Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və "Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan "Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri" adlı layihənin tədbirləri regionlarda uğurla davam edir. Növbəti tədbirlər Tərtər, Bərdə, Mingəçevir, Göyçay və digər rayonlarında həyata keçirilməkdədir.
İctimai birliyin sədri Y.Ağayev Tərtər, Bərdə, Mingəçevir, Göyçay rayonlarında keçirilən tədbirlərdə çıxış edərək, gənclərə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradıldığını, Azərbaycan dilinin müasir zamanda formalaşma meyillərindən, gənclərin bu prosesdə aktiv iştirakının mümkün nəticələrindən danışıb.
Layihə üzrə sessiyalarda ekspertlərin çıxışları dinlənilib. Ekspertlər filologiya elmləri doktoru, professor A.Bayramov, filologiya elmləri doktoru, professor M.Quliyev, C.Abdullayev, E.Musayev, R.Əliyev, T.Şahbazova və digərləri layihənin mövzusunun günümüzdə aktuallıq kəsb etdiyini bildiriblər.
Çıxışçılar, eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edildiyini, respublikada dil siyasətinin, birmənalı şəkildə, formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək, milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbitini gənclərin diqqətinə çatdırıblar.
Tədbirlər qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
NƏZAKƏT