İstanbulda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının (Avrasiya Federasiyası) III Konqresi başa çatıb. Konqresin qəbul etdiyi Bəyannamədə ayrı-ayrı ölkələrdə davam edən münaqişələrin və terror aktlarının dayandırılması, o cümlədən Azərbaycan da daxil olmaqla bütün dünyada qaçqın və məcburi köçkünlərin öz yurd –yuvalarına qayıtmalarının vacibliyi qeyd olunur.On beş ölkədən 23 üzv təşkilatın nümayəndəsinin qatıldığı konqresdə Azərbaycanı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri, Avrasiya Federasiyasının vitse-prezidenti Tofiq Quliyev və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev təmsil ediblər.Avrasiya Federasiyasının ötən dövrdəki fəaliyyətinin nəticələrini müzakirə edən konqres təşkilatın nizamnaməsinə əlavə və dəyişikliklər edib, təşkilati məsələlərə baxıb.Cemail Bakındı yenidən Avrasiya Federasiyasının prezidenti, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev və Karadağ Turizm və İaşə İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Cede Milinic Federasiyanın vitse-prezidentləri seçiliblər.
AZƏRTAC