Arzu Nağıyev: "Bununla da Yerevan rüsvay oldu"
Müsaibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, Ermənistanın keçirdiyi qondarma paradda Rusiya istehsalı olan "İsgəndər" raketlərinin və digər silahların sərgisi nümayiş olundu. İddia olunur ki, bu silahlar, əsasən, Türkiyə vasitəsi ilə NATO-ya yönəlib. İddialar nə dərəcədə əsaslı ola bilər ?
- Burada əsas məqsəd Rusiyanın Ermənistanla müttəfiq olmasının nümayiş etdirilməsi və guya Ermənistan ordusunun güclü olduğunun nümayişi idi. Məlumdur ki, həmin şoudan dərhal sonra silahlar Rusiyanın Ermənistanda dislokasiya olunan Erebuni hava limanı yaxınlığındakı 102 saylı bazasına qaytarıldı. Sarkisyanın canfəşanlığının səbəbi Rusiya kimi havadarı hesabına özünün hakimiyyət müddətinin uzadılmasına çalışmaqdır. Son zamanlar Ermənistanda keçirilən kütləvi etiraz aksiyaları, siyasi elitada, hakimiyyətdə edilən dəyişikliklər və siyasi şoular da buna xidmət edir.
- Sizcə, Ermənistanın "İsgəndər" raketlərinə sahib olması regionda hansısa siyasi maraqların həyata keçirməsinə imkan verə bilərmi?
- Bir daha qeyd etmək istəyirəm ki, bu silahların nümayişi hələ onun Ermənistana məxsus olması demək deyil. Təbii ki, Rusiya tərəfindən Ermənistana belə silahların satılmaslı və ya bağışlanması istər Azərbaycan, istərsə də digər regional dövlətlər tərəfindən heç də müsbət qarşılanmır, hətta deyərdim ki, Rusiyaya artıq azalmaqda olan inamı bir az da azaldır. Lakin Azərbaycan da bu silahlara qarşı istifadə ediləcək hər bir hazıqlığa malikdir və düşünmürəm ki, Ermənistan öz məkrli niyyətini həyata keçirə bilər. Bunun hamısı danışıqları pozmağa və Sarkisyan hakimiyyətinin ömürünün uzadılmasına xidmət edir. Azərbaycan regionda baş verə biləcək hər hansı dəyişikliklər prosesinə cavab verməyə hazırdır.
- Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirdi və digər müasir silahlar nümayiş olundu. Çox maraqlıdır ki, Ermənistan bununla bağlı həyəcan təbili çalıb, dünyaya hay-küy xarakterli bəyanat ünvanladı. Bu təəccüb məqam deyilmi?
- Ermənistanın belə bəyanatlar səsləndirməsi birinci dəfə deyil. Burada əsas məsələ işğal olunmuş ərazilərin azad olunması və işğalçıların həmin ərazilərdən çıxarılmasıdır. Bu işdə diqtə edən tərəf biz olduğumuz halda Ermənistan özünü göstərməyə çalışır. Bu kontekstdə Bişkekdə Sarkisyanın yanlış mövqeyinin qarşısını, məhz Azərbaycan Prezidenti İlham Əliyev aldı. Bununla da Yerevan rüsvay oldu. Bütün MDB başçıları bir daha Ermənistanın iç üzünü gördülər. Məhz buna görə Prezidentin, istər Madrid prinsipləri, istər Kazan və Sankt-Peterburq görüşlərini ümumiləşdirərək, belə bir çıxışı, həm də, bütövlükdə Azərbaycanın münaqişədə tutduğu obyektiv mövqeyin ən kəskin formada əksi idi. Yəni ölkə başçısının mövqeyi ondan ibarət idi ki, Dağlıq Qarabağ məsələsi yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll ediləcək. Təəssüf ki,supergüclər Azərbaycanda baş verənləri görməməyə çalışırlar. Bütün dünya bilir ki, biz istəsək, hərbi yolla münaqişənin həllinə nail ola bilərik. Lakin sülh bütün müharibələrdən yaxşıdır. Ermənistan isə bunu başa düşə bilmir. Yerevanda keçirilən parad və və orada hansısa silahların nümayişi - bunlar hamısı boş şeydir, çünki Azərbaycan da və onun ordusu da çox güclüdür.
GÜLYANƏ