Həyata keçirilən demokratikləşmə prosesində, xalq-hakimiyyət birliyi əsas aparıcı qüvvə olmaqla, vətəndaş cəmiyyəti quruculuğu prosesinə daima öz müsbət töhfəsini verməkdədir. Respublikamızda qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Bu gün müstəqil Azərbaycan öz siyasətini, məhz möhkəm təməllər üzərində qurmuşdur. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşlarımızın sosial həyatlarının daha da yaxşılaşdırılması, dövlət idarəçiliyində ən modern siyasi mexanizmlərin həyata keçirilməsi və s. mühüm faktorlar da bu amili özündə ehtiva etməkdədir. Dövlətimizin yürütdüyü siyasətində prioritet məsələ kimi qiymətləndirilən bu məsələ 26 sentyabrda baş tutmuş Referendum Aktı layihəsi çərçivəsində, ümumxalq səsverməsi ilə özünü təsdiqlədi. Belə ki, Prezident İlham Əliyevin Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə irəli sürdüyü təşəbbüs də Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının qorunmasına, ölkənin hərtərəfli inkişafın göstərdiyi diqqətin bariz nümunəsidir. Belə ki, sentyabrın 26-da keçirilən səsvermənin yüksək fəallıq şəraitində keçməsi referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya təklif olunan əlavələr və dəyişiklikləri dəstəklədiyini nümayiş etdirdi.
Səsvermə günü xalqın böyük izdihamla seçki məntəqələrinə gedərək, daha güclü Azərbaycana səs vermələri bunun bariz və məntiqi nəticəsidir
Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" və "Vətəndaş cəmiyyəti" təşviqat qrupları təbliğat kampaniyasının qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri gördü. Təşviqat kampaniyası dövründə "Yeni Azərbaycan" və "Vətəndaş cəmiyyəti" təşviqat qrupları Azərbaycanın bütün bölgələrində - şəhər, rayon, qəsəbə və kəndlərində seçicilərlə çoxsaylı görüşlər keçirib, onların maarifləndirilməsi prosesində yaxından iştirak ediblər. Bu görüşlərdə qarşıya qoyulan əsas məqsəd referenduma çıxarılan məsələlərlə bağlı izahat işi aparmaq, seçiciləri maarifləndirmək olub ki, səsvermə günü xalqın böyük izdihamla seçki məntəqələrinə gedərək, daha güclü Azərbaycana səs vermələri bunun bariz məntiqi nəticəsidir.
Diqqətçəkici məqamlardan biri də budur ki, təşviqat qruplarının keçirdikləri yüzlərlə görüşlər nəticəsində Azərbaycan vətəndaşlarına - referenduma çıxarılan məsələlərin mahiyyətini və məzmununu demokratik və plüralizm şəraitində çatdırdı. Vətəndaşlarda müsbət təsir buraxan görüşlər, əsasən, açıq debatlar, diskussiyalar, müzakirələr şəraitində keçirildi, hətta ən kiçik detallara qədər məsələlər insanlarımızın diqqətinə çatdırıldı. Bu, bir daha sübut edir ki, onu maraqlandıran suallara cavabını tapdıqdan sonra referendum günü səsvermədə fəallıq göstərəcək. Əlbəttə ki, burada seçki təcrübəsi də öz rolunu yetərincə təsdiq edir. Bu günə kimi Azərbaycanda 6 prezident, 5 parlament, 4 bələdiyyə və 3 referendum səsverməsi keçirilib. Sonuncu-26 sentyabr referendumuna qədər keçirilən öncəki referendumlarda toplanmış təcrübələr də, əlbəttə ki, burada öz əhəmiyyətli rolunu oynamış oldu. Məhz bu baxımdan, demək olar ki, uğurlu təcrübə və xalqın referenduma olan marağı təşviqat kampaniyasını daha səmərəli şəkildə aparmağa, seçki resurslarından düzgün istifadə etməyə kifayət qədər zəmin yaratmış oldu.
Səs verən vətəndaş ölkə tarixinin növbəti uğur səhifəsinə səs vermişdir
Onu da qeyd etmək istərdim ki, qarşıdan gələn ayda - oktyabr ayında xalqımız Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümünü böyük təntənə ilə qeyd edəcək. Müstəqillik dövründə ölkəmiz demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində böyük inkişaf yolu keçib. Qeyd etdiyim kimi, seçki və referendumların təşkili istiqamətində zəngin təcrübənin əldə edilməsi də bu illər ərzində formalaşıb. Ona görə də ölkə Prezidenti İlham Əliyev dövrün tələblərini, mövcud reallıqları və beynəlxalq təcrübəni nəzərə alaraq, konstitusiyaya dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etdi.
Artıq 26 sentyabr günündə səs vermiş vətəndaş ölkə tarixinin növbəti uğur səhifəsinə səs vermişdir desək, bu mühüm hadisədən daha düzgün nəticə hasil edə bilərik. Yəni hər kəsə bəllidir ki, Referendum Aktı çərçivəsində təklif olunan dəyişiklikləri, ilk növbədə, ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı kimi qiymətləndirmək olar.
Biz Referendum Aktı layihəsinə səs verməklə nəyi qazandıq? Bu sualı cavablandırmaqdan ötrü yenidən həmin müddəaları nəzərdən keçirmək lazımdır. Demokratikləşməyə xidmət edən vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması və təminatı baxımından referendumu təhlil etsək, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsində Konstitusiyanın 9-cu maddəsinə təklif edilən variantlar və s. aşağıdakı kimidir: "Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir".
Əvvəlki variantdan fərqli olaraq, bu maddədə Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibi olduğu elan edilir. İnkişaf etmiş dövlətlərin rastlaşmadığı münaqişəli müharibə şəraitində demokratik quruculuq ideyalarını müdafiə edən və həyata keçirən Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin idarə etməsinin mərkəzləşməsi hazırkı şəraitdə, hesab edirik ki, referendumda müzakirəyə çıxarılmış, yerində olan hüquqi əhəmiyyətli məsələlərdən biridir. Bu konkret dəyişiklik Azərbaycan dövlətinin təhlükəsizliyinin və müdafiəsinin əsaslarının iqtisadi, hüquqi, sosial baxımdan daha da möhkəmləndirilməsinə xidmət edir.
Referendum Aktında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi" (24), "Bərabərlik hüququ" (25) maddələrinin, təklif edilən variantlarına diqqət etsək, demokratik idarəetmə prosesində iştirak etmək üçün vətəndaşlara bərabər hüquqların verilməsi, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə öz fikrini ifadə etmək və idarəetmədə iştirakda bərabərliyin təmin edilməsi ilə bağlı verilən imkanların təsbitini görürük. Bu imkanlar, məhz mövcud maddələrin variantlarından daha dəqiq ifadə edilməklə, vətəndaşlarımızın, eləcə də, müxtəlif dinlərə mənsub olan insanların demokratik cəmiyyətdə birgə dinc yaşamasının daha dəqiq təmin edilməsi baxımından, önəmli hüquqi əhəmiyyətli əlavə və dəyişiklik kimi dəyərləndirilməlidir.
O cümlədən, "Vətəndaşlıq hüququnun təminatı" (maddə 53) variantında "Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz" variantını mövcud variantla müqayisə etdikdə, daha da təkmilləşmiş hüquq norması ilə qarşılaşırıq.
Vətəndaşlıq institutu dövlət və vətəndaş arasında siyasi-hüquqi münasibətlərin müstəvisində qurulur. Vətəndaşların şəxsi mənafeyinə nələrin uyğun olub-olmamasını bəzi istisnalarla özlərinin həll etməsi hüququ mütərəqqi prinsip kimi qəbul edilməlidir.
Referendum Aktı layihəsində müzakirəyə çıxarılan yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Prezidenti tərəfindən buraxılması ilə bağlı edilən təklif idi ki, xalqımız bu təklifə "HƏ" dedi. Çünki dünya təcrübəsində, demokratik inkişaf yolunda olan dövlətlərdə təkamülün nəticəsi olaraq, parlament üzvlərinin daha çox seçicilərdən asılı olması və onlar qarşısında hesabat verməklə hamılıqla idarəetməyə nail olma mövqeləri əsas hədəflərdən hesab olunur. Hüquqi baxımdan Referendum Aktı layihəsinə edilən bu təklif əvvəlki institutun təkmilləşməsi baxımından yeniliklərin zərurətlə əlaqədar yaradılması istiqamətində mütərəqqi təşəbbüskarlığın nəticəsidir.
Həmçinin, Azərbaycan Respublikasında demokratik siyasi institutların inkişafı üçün sosial-iqtisadi və hüquqi şərait yaradan ümumxalq səviyyəli təkliflər kimi qiymətləndirərək, deməliyik ki, bu müddəalar Azərbaycan Respublikasının Prezident idarəetmə sisteminin və ümumilikdə, demokatik idarəetmənin dərinləşməsi üçün xüsusi əhəmiyyəti ilə seçilən, xalq müzakirəsinə verilən, dövləti və xalqı birləşdirən, dövlətdaxili və beynəlxalq əhəmiyyətli hüquqi sənədlər məcmusudur.
Beləliklə, bir daha əminliklə vurğulaya bilərik ki, Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan mühüm siyasi kampaniya beynəlxalq seçki qanunvericiliyinə uyğun şəkildə uğurla başa çatmış və xalq tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoymuşdur. Referendumun nəticələri vətəndaşların ölkə iqtidarına dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini deməyə ciddi əsaslar verir.
NƏRİMAN ƏLİYEV,
Milli Məclisin deputatı