"Azərbaycan xalqı sərbəst, açıq və şəffaf şəkildə dəyişiklikləri dəstəklədi"
Məlum olduğu kimi, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən referendum haqqında müsbət rəylərini bildirdilər. Qeyd olundu ki, insanlar sərbəst şəkildə məntəqələrə üz tutaraq, təklif olunan yeni dəyişiklikləri dəstəklədilər. Azərbaycan xalqı dəyişikliklərə "HƏ" deməklə, iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirmiş oldular. Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçmişdi. Onlar 33 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentariləri idilər. Ümumilikdə, referendumun gedişini 53 min yerli və xarici müşahidəçi izləmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən referendumu yüksək qiymətləndirdi. Azərbaycanı gözügötürməyən, ölkəmizin yeni inkişaf strategiyasına qısqanclıqla yanaşan bəzi xarici qüvvələr də oldu. Onlar referendumdan öncə də, bu gün də özlərinin aqressiv və qərəzli mövqelələrində dayanmaqda israrlıdırlar. Çünki "işlədikləri əl" onlardan, məhz bunu tələb edir. Konkret olaraq, ABŞ-da yerləşən "Freedom House" təşkilatı heç bir real araşdırma, müşahidə aparmadan, yerli radikal və ermənipərəst qüvvələrin göndərdikləri "donos"lara əsaslanaraq, Azərbaycan haqqında qeyri-konstruktiv, məntiqsiz hesabatla çıxış etdi. Eyni zamanda, Kris Smit də mübtəda-xəbərin yerini dsəyişməklə "Freedom House"nin hesabatını şəxsi düşüncəsi kimi növbəti dəfə ictimaiyyətə sırımağa çalışdı. Bu haqda daha sonra, ancaq ilk olaraq referendumu izləyən yüzlərlə xarici müşahidəçinin, eyni zamanda, aparıcı beynəlxalq təşkilatların mövqeyinə diqqət edək.
Avropa Şurası Parlament Assambleyasının müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri Aleksandr Nikoloskinin sözlərinə görə, Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum milli qanunvericiliyə uyğun təşkil edilib və legitimdir: "Səsvermə prosesi şəffaf olub və sakit keçib. Biz Azərbaycan xalqını referendumun sakit keçirilməsi ilə təbrik etmək istəyirik".
Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri Mario Enrike: "Bizim müşahidə etdiyimiz bütün seçki məntəqələrində prosedurlar beynəlxalq standartlara cavab verirdi. Səsvermə prosesi beynəlxalq tələblərə uyğun olaraq sərbəst, açıq və şəffaf keçirilib. Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət Müşahidə Qrupunun 4 nəfərlik heyətinin rəhbəri, Finlandiyadan olan Paulina Haijanen: "Konstitusiyaya dəyişikliklərinin məzmunu və legitimliyini araşdırdıq. Bu, suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur. Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir". Bu siyahını kifayət qədər artırmaq olar.
"Freedom House" yazır: "... referendum günü prosedurlara etiraz edənlərin saxlanılması...". İfadəyə fikir verin, guya referendum günü kimlərsə hansısa qanunsuzluğa etiraz edib və buna görə də saxlanılıblar. Sizlər deyin, belə bir hal baş veribmi? Lap tutaq ki, qəzetlər, internet-media bunu yazmır. Bəs sosial şəbəkələrdə bütün günü ağızlarına, ağıllarına gələni yazanlar bu haqda bircə fakt yazmayıblar? Siz bu hesabatları hazırlayarkən, heç olmasa, Azərbaycan mətbuatını izləsəydiniz, yaxşı olmazdımı? Əslində olardı, amma sizlərə sərf etməzdi. Hər halda, ayrılan pulları da bu yolla silmək lazımdır, ya yox!?
Samir