Oktyabrın 3-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.
Sessiyada BMT-nin baş katibi Pan Gi Mun, qurumun qaçqınlar üzrə ali komissarı Filippo Qrandi açılış nitqi ilə çıxış ediblər.
BMT-nin baş katibi olduğu on il ərzində dünyada qaçqınların sayının iki dəfə çoxalaraq 65 milyona çatdığını bildirən Pan Gi Mun bu böhranın statistik rəqəmlər böhranı deyil, insan həyatını təhlükəyə atan humanitar böhran olduğunu diqqətə çatdırıb.
Natiqlər dünya ölkələrini milli maraqları kənara qoyaraq, getdikcə dərinləşən qaçqın böhranına qarşı qətiyyətli və qlobal tədbirlər görməyə çağırıblar. Sonra yüksək seqmentin iclası başlayıb.
Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edib.
Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində qəbul olunan "Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi"ni xatırladan F.Nəbiyev qeyd edib ki, Azərbaycan bu bəyannaməni beynəlxalq əməkdaşlıq istiqamətində fundamental addım kimi alqışlayır və zorla didərgin salınma probleminə qarşı qlobal və səmərəli cavab reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində BMT QAK-a ayrılan rolu, eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) həmin tədbir çərçivəsində BMT ailəsinə rəsmən qoşulmasını təqdir edir.
Xidmət rəisi bildirib ki, Azərbaycan hökuməti ilə BMT QAK arasında əməkdaşlıq möhkəm, məhsuldar olaraq qalır və ölkəmiz BMT QAK-ın mandatını və fəaliyyətini ciddi surətdə dəstəkləyir. Sığınacaq və miqrasiya problemləri yalnız beynəlxalq əməkdaşlıq yolu ilə səmərəli şəkildə həll oluna bilər ki, son dövrlərdə bunu əyani şəkildə görmək mümkündür.
sia.az