PDF Oxu

Siyasət

  • 18

İlham Əliyev: “Keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir”

İlham Əliyev: “Keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir”

"Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı"

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzinin, Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin, balacalar üçün əyləncə və istirahət guşələrinin burada inşa edilməsi ərazini daha da cəlbedici məkana çevirib.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev görülən işləri əks etdirən stendə baxdı. Məlumat verildi ki, bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki "Göyərçin" abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir. Diqqətə çatdırıldı ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib. Bildirildi ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib. AZƏRTAC xəbər verir ki, Türkiyədə istehsal edilən "AKİA" markalı bu avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var. Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

Prezident İlham Əliyev daha sonra əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, bina 1956-cı ildə istifadəyə verilib. Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır.

Burada həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Bu kompleksdəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

Dövlətimizin başçısı Dənizkənarı bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Dövlətimizin başçısı elektromobillə bulvarın ərazisini gəzdi. Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir. Sahəsi 12 hektar olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün zəruri şərait var.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Bildirildi ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb. Qeyd olundu ki, bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, balacalar üçün 10 attraksion quraşdırılıb. Diqqətə çatdırıldı ki, sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq. Bulvarın ərazisində 4,2 kilometr uzunluğunda yeni yol çəkilib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bulvar boyunca salınan yeni asfalt yolun eni 16 metrdir. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib, mərmərlə üzlənib. Müasir səviyyədə salınan yolda işıqlandırma sistemi də quraşdırılıb. Sonra dövlətimizin başçısına bulvar ərazisində inşa edilən "Kristal Abşeron" yaşayış kompleksi barədə də məlumat verildi.

Bildirildi ki, bu kompleksdə ehtiyacı olan sakinlər mənzilləri 20 illik ipoteka yolu ilə də ala bilərlər. Beləliklə, kompleks sürətlə dəyişən Sumqayıtda əhalinin mənzil probleminin həllində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev həmçinin Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevə küçənin yenidən qurulması çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilib. Yolun 4 min metrinə "Azəryoltikinti" ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib.

Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq, velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev parkında yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı elektromobillə parkın ərazisini gəzdi. Məlumat verildi ki, son dövrlərdə Sumqayıtda əsaslı təmir olunaraq yenidən qurulan istirahət məkanlarından biri də Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi 8 hektardır. Bu park 1995-1996-cı illərdə salınıb. Ötən ildən başlayan əsaslı təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb. Görülən işlər çərçivəsində parkın girişi və saat qülləsi yenidən qurulub.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səid Rüstəmov adına Sumqayıt şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev məktəblə tanış oldu. Bildirildi ki, məktəb əvvəllər doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində və əlavə tikilmiş qeyri-yaşayış sahəsində yerləşirdi. Məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Yeni binanın inşasına keçən ilin noyabrında başlanılıb. Tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Ümumi sahəsi 2950 kvadratmetr olan bina üçmərtəbəlidir. Buradakı 27 sinif otağının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. Yüz iyirmi yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və emalatxanalarda dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda Uşaq İncəsənət Məktəbində 730 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 217 müəllim məşğuldur. Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi. Sonra xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış oldu. Uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələrini təmin etmək üçün məktəbdə hər cür şərait yaradılıb. Burada dərslərin yüksək səviyyədə keçirilməsinə imkan verən əsas yarış zalı, altı tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Dövlətimizin başçısı burada bu məktəbin yetirmələri olan Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvləri Zeynəb və Türkan Məmmədyarova bacıları ilə görüşdü. Azərbaycan Prezidenti balaca şahmatçılara da uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Məlumat verildi ki, Heydər Əliyev parkında inşa olunan Mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar da böyük maraq doğurur. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdi ki, Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir:

"Biz bu gün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını qeyd edirik. Onların arasında əlbəttə ki, öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Bu Mərkəz həm memarlıq, həm də funksionallığı baxımından çox gözəl abidədir, Ulu Öndərin adına yaraşan bir Mərkəzdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub. Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi, heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür. O ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən etmişdir. O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq, ölkədə Azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim özünü doğrultdu. Biz bu gün bunu bir daha əyani şəkildə görürük. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır.

Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olmuşdur. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir.

Dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb.

Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə" deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm."

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, İqtisadiyyat naziri Şahin Mustafayev, Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, "SOCAR Polimer" MMC-nin direktoru Fərid Cəfərov və "SOCAR Karbamid" zavodunun direktoru Xəyal Cəfərov çıxış edərək diqqətə çatdırıblar ki, dünyada mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan islahatlar ölkənin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Bu iqtisadi strategiyanın əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli qeyri-neft sənayesinin inkişaf etdirilməsidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ciddi sənaye potensialı formalaşdırılıb, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Mingəçevir də sənaye mərkəzlərinə çevrilib.

Digər xəbərlər