Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır. SİA-nın məlumatına görə, oktyabrın 14-dək davam edəcək sessiyanın ilk günü AŞPA prezidenti açılış nitqi ilə çıxış edəcək, Büro və Daimi Komitənin tərəqqi hesabatları təqdim ediləcək. Oktyabrın 11-də isə Avropa İnsan Hüquqları Məhkəməsində bir sıra ölkələri, o cümlədən Azərbaycanı təmsil edəcək hakimlərlə bağlı səsvermə keçiriləcək.
Sessiya çərçivəsində bu ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonrakı vəziyyətlə bağlı debat olacaq. AŞPA-nın son 6 aydakı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə 2015-2016-cı illərdəki fəaliyyətinə dair məruzələr dinləniləcək. Belarusda və İordaniyada keçirilmiş son parlament seçkiləri müzakirə olunacaq.
İclaslarda Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Fransa prezidenti Fransua Olland, Almaniya, Estoniya, Türkiyənin XİN başçıları Frank-Valter Ştaynmayer, Jürgen Ligi, Mövlud Çavuşoğıu çıxış edəcək, deputatların suallarını cavablandıracaqlar.
Müzakirələrdə sosial ədalətin təmin edilməsi, hər kəs üçün idman, qadınların problemləri, uşaq hüquqları, Ukraynadakı böhranın siyasi nəticələri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq, Avropa əhalisinin dinamikasının miqrasiya siyasətinə təsirləri və digər aktual məsələlərmüzakirə olunacaq.
sia.az