QHT rəhbərləri müxalifətin hay-küyünün arxasında xarici məkrli qüvvələrin dayandığını iddia edirlər
Referendum azad və demokratik şəkildə xalqın istəyinə uyğun başa çatdı. Amma müxalifət və onların xaricdəki qüvvələri hələ də hay-küy salmaqda davam edirlər. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə söhbətimizdə onlar dağıdıcı müxalifətin hay-küyünün arxasında xarici məkrli qüvvələrin dayandığını bildirdilər.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov:
- Müxalifət və onların xaricdəki havadarları adət ediblər hay-küy qaldırmağa. Amma hay-küy əsassızdır. Çünki Azərbaycan xalqı hakimiyyətin ətrafında sıx birləşib. Xalq 26 sentyabr ümumxalq səsverməsində-referndumda əlavə və dəyişikliklərə "HƏ" deməklə dağıdıcı müxalifəti və onların arxalandıqları məkrli, pozucu qüvvələri boykot etmiş oldu. Dağıdıcı müxalifət Azərbaycanın xalqının və dövlətinin maraqları baxımdan deyil, öz maraqları çərçivəsində çıxış edir. İllərdi xarici qüvvələr pərakəndə və dağınıq halda olan radikal müxalifəti birləşdirmək üçün müxtəlif layihələr həyat keçirməyə çalışıblar. Amma yekun nəticə ondan ibarətdir ki, iddialar müxalifətin birləşmələrinə imkan verməyib. Əgər doğurdan da, Azərbaycan dövlətinin, xalqının maraqları onların fəaliyyətinin əsas prinsipi olsaydı, keçirməyə cəhd etdikləri mini- aksiyalara 5-10 nəfər gələrdi. Nə qədər ki, indiki kərimlilər, həsənlilər, hacılılar partiya rəhbərləridirlər, müxalifətin formalaşması mümkün olmayacaq. 26 sentyabr referendumu, bir daha göstərdi ki, xalq müxalifəti rədd edir. Bu baxımdan, müxalifət partiyaları tarixin arxivinə atılmağa məhkumdurlar.
"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:
- 26 sentybar 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum keçirildi. Minlərlə yerli və beynəlxalq təşkilatların müşahidə etdiyi ümumxalq səsverməsinin artıq ilkin nəticələri bəllidir. Dağıdıcı müxalifətin pozuculuq cəhdlərinə, insanların siyasi fikirlərini çaşdırmaq hallarına baxmayaraq, Azərbaycan vətəndaşlarının böyük hissəsi seçki məntəqələrinə gələrək, ölkənin taleyüklü məsələsinə-Ana Qanuna təklif olunan əlavə və dəyişikliklərə səs verdilər. Hər bir dövrün özünəməxsus iqtisadi və siyasi tələbləri mövcuddur. Konstitusiyamıza edilən əlavə və dəyişikliklər, məhz bu yeniliklərin Ali Qanunda hüquqi təstiqi, eyni zamanda Azərbaycan Respublikasının müstəqllik dönəmində əldə etdiyi uğurların, sabitlik və təhlükəsizliyin gələcəkdə də qorunub- saxlanılması üçün zəruri addımların atılması ehtiyacından irəli gəlir. Referendum Aktının qəbul olunmasını vətəndaşlarımızın, xüsusilə gənclərimizin regionda və bütövlükdə, dünyada cərəyan edən geosiyasi prosesləri, yeni cağırışları adekvat dəyərləndirməsi kimi qiymətləndirmək lazımdır. Düşünürəm ki, referendumun nəticələri Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olaraq ölkəmizin təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində atılmış mühüm addımdır.
"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:
- Referendum və onun nəticələrini qiymətləndirmək üçün, heç şübhəsiz, seçki texnologiyalarından istifadə etmək lazımdır və həmin ölçü meyarlarından istifadə edərək, qiymətləndirmə aparılmalıdır. Əsas göstəricilərdən biri, qeyd etmək lazımdır ki, referendumu 117 beynəlxalq müşahidəçi də daxil olmaqla, 53 mindən artıq müşahidəçi izləyib. Demək olar ki, hər seçki məntəqəsində 10-a yaxın müşahidəçi fəaliyyət göstərib. Bu, şəffalığın təmin edilməsi üçün yüksək bir göstəricidir. Bundan başqa, xeyli məntəqələrdə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda, beynəlxalq səviyyədə azad və demokratik seçki meyarı sayılan "Exit-poll"un keçirilməsidir ki, xarici təşkilatlarla əməkdaşlıqda 4 belə qurum müstəqil sürətdə bu prosesi izləyib və artıq öz müsbət rəyini də açıqlayıb. Eyni zamanda, AŞPA missiyası, TürkPA Beynəlxalq Müşahidə Missiyası, Avropa Xalq Partiyasının müşahidə missiyası, Avropa Seçkilərin Müşahidəsi Akademiyası, Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupu və digər beynəlxalq müşahidə missiyaları referendumun azad və şəffaf şəraitdə keçirilməsi ilə bağlı ilkin rəylərini açıqlayıblar. Ümumilikdə, hər hansı bir neçə məntəqə kiçik texniki problemlərin yaranması və yaxud hər hansı qanun pozuntusunun olması belə bu prosesə kölgə sala bilməz. Çünki bu məsələlərin həlli üçün qanunvericilikdə müvafiq proseduralar müəyyənləşib.
GÜLYANƏ