Sifarişli yazılar, uydurma hesabatlar verməklə Azərbaycanı gözdənsalma, antidemokratik ölkə kimi qələmə vermə cəhdləri heç vaxt baş tutmayacaq
Birmənalı şəkildə etiraf etmək lazımdır ki, son onillikdə baş verən "rəngli inqilablar" və "ərəb baharı" dalğalarının faciəvi təzahürləri, yəni parçalanmış dövlətlər, böyük ərazi itkiləri, səfalət, siyasi böhran və digər bu kimi acı gerçəkliklər ABŞ və Qərbi Avropa siyasi dairələrinin, eləcə də onların iqtisadi-siyasi güclərinin fəaliyyətinin nəticələridir. "Demokratiya ixracı" adı altında, əslində, bu bölgələr savaşa, iqtisadi tənəzzülə, siyasi konfrantasiyaya sürükləniblər. Bu dövlətlərə ixrac olunan isə demokratiya yox, onları siyasi vassala çevirən qaydalar olub. Psixoloji manipulyasiya yolu ilə aqressivləşən və qanuni hakimiyyətlərinə qarşı zorakılığa sövq edilən kütlələr sonda bu "inqilabların" qurbanına çevriliblər.
Erməni lobbisinin təşəbbüsləri və maliyyələri nəticəsində Azərbaycana qarşı çirkin niyyətli hücumlar baş qaldırır
Hər kəsə kifayət qədər bəllidir ki, ABŞ və Qərbin siyasi dairələri Azərbaycanda da bu cür "demoklratik mühit" qurmağa cəhdlər göstərirlər. Halbuki ölkəmizdə mövcud olan demokratiya və plüralizm, söz və ifadə azadlığı hər zaman öz üstünlüyü ilə seçilib. Ölkəmizdə yürüdülən mütərəqqi siyasət və bu siyasətin məntiqi nəticəsi olaraq əldə edilən uğurlar xarici dairələrin qıcıqlanmasına, narahat olmalarına səbəb olmaqdadır. Xüsusilə, erməni lobbisinin təşəbbüsləri və maliyyələri sayəsində Azərbaycana qarşı çirkin niyyətli hücumlar baş qaldırır. Nəticədə, biz bir sıra dırnaqarası müxalifət "liderlərinin" radikal və dövlətçilik əleyhinə çıxışları, xüsusilə, AXCP və "Milli Şura"nın, o cümlədən, Müsavat partiyasının qondarma aksiyalarının da arxasında ABŞ, Böyük Brtitaniya, Fransa, Avropa İttifaqının diplomatik nümayəndələrinin dayanmasının şahidi olduq. Biz əvvəllər bundan daha sərt kampaniyalarla qarşılaşmışdıq. Avropa Oyunları, "Avroviziya" Mahnı Müsabiqəsi ərəfəsində bu kampaniyaları daha da fəallaşdırdılar. İndi hansısa qəzetdə çıxan iki məqalə, heç bir diqqət cəlb etməyən dinləmə Azərbaycan hökumətini seçdiyi yoldan döndərə bilməz.
Fakt budur ki, istər daha öncələr, istərsə də hazırkı məqamda - ölkəmizdə referendumla bağlı keçirilən ümumxalq seçkilərində ABŞ və Qərbin Azərbaycana qarşı həyata keçirməyə çalışdığı kampaniyanın heç bir nəticəsi olmadı. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkəmizin mövqeləri də kifayət qədər möhkəm əsaslara, xüsusilə xalq-hakimiyyət birliyinə əsaslanıb.
Görəsən, "The Washington Post" ABŞ-dakı irqi ayrı-seçkilikdən, polis vəhşiliyindən, jurnalistlərin elementar informasiya əldə etmək hüququnun məhdudlaşdırılmasından niyə yazmır?
ABŞ-da baş verən bəzi faktlara nəzər salaq: 2010-cu ildə "ABŞ jurnalistikasının vicdanı" adlandırılan qocaman jurnalist Helen Tomas sosial şəbəkələrdə ABŞ-ın İraq siyasətini və İsrailin Fələstini işğal etməsini sərt tənqid etmişdi. Bundan sonra onun Ağ Evə akkreditasiyası ləğv olunmuşdu və jurnalist karyerası da, faktiki olaraq, bağlanmışdı. 2012-ci ildə 23 yaşlı Dmitri Dyatlov öz bloqunda vitse-prezident Cozef Libermanı hədələdiyinə görə, 2006-cı ildə bloqçu Hel Terner Çikaqonun üç məhkəmə hakimini sərt tənqid etdiyinə görə, elə həmin il bloqçu Vikram Budhi Buş ailəsi haqqında tənqidi material verdiyinə görə, 34 yaşlı Yeklişa Ştorm isə polisin gizli agentlərinin adlarını açıqladığına görə həbs olunmuşdular.
Azərbaycanla bağlı ardıcıl qərəzli materiallar dərc edən "The Washington Post" nəşri və "The Huffington Post"un müxbirləri Uesli Loveri və Rayan J. Reilly yaxınlıqdakı restoranda oturarkən, polis tərəfindən nəzarət altına alınıblar. Görəsən, "The Washington Post" ABŞ-dakı irqi ayrı-seçkilikdən, polis vəhşiliyindən, jurnalistlərin elementar informasiya əldə etmək hüququnun məhdudlaşdırılmasından niyə yazmır? Yəni onlar gözlərinin önündə o qədər problemlər olduğu halda, Azərbaycanı hansısa məsələlərə görə tənqid edə bilməzlər. Beləliklə, ABŞ və Qərbin erməni lobbisinin sayəsində aldıqları qərəzli sifarişləri heç bir effekt verməyəcək.
Böyük Britaniyanın "The Guardian" qəzeti də bu çirkin kampaniyaya qoşulub antiazərbaycançı şəbəkənin tapşırıqlarını yerinə yetirməklə məşğuldurlar. Antiazərbaycançı dairələr, o cümlədən, "The Washington Post", "The Guardian" kimi ruporlar anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin konstitusiya tələblərinə görə qorunur. Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir.
Azərbaycana qarşı bəzi dairələrin apardığı istənilən çirkin kampaniya iflasa məhkumdur
Amma nə yazıq ki, bir sıra ABŞ-a bağlı ermənipərəst qeyri-hökumət təşkilatları antiazərbaycançı şəbəkənin təsiri altına düşüb, ölkəmiz haqqında mənfi imic formalaşdırmaqla məşğuldurlar. Azərbaycanın hərtərəfli inkişafına qısqanclıqla yanaşan "Freedom House", "Human Rights Watch", "Amnesty International" kimi təşkilatları yalan informasiya ilə təmin edən həmin QHT-lər daim Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları olurlar. Bu, artıq bütün Azərbaycan ictimaiyyətinə bəllidir. Ümumiyyətlə, diqqət yetirsək, görərik ki, Azərbaycana qarşı son günlər başlanmış çirkin kampaniya haradan qaynaqlanır və tapşırıqlar xüsusi olaraq hansı dairələrə, kimlərə həvalə olunub.
Beləliklə, bir daha deyə bilərik ki, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə yol açan, vətəndaş cəmiyyətini inkişaf etdirən və mökəmləndirən həm qanunvericilik bazası, konstitusiya, həm də yüksək siyasi iradə var. Belə ki, Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsidir. Ona görə də Azərbaycana qarşı bəzi dairələrin apardığı istənilən çirkin kampaniya iflasa məhkumdur. Sifarişli yazılar, uydurma hesabatlar verməklə Azərbaycanı gözdənsalma, antidemokratik ölkə kimi qələmə vermə cəhdləri heç vaxt baş tutmayacaq.
RƏFİQƏ HÜSEYNOVA