TEZİS ƏSASINDA
"Referendumun nəticələrini tanıyırıq"
Məlum olduğu kimi, ölkəmizdə konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçirilən referendum - ümumxalq səsverməsi uğurla baş tutdu. Bunu yalnız prosesi izləyən yerli və xarici müşahidəçilər deyil, nüfuzlu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirib. Ölkəmizə dost münasibəti bəsləyən bir sıra dövlət rəhbərləri, hökumət qurumları bununla bağlı təbrik məktubları göndərir, ölkəmizin demokratik dəyərlərə doğru daha bir addım atmasını alqışladıqlarını vurğulayırlar.
Mark Toner: "Ölkə daxilində dialoqun təşkili və siyasi şəffaflığa yardım etməyə sadiqik"
Belə bir məqamda, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin saytında da Azərbaycanda baş tutmuş referendumla bağlı qeyd edilən bəyanat maraq doğurur. Departamentin rəsmisi Mark Toner sözügedən bəyanatda qeyd edib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və demokratiyanın möhkəmləndirilməsi məsələsində Azərbaycanla işin davam etdirilməsinə sadiqdir: "Biz əvvəlki kimi, azərbaycanlılara daha güclü demokratiya qurmağa, ölkə daxilində dialoqun təşkili və siyasi şəffaflığa yardım etməyə sadiqik".
Amerikanın siyasi qurum təmsilçisi, onu da qeyd edib ki, Azərbaycanda keçirilən referendum təhükəsizlik sahəsində və hər hansı insident olmadan keçdi. O cümlədən, ABŞ diqqətini demokratik proseslərin yaxşılaşdırılması üçün Azərbaycan xalqı və hökuməti ilə işləməyə cəmləyib.
Radikallara qurşaqaltı zərbə təsiri
Beləliklə, Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəklədiyi referendumun nəticələrinin tanınması və prosesin demokratik şəraitdə keçməsi faktorunun ABŞ-ın aparıcı siyasi dairəsi tərəfindən tanınması hələ də onlardan pənah uman dağıdıcı müxalifət düşərgəsinin rüsvay olmasını sübuta yetirdi. Daha dəqiq desək, radikallara qurşaqaltı zərbə təsiri verən bu bəyanatdan sonra onların gülünc vəziyyətlərini təsəvvürə gətirmək belə çətin olur. Çünki referenduma qədər bəzi Qərb ölkələrinin səfirliklərində ayaq döyəcləyən radikal müxalifət "liderləri", xüsusilə, AXCP-"Milli Şura" cütlüyünün rəhbərləri Ə.Kərimli və C.Həsənli, həmçinin, Müsavat partiyasının başqanı A.Hacılı əsas ümidlərini ABŞ səfirliyinə dikmişdilər. Düzdür, bu səfirlikdən də onlara müəyyən təlimatlar, göstərişlər verilmişdi, hətta anti-referendum xarakterli mitinqlərin, etiraz aksiyalarının keçirilməsi üçün maliyyənin ayrılması xəbərləri də informasiyalar sırasındaydı.
Əli Kərimlinin nəzarətində olan media qurumlarında bu bəyanat barədə bir cümlə də olsun qeyd olunmayıb...
Hazırkı məqamda bəlli bəyanatın verilməsi daha bir sübutu ortaya qoyur. Çünki Qərbin nüfuzlu seçki müşahidə missiyaları, ATƏT və AŞPA kimi qurumların seçki monitorinq qrupları, xarici parlament deputatlarının, beynəlxalq QHT-lərin referendumun keçirilməsi və yekunu ilə bağlı verdikləri yüksək rəyləri, əlbəttə ki, qərəz mövqeyində olan digər siyasi dairələri düşünməyə vadar edib. Bu baxımdan, ABŞ-ın Dövlət Departamenti də real, doğru və qərəzdən kənar davranaraq, bu prosesi düzgün qiymətləndirib, eləcə də Azərbaycanla dialoqun qurulmasında maraqlı olduğunu bəyan edib. Nəticədə dağıdıcı müxalifət düşərgəsi ciddi şəkildə pəjmürdə olub. Hətta ABŞ Dövlət Departamentinin zaman-zaman Azərbaycan hakimiyyəti əleyhinə səsləndirdiyi bəyanatları Ə.Kərimlinin nəzarətində olan media qurumlarında dərhal, gecikmədən dərc olunduğu halda, bu bəyanat barədə bir cümlə də olsun qeyd olunmayıb. Sual yaranır: ABŞ Dövlət Departamentinin dövlətimiz, ölkəmiz əleyhinə verdiyi bəyanatlar veriləndən dərhal sonra təcili surətdə Kərimlinin media qurumunda dərc olunduğu halda, nəyə görə mövcud bəyanat işıq üzü görməyib? Məsələ bəllidir, bu cür bəyanatlar dağıdıcı müxalifət "liderləri"nə sərf etmir. Üstəlik, onların ümidləri də puç olur!
Beləliklə, bütün bunlar bir daha sübut edir ki, ədalət və haqlı mövqe daim qələbə qazanır. Bu dəfə də belə oldu - Azərbaycan dövləti və xalqı öz mövqeyini ədalətli qərarı ilə - referendumla isbatladı və bu isbatı dəyişdirə biləcək heç bir qüvvə əks-mövqe sərgiləmək gücündə deyil. Fakt ortadadır!
Rövşən NURƏDDİNOĞLU