PDF Oxu

Siyasət

  • 51

Bakı siyasi proseslərin müzakirə platformasına çevrilən məkandır

Bakı siyasi proseslərin müzakirə platformasına çevrilən məkandır

Paytaxt Bakı sayca beşinci olan Bakı Beynəlxalq Humanitar Forumu uğurla yekunlaşdırdı. 2 ildən bir Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən forum beynəlxalq aləmdə maraq doğuran qlobal xarakterli məsələlərə daha geniş yer ayırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən və mühüm platformaya çevrilən Bakı Beynəlxalq Humanitar Forum geniş spektrli dialoqlar, fikir mübadilələr aparan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qalibləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri bir araya gətirdi və müasir dövr üçün önəmli məsələlər müzakirə olundu. Dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndənin iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forum beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfələr bəxş etdi. "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru", "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi", "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər", "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" Forumun gündəliyinin aktual məsələlərdən ibarət idi.

Dünyaya bir mesaj edən forum beynəlxalq hüquqa əsaslanan yeni dünya nizamının qurulması üçün düzgün yanaşmanı, mədəniyyətlərin prinsiplərini və sivilizasiyaların, dinlərin universal dəyərlərini dinindən və irqindən asılı olmayaraq insanlara çatdırdı. Bütün səyləri birləşdirməyin vacibliyi önə çəkildi.

Yüzlərlə insanın bir araya gələrək siyasət, elm və iqtisadiyyatın müxtəlif problemlərinin müzakirəsi və bu məsələlərin həllinə kömək etmək məqsədi daşıyan Forum insanların siyasi, elmi, iqtisadi problemlər səbəbindən bir-birindən uzaqlaşması kimi məsələlərə də xüsusi diqqət ayırdı. Dünyada insanların hələ də elektrik enerjisindən, təhsildən təcrid vəziyyətdə, qida yoxsulluğu şəraitində yaşadığı diqqətə çəkildi. Bu və ya digər problemlərin həlli istiqamətində görüləcək işlərin müzakirəsi yaxın gələcək üçün geniş imkanların açılacağına ümüd doğurdu.

V Bakı Beynəlxalq Humanitar Forumunun yekun Bəyannaməsi, xususilə yaddaqalan və əhəmiyyətli oldu. Bəyannamədə çox sayda humanitar problemlərin, xüsusilə, təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya-kommunikasiya texnologiyalarının yayılması, "rəqəmsal fərqlər"in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılmış əhəmiyyətli nailiyyətlər yüksək qiymətləndirilib. Bəyannamə sülh olmadan, davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin ədalətli həllinə çağırır. Kəskinləşən münaqişələr, zorakı ekstremizm, terrorçuluq və bunlarla əlaqədar humanitar böhranlar və insanların məcburi yerdəyişmələri qətiyyətlə pislənilir. Gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqlik bəyan edilir. Bütün bu və digər məsələlərin həlli üçün çağırışlar edilib. Sərhədləri dəf edərək, yeni yolların müəyyən edilməsində hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlığın vacibliyi diqqətə çəkilib.

Forumda dünyadakı sabitliyin təmin olunması, qlobal etimad mühitinin formalaşdırılması üçün zəngin bilik və təcrübələrə əsaslanan açıq müzakirələr aparıldı. V Bakı Beynəlxalq Humanitar Forum münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm və inteqrasiya, davamlı inkişaf və ekoloji sivilizasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər