AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın inkişaf mərhələsində olduğunu söyləyərək, kitabxananın istifadəyə verilməsinin dövlət başçısının elmə, təhsilə, mədəniyyətə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu deyib.
AMEA-nın vitse-prezidenti MEK-də həyata keçirilən Milli rəqəmsal yaddaş, "Vahid idarəetmə sistemi", "Vikipediya", "Paralel sorğu", "Açıq Kitabxana" və s. layihələrin uğurla icra edildiyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyev irsinə aid olan ədəbiyyatın rəqəmsallaşdırılmasını, elektron kataloqa və video-təqdimat formasına salınmasını xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bir il ərzində görülən işlər, əldə olunan nəticələr və perspektivlər barədə geniş hesabat nitqi söyləyib. O, 2015-ci ilin sentyabr ayında MEK-in açılışı zamanı qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib.
L.İmanova 2016-2019-cu illər üçün 5 strateji hədəf müəyyən edildiyini bildirərək, bunların Vahid İdarəetmə Sisteminin tam hazırlanıb istifadəyə verilməsi, Milli rəqəmsal yaddaş bazasının işlək vəziyyyətə gətirilməsi, peşəkar heyətin formalaşması, beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması, informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi olduğunu bildirdi.
Sonda kitabxananın fəaliyyətini əks etdirən film nümayiş etdirildi.
ZÜMRÜD