PDF Oxu

Siyasət

  • 129

3 oktyabr - müstəqil Azərbaycanın xilası günüdür

3 oktyabr - müstəqil Azərbaycanın xilası günüdür

"Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin xalqın və dövlətinin müstəqilliyi, inkişafı naminə gördüyü işlər, tarixi proseslərə təsiri Onu xalqın qəlbində əbədi olaraq yaşadır. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərək, xalqdan dəstək alaraq, müasir Azərbaycan dövlətinin Qurucusu və Memarı oldu.

Azərbaycan tarixinin 30 ildən artıq bir zamanı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu illərdə xalqımızı çətin sınaqlardan çıxararaq, müasir Azərbaycan dövlətini qurmuş və inkişaf etdirərək dünyada tanıtmışdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos və anarxiya hökm sürürdü. Azərbaycanda yaranmış dözülməz şərait, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doymuş xalq ölkənin xilasını yalnız Ümummilli Lider Heydər Əliyevdə görür, ümidlərini Ona bağlayırdı. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmişdir. Xalqın çağırışı ilə Ümummilli Lider 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya getmişdir. Bu qayıdış Vətənin xilası, xalqın qurtuluşu idi. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü ilin 15 iyununda Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratiya yolunda inamla irəliləyən Azərbaycan dövləti haqqında danışa bilməzdik.

Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan Dahi Şəxsiyyət Heydər Əliyev bacarıqlı dövlət xadimi kimi ölkəmizi düşdüyü çətin vəziyyətdən, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri, sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Dahi Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, Onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi Liderə ehtiyacı var.

Bu tarix həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü ilin 10 okyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Xalqımızın çox ağır günlərində hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qanunsuz silahlı dəstələr ləğv edildi, ölkədə sabitlik yaradıldı. Bu sabitlik müstəqil Azərbaycanın tarixində inkişaf və tərəqqiyə gedən yolun başlanğıcı oldu. Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alındı, inflyasiyanın səviyyəsi minimal həddə endirildi. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, "Əsrin müqaviləsi"nin imzalanması, böyük investisiya qoyuluşlarının reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, Ulu Öndərin 1969-cu ildən başladığı quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən və regionda liderə çevrilən müstəqil Azərbaycan Respublikasının yaradılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, silahlı qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik-hüquqi və dünyəvi dövlət quruldu.

1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsi bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görünür. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Ölkəmizin artan nüfuzunun göstəricisidir ki, regionda həyata keçirilən mühüm layihələr Azərbaycanın icazəsi olmadan reallaşmır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətini günbəgün artırmaqdadır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Bu gün müasir Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, vətəndaşlarının hüquq və azadlıqlarının tam təmin olunduğu bir ölkədir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər