Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasını dəstəkləməyə hazırdır. SİA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı yeni səfiri Mixael Kindsqrab jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Almaniyanın kiçik və orta biznes müəssisələri dünyada məşhurdur: "Onlar üçün ticarət palatasının olması çox vacibdir. Bununla da işgüzar dairələr arasında əlaqələr güclənir. Beləliklə biz dayanıqlı və uzun sürən münasibətləri inkişaf etdirə bilərik. Həmçinin bu, ticarət əlaqələrinin və ticarətin həcminin inkişafına gətirib çıxaracaq. Digər tərəfdən, iqtisadiyyatın şaxələndirilməsinə öz töhfəsini verəcək". Diplomat əlavə edib ki, Azərbaycanla 25 ildir sürən ciddi və möhkəm tərəfdaşlıq nəticəsində hökumətlər və xalqlar arasında çox gözəl münasibətlər var. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan ən böyük ticarət tərəfdaşımızdır. Rusiyadan başqa MDB ölkələri içərisində Ticarət Palatasının olduğu yeganə ölkədir. Diplomat deyib ki, ölkələr arasında münasibətlər mədəniyyət və təhsil sahələrində də davam edir. Bu münasibətlər gələcəkdə daha da möhkəmlənərək əlaqələrimizin bünövrəsinə xidmət edəcək.
sia.az