıqlamalarında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitri Azarov və İlyas Umaxanov bəyan ediblər. D.Azarov bildirib ki, Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir: "Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər".
AŞPA-nın müşahidəçisi Sevda Gündüz: "Seçicilər geniş məlumatlar əldə ediblər"
Daha bir AŞPA-nın müşahidəçisi Sevda Gündüz də referendumla bağlı fikirlərini bildirib və deyib ki, ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır. Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır".
Serbiya parlamentinin deputatı Aleksandra Tomiç: "Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur"
"Referendumla bağlı keçirilən səsvermə üçün bütün avadanlıqlar mövcuddur, təbliğat materialları yerləşdirilib". Bu sözləri isə Serbiya parlamentinin deputatı Aleksandra Tomiç deyib. O, səsvermə günü mərkəzdəki 8 səsvermə məntəqəsində olduğunu bildirib: "Referendumun təşkilat işləri yüksək səviyyədə təşkil edib. Mən şahidi oldum ki, komissiya üzvlərinin çoxu qadındır, düşünürəm ki, bu, çox yaxşıdır. Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur. Seçici fəallığı normaldır. Müşahidələrimizi davam etdiririk".
Fransalı deputatlar: "Düzünü demək lazım gələrsə, müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır"
Fransa parlamentinin deputatı Mişel Vuazen isə deyib ki, referendum gələcək üçün atılmış böyük demokratik addımdır. O, Azərbaycanda seçki prosesini artıq bir neçə dəfə müşahidə etdiyini bildirib: "Mən artıq hər dəfə müşahidələrimin sonunda belə bir qənaətə gəlirəm ki, seçkilərin keçirilməsinin keyfiyyəti artır. Referendumda 29 bənd var. Bu, seçiciyə "hə" və ya "yox" demək imkanı verir. Bu, həm icraedici, həm də qanunverici hakimiyyətə imkan verəcək ki, seçicilərin iradəsini həyata keçirsinlər".
Digər fransalı parlamentari - Tyeri Mariani də fikrini belə tamamlayıb: "Düzünü demək lazım gələrsə, müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır".
O, müsahibə verdiyi zamana qədər artıq 5 səsvermə məntəqəsinə baş çəkdiyini deyib: "İlk dəfədir, 20-dən artıq məsələnin səsverməyə çıxarıldığını görürəm. Düşünürəm ki, xalqın fikrini öyrənmək üçün bu, yeganə yoldur. Referendum təşkilatçıları müxtəlif sualları cavablandırmağa icazə verirlər. Düşünürəm ki, təşkilati tərəfdən hər şey düzgündür. Mən cavabları gözləyirəm. Təbii ki, müşahidəmizi davam etdiririk".
Qilis Bordo-Belçika: "Qadın seçicilər daha çox fəallıq göstərir"
Belçikalı müşahidəçi Belçika Polis üzrə Araşdırma Mərkəzinin əməkdaşı Qilis Bordonun fikrincə isə insanlar işlərini peşəkarlıqla icra edirlər: "Məntəqələrdə yerli müşahidəçilər var idi. İndiyə qədər proses normal davam edir. Qeyd etmək istərdim ki, qadın seçicilər daha çox fəallıq göstərirlər".
TürkPA-nın baş katibi Jandos Asanov: "Ümumilikdə isə, prosesdə seçicilərin yüksək həvəsi və fəallığı diqqət mərkəzindədir"
"Azərbaycan xalqı ölkə konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilən referendum seçkilərinə tam şüurlu şəkildə yanaşır və səsvermə hüququndan yararlanır". Bu fikirləri Bakıda referendumla bağlı səsvermə prosesini izləyən TürkPA-nın baş katibi Jandos Asanov jurnalistlərlə söhbətində qeyd edib.
Onun sözlərinə görə, seçicilərin fəallığı xüsusi müşahidə olunur: "TürkPA-nın müşahidə missiyası axşam saatlarından başlayaraq, səsvermənin nəticələri ilə bağlı bülletenlərin sayılmasını müşahidə edəcək və məhz həmin prosesdən sonra seçicilərin fəallığı ilə bağlı fikirlərini açıqlayacaq. Ümumilikdə isə prosesdə seçicilərin yüksək həvəsi və fəallığı diqqət mərkəzindədir".
Asanov TürkPA-ya üzv olan ölkələrdə keçirilən seçkilərin 2010-cu ildən müşahidə olunduğunu xatırladıb və bildirib ki, təmsil etdiyi təşkilat TürkPA-ya üzv olan ölkələrdə demokratik hüquqların və seçki proseslərinin daha da yaxşılaşdırılmasını əsas hədəf kimi seçib.
Avstriyalı senator Kristofer Back: "Təəssüratlarımız çox xoşdur, pozitivdir"
Avstriyalı senator Kristofer Back isə bildirib ki, onların təəssüratları pozitivdir.
Onun qeyd etdiyinə görə, seçicilərin məntəqələrdə qeydiyyatı çox sadə və düşünülmüş şəkildə həyata keçirilir: "Bülletenlərin küncü kəsilib, seçiciyə təqdim olunur və kəsilmiş künclər ayrıca saxlanılır. Günün sonunda biz səslərin hesablanması prosedurunda iştirak edəcəyik və müvafiq məntəqədə qutularda neçə bülletenin olması, kəsilmiş künclərin sayı hesablanacaq. Onların sayı eyni olmalıdır. Bununla da səsvermənin düzgünlüyü təsdiq olunur ki, eyni şəxs bir dəfədən artıq səs verə bilməz. Onu da əlavə edim ki, təəssüratlarımız çox xoşdur, pozitivdir".
Qorburq Volfanq, Avstriya Parlamentinin üzvü: "Bəzi müxalif təşkilatların bizim haqqımızda yanlış düşüncələrə qapılmalarından təəssüf hissi keçiririk"
Avstriya Parlamentinin üzvü Qorburq Volfanq isə bildirib ki, müşahidə apardığı məntəqələrdə qanun pozuntusunun şahidi olmayıb. O, digər həmkarlarından fərqli olaraq, referendum prosesinə müxtəlif üsullarla kölgə salmağa çalışan yerli müxalifətə ittihamlarını da irəli sürüb: "Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünürlər ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".
O, səsvermə müddətində 6 seçki məntəqəsində müşahidə apardığını deyib: "Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".
Avstraliyalı deputatlar: "Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir"
Avstraliyalı müşahidəçi Kristofer Bek də digər xarici həmkarlarıtək bildirib ki, Azərbaycanda referendum çox yaxşı təşkil olunub. Onun sözlərinə görə, səsvermənin şəffaflığının təmin edilməsi üçün çoxlu təminatlar var. K.Bek referendumun təşkilinin standartlarından məmnun qalıb.
Avstraliya parlamentinin müşahidəçi missiyasının üzvü Kreyq Kelli də deyib ki, Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir: "Məsələn, Avstraliyada şəxsiyyət vəsiqəsini tələb etmirlər".
K.Kellinin sözlərinə görə, missiya Bakı və Abşeron yarımadasında təqribən 10 seçki məntəqəsində olub: "Referendum prosesində çoxlu qadın iştirak edir ki, bu da məni sevindirir".
O, əlavə edib ki, missiya gün ərzində işini davam etdirəcək.
Avstraliya parlamentinin müşahidə missiyasının digər üzvü Lyuk Simpkins isə müşahidə zamanı deyib ki, müşahidə missiyası Bakıda təqribən 10 seçki məntəqəsində olub. L.Simpkins qeyd edib ki, missiya heç bir qanun pozuntusu qeydə almayıb: "Seçici fəallığı olduqca yüksəkdir".
Necdet Ünüvar: "Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib"
Qardaş Türkiyəni təmsil edən deputat, Türkiyə parlamentinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar isə vurğulayıb ki, dövlət şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri tədbirləri görüb: "Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib və bu faktor bir daha təsdiq edir ki, Azərbaycanda seçicilər fəallıq göstəriblər".
Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar: "Azərbaycanda referendumun keçirilməsi prosesi standartlara tam uyğundur"
"Azərbaycanda seçkilərin təşkilində gördüklərimiz Fransada tətbiq etdiklərimizdən fərqlənmir". Bu fikirlərlə isə Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar deyib. A.Rişar qeyd edib ki, Azərbaycanda referendumun keçirilməsi prosesi standartlara tam uyğundur. O, əlavə edib ki, bu gün Azərbaycanda keçirilən referendum xalqın iradəsini əks etdirir: "Bu gün axşam seçkilərin nəticəsi bilinəcək və biz xalqın referenduma münasibətini görəcəyik".
Avropa Xalq Partiyasının nümayəndəsi Ramona Manesku: "Bütün prosedurlar beynəlxalq standartlara cavab verir"
Avropa parlamentinin rumıniyalı deputatı, Avropa Xalq Partiyasının nümayəndəsi Ramona Manesku da, öz növbəsində, bildirib ki, vətəndaşlar seçki məntəqələrində fəallıq göstərirlər və onlar bilirlər ki, nəyə səs verirlər. Onun sözlərinə görə, referenduma hazırlıq prosesində bütün prosedurlar beynəlxalq standartlara cavab verir.
Serbiyalı deputat xanım Tomik Aleksandra da deyib ki, o, müşahidəsi əsnasında əhalinin səsverməyə böyük maraq göstərməsinin şahidi olub: "Bunu müsbət qiymətləndirirəm".
Xatırladaq ki, referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə, müşahidəçilərin sayı 53 minə yaxındır.
Eyni zamanda, seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntusu da müəyyən edilməyib. Nəticədə, Mərkəzi Seçki Komissiyası qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib.
Beləliklə, müstəqil Azərbaycanın şanlı tarixində yeni və daha demokratik səhifə açılıb. Azərbaycan xalqı bir şüar altında cəmləşərək, xalq-hakimiyyət vəhdətini bütün dünyaya nümayiş etdirməklə, real, gerçək demokratik seçki mühitini isbat edib.
Rövşən NURƏDDİNOĞLU