Tahir Mirkişili: "Radikal müxalifətdəkilər reallıqdan tam uzaq insanlardılar"
Dağıdıcı müxalifətin nəzarətində olan mətbu orqanlar uğurla başa çatan referendumdan sonra müxtəlif bəhanələrlə insanları çaş-baş salmağa, ictimaiyyətin diqqətini özlərinə cəlb etməyə çalışırlar. Təbii ki, 23 il ərzində xalqdan cüzi qədər dəstək ala bilməyən, vaxtilə torpaqlarımızın işğalına səbəbkar olan və bu gün də milli dövlətçilik maraqlarımızı baltalamağa çalışan dağıdıcı qüvvələrin niyyəti reallığa çevrilməyəck. Lakin ortada acı bir reallıq var- radikallar Azərbaycan dövlətinin əleyhinə apardığı qərəzli təbliğat işlərində ermənilərlə də işbirliyinə getməyə hazırdılar: təki niyyətlərini, arzularını Azərbaycanda gerçəkləşdirə bilsinlər. "Azadlıq" qəzeti yazır ki, referendumdan sonra Azərbaycanda ərzağın qiyməti süni şəkildə qaldırılacaq və ölkədə xaos baş verəcək. Dağıdıcı müxalifət və onların başında duran AXCP sədri Ə.Kərimli bu sözləri 23 ildir deyir. Cəmiyyət bu tip siyasi korların sözlərini dediklərini ciddiyə almır. Daha çox xalqdan deyil, xarici dairələrin dəstəyindən yararlanmağa çalışan Ə.Kərimlinin yalan ruporu- "Azadlığ"ın maliyyə mənbələri ilə bağlı zaman-zaman mətbuata sızan məlumatlardan xəbərsiz deyilsiniz. "Azadlıq radiosu" vasitəsilə çirkli pullardan bəhrələnən "Azadlıq" qəzetinin bu gün "pulumuz yoxdur" deyə hay-həşir salması başadüşüləndir.
"Azadlıq" qəzetinin dünənki nömrəsində Ə.Kərimli iddia edir ki, guya ABŞ Konqresi Azərbaycan iqtidarına sanksiya tətbiq edəcək. Nəzərə almır ki, arxalandıqları ermənipərəst konqresmen Kris Smitin şəxsi maraqları ABŞ dövlətinin maraqlarından üstün tutula bilməz. Heç şübhəsiz ki, ABŞ dövləti öz içərimizdəki daxili düşmənlərin mərkli niyyətindən meydana gəlmiş bu layihəyə yox deyəcək. Bundan başqa Azərbaycanla heç bir dövlətin diktat dildə danışmağa nə səlahiyyəti, nə haqqı, nə də imkanı var. Odur ki, gərək Ə.Kərimlinin könlü "rahat" olsun. O ki qaldı referendumdan sonra Ə.Kərimlinin verdiyi yersiz proqnozlara, bütün bunlar özlərinə "ümid" yaratmaqdan, insanları çaş-baş salmaq istəyindən başqa bir şey deyildir. Xalq 26 sentyabrda konstutisiyaya təklif olunan əlavə və dəyişikliklərə, birmənalı şəkildə "HƏ" deməklə növbəti dəfə xalq-iqtidar birliyini nümayiş etdirmiş oldu. Xalq-iqtidar vəhdəti olan dövlətdə isə, heç vaxt xaos ola bilməz.
Dağıdıcı müxalifətin nəzarətində olan mətbuq orqanlarda səslənən fikirlərin tamamilə absurd fikirlər olduğunu qeyd edən millət vəkili Tahir Mirkişili "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bu insanlar reallıqdan xəbəri olmayanlardır: "Referendumda seçicilərin yüksək aktivliyi və dəyişikliklərin lehinə yüksək səs verilməsi bir daha xalqın ölkə Prezidentinə yüksək etimadını hər kəsə nümayiş etdirdi. Bu dəyişikliklər ölkədə daha dərin və sürətli islahat keçirilməsinə şərait yaradacaq. Bütün bu islahatların isə əsas məqsədi əhalinin həyat şəraitinin daha da yaşxılaşdırılması, dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. Buna bütün sağlam düşüncə sahibləri inanır və bu siyasəti dəstəkləyirlər".
Samir