PDF Oxu

Siyasət

  • 23

Xalq referenduma "HƏ" dedi!

Xalq referenduma "HƏ" dedi!

Referendum demokratik, şəffaf keçirildi, yüksək seçici fəallığı müşahidə olundu

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma Vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Konstitusiya İslahatları, həmçinin, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi, insanların mədəni səviyyəsinin yüksəlməsi, hüquqi, dünyəvi, demokratik və müstəqil Azərbaycanın yeni zəfərlərə imza atması istiqamətində çox uğurlu addım olacaq.

Zərurətdən doğan addıma doğru...

Söz yox ki, hər bir dövlətin konstitusiyasının əsas təməl prinsipləri mövcuddur. Dövlət siyasətinə və dünyada gedən proseslərə uyğun olaraq, ana yasada zaman-zaman müəyyən dəyişikliklər edilir ki, bu da zamanın tələbidir. Konstitusiyanın hər bir maddəsində öz əksini tapan qanunların təməl prinsipində xalqın mənafeyi dayanır. Müasir, müstəqil Azərbaycanda da bu faktor əsas olaraq götürülüb və ilk dəfə 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müasir Azərbaycanın azad, demokratik konstitusiyası qəbul edildi. Sonrakl mərhələdə konstutsiyaya 2002 və 2009 -cu illərdə ümumxalq səsvermə - referendum yolu ilə daha iki dəfə dəyişdirildi. Beləliklə, zamanın tələbləri ilə uyğunlaşan müstəqil Azərbaycan dövləti növbəti qlobal dəyişiklər astanasında inkişaf meyarlarını daha da artırması istiqamətində modernləşməyə doğru addım atdı. Daha dəqiq desək, dünyada sürətlə inkişaf edən, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünəməxsus yer tutan Azərbaycan müasir dövrün tələblərinə əsasən, yeni dəyişiklikləri zərurətə çevirdi. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin Referendum Aktı layihəsi çərçivəsində təşəbbüsü irəli sürüldü. Beləliklə, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər üç istiqaməti təşkil etdi. Birincisi, insan hüquq və azadlıqlarının genişləndirilməsi, ikincisi, dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, üçüncüsü də, hüquq terminologiyasının dəqiqləşdirilməsi.

Azərbaycanın tarixinə yazılmış daha bir mühüm gündə xalqımızın böyük dəstəyi və seçicilik fəallığı ilə məntəqələrə axışdı

Müəyyənləşdirilən sahələr dövlətçiliyimizin inkişafındakı yeniliklərin tələbidir. Sentyabrın 26-da, artıq Azərbaycanın tarixinə yazılmış daha bir mühüm gündə xalqımızın böyük dəstəyi və seçicilik fəallığı ilə məntəqələrə doğru axışdı, 11 saatlıq səsvermə prosesindən sonra referendum baş tutdu və xalq daha sürətli tərəqqiyə, daha güclü inkişafa "HƏ" dedi!

Əvvəlki seçkilərdə olduğu kimi, referendumun da azad və ədalətli, demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar yaradılmışdır. Artıq səhər saatlarından yüksək seçici fəallığı müşahidə edilmişdir. Referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirilmişdir. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfə olmuşdur. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunmuşdur. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilmişdir. Gün ərzində beş dəfə - saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da səsvermədə fəallıqla bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi Şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunmuşdur. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində on-line rejimdə işləyən veb-kamera quraşdırılmışdır. Referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla, 18 beynəlxalq qurumdan 118 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdir ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır. Müşahidə prosesinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılmışdır. Referendum demokratik, şəffaf keçirilmiş, yüksək seçici fəallığı müşahidə olunmuşdur. Beynəlxalq müşahidəçilər səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğu, bütün məsələlərin qanun çərçivəsində tənzimləndiyini bildirmişlər.

Rayon və şəhərlərdə fəallıq ən yüksək səviyyədə müşahidə olunub

Referendum səsverməsində əsas nəzərəçarpan faktorlardan biri də seçicilərin ən yüksək şəkildə fəallıq sərgiləmələri oldu. Seçicilər axın-axın seçki məntəqələrinə gedərək, əlavə dəyişikliklərə səs verdilər. Təbii ki, bütün bunların arxasında dayanan daha bir amil də mövcud idi - "Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" təşviqat qruplarının yerlərdə apardıqları təbliğatlar nəticəsində seçicilərə əlavə və dəyişikliklərlə bağlı maarifləndirici bilgilər verildi, hazırlanmış bülletenlər vasitəsilə onlar bir daha hüquq və vəzifələri haqqında məlumatlandırıldılar. Məhz bunun nəticəsidir ki, Azərbaycanın paytaxtında və bölgələrində, şəhər və rayonlarında, qəsəbə və kəndlərində hər bir seçici vətəndaşlıq borcunu üzərində hiss edərək, seçki məntəqələrinə getdi, sevinc və daha xoşbəxt gələcəyə səs verdi.

Azərbaycan sentyabrın 26-da baş tutmuş referendumdan sonra qloballaşan, müasirləşən dünya birliyinə ən ali demokratiya mövqeyini sərgilədi

Bu arada daha bir amili də xatırlatmaq yerinə düşərdi ki, yerlərdə fəaliyyət göstərən əməkdaşlarımız məlumatlar toplayarkən, seçkiləri izləyən müşahidəçilərlə söhbətlər apararaq, proses barədə çoxsaylı məlumatlar əldə etdilər. Rayonlarda yaradılan seçki mühitindən tam şəkildə razı qalan seçicilərlə yanaşı, müşahidəçilər də prosesin demokratik, şəffaf, ən müasir seçki standartlarına cavab verdiyini bildirdilər.

Beləliklə, daha bir mühüm tarix müstəqil, qüdrətli və güclü Azərbaycanımızın tarixinə yazılmış oldu. Azərbaycan xalqı növbəti dəfə dövlətçilik maraqlarından çıxış edərək, xalq-dövlət vəhdətinin sarsılmaz təməllərə söykəndiyini sübuta yetirmiş oldular. Azərbaycan sentyabrın 26-da baş tutmuş referendumdan sonra qloballaşan və müasirləşən dünya birliyinə ən ali demokratiya mövqeyini sərgilədi, qarşıdakı tərəqqi yolunu daha da aydınlatdı, işıqlandırdı!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər