Türkiyə mediası Azərbaycanda baş tutmuş referendumla bağlı geniş materiallarla çıxış etməkdədir. SİA xəbər verir ki, qardaş ölkənin "Sabah", "Türkiye", "Milliyyet", "Akşam", "Yeni Şafak", "Star" kimi aparıcı media qurumları, eləcə də çoxsaylı xəbər agentlikləri dünən keçirilmiş referendum barədə ölkə vətəndaşlarını məlumatlandırıblar. Türkiyə mətbuatında bildirilir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyanın 23 maddəsində dəyişikliyin və 6 yeni maddənin əlavə edilməsinin nəticələrini açıqlayıb. "Xalqın seçiminə təqdim edilən 29 maddənin hər biri üçün ayrı-ayrı nəticələri açıqlayan MSK təxmini hesablamalara əsaslanaraq seçicilərin 86,6-nın "hə" dediyini bəyan edib"-deyə qeyd edən Türkiyə mətbuatında xatırlanır ki, ölkədə səs vermək hüququ olan 5 milyon 260 min seçicidən 3 milyon 671 mini referendumda səs verib. Bu isə 69,7%-i təşkil edir. "Seçicilər, Bakı və digər bölgələrdə qurulan 5 min 627 səsvermə urnasına bülletenlərini atıblar"-deyə qeyd edən qardaş ölkənin media qurumlarında o da bildirilir ki, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları 38 nöqtədə qurulan seçki mərkəzlərində referendum prosesinə qatılıblar. "Referendumu 53 min 33 yerli, 117 xarici müşahidəçilər izləyib"-sonda Türkiyə medialarında vurğulanır.
sia.az