Kamal Abdullayev: "Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır"
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev ABŞ-ın Yuta ştatının senatoru, Ştat Senatında azlıq fraksiyasının sədri Cin Deyvis, Vaşinqton ştatının senatoru, Ştat Senatının sədr müavini Pamela Rouç, Alyaska ştatı nümayəndələr palatasının üzvü, palata təhsil komitəsinin sədri Ves Keller, Havay ştatının senatoru, Senatın çoxluq fraksiyasının sədri Kalanin İnqliş, Arizona senatorları Don Şuter və Karlayi Biqeyin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələrindən söz açıb: "Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda və sənədlərdə yaşayır".
Dövlət müşaviri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. K.Abdullayev Prezident İlham Əliyevin müvafiq fərmanları ilə yaradılan Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb: "Dövlət müşaviri xidməti ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərməklə məşğuldur".
Don Şuter çıxışında İpək Yolunun üzərində yerləşən Azərbaycanda tarixən müxtəlif xalqların qaynayıb-qarışıb dostluq şəraitində yaşadığını təqdirəlayiq fakt kimi qeyd edib. Azərbaycana üçüncü gəlişinin olduğunu deyən Don Şuter hər səfərində ölkədə yeni inkişaf meyillərini müşahidə etdiyini diqqətə çatdırıb.Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edən senator bu istiqamətdə gələcək əməkdaşlıqların mümkünlüyünü də bildirib.
Pamela Rouç multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycanda yaşayan bütün xalqların bərabər hüquqlara malik olmalarını diqqətəlayiq fakt kimi dəyərləndirib.
Ves Keller Azərbaycanın tarixi, multikultural ənənələri və inkişaf mərhələləri ilə bağlı geniş məlumat verdiyinə görə Dövlət müşavirinə dərin minnətdarlığını ifadə edib. Senator bildirib ki, dünya ölkələri mənasız rəqabət aparmaqdansa, bir-birilərini dəstəkləsələr, bir-birilərinin dəyər anlayışlarına qarşılıqlı sayğıyla yanaşsalar sülhün və əmin-amanlığın qorunmasına böyük töhfələr verə bilərlər.
Səmimi şəraitdə davam edən görüşdə hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə edilib. Qonaqlara BBMM-in nəşrləri hədiyyə olunub.
NƏZAKƏT